Saxarada "istilik partlayışı" səbəbindən Avropada havanın hərarəti 50 dərəcəyə çata bilər

Saxarada
"Sardiniya adasında, Afinada, Madriddə və Andorrada güclü istilər davam edir, La-Palma adasının sakinləri təcili təxliyyə edilib..."
 
"2022-ci ilin yayında Avropada 60 min insan güclü istilərdən həyatını itirib..."
 
Avropanın bəzi şəhərlərində havanın hərarəti Selsi şkalası üzrə rekord 50 dərəcəyə çata bilər. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
 
Sinoptiklər belə proqnozu onunla izah edir ki, "Serber" antisiklonun əvəzinə Avropaya Saxaradan yeni güclü "Xaron" antisiklonu hərəkət edir.
 
Bu antisiklon ruhları yeraltı dünyaya daşıyan mifoloji bərəçinin şərəfinə belə adlandırılıb. 
 
Bundan başqa, güclü küləklərin törətdiyi yanğınlar səbəbindən vəziyyət daha da pisləşə bilər, nəşr yazıb.
 
Selsi şkalası üzrə hazırki 48, 8 dərəcə rekordu 2021-ci ildə Siciliya adasında qeydə alınıb. "Il Meteo" sinoptiklərinin məlumatına görə yaxın günlərdə bu rekord təzələnə bilər.
 
Bu gün Sardiniya adasında istinin artıq 50 dərəcəyədək güclənəcəyi proqnozlaşdırılır. Bununla əlaqədar olaraq İtaliyanın ən iri şəhərlərində Səhiyyə Nazirliyinin təcili xəbərdarlığı qüvvədə olacaq.
 
Bu yay bütün dünyada rekord yüksək hərarət qeydə alınır. Təkcə 2023-cü ilin iyul ayında planetdə tarixi maksimumlar artıq üç dəfə təzələnib.
 
Bu günə olan məlumata görə, Afinada, Madriddə və Andorrada güclü istilər davam etməkdədir. Yunanıstan paytaxtının ətraf rayonlarında yanğınlar tüğyan edir.
 
Artıq bir neçə yaşayış evi və avtomobillər məhv edilib, La-Palma adasının (Kanar adaları) bəzi rayonlarının sakinləri isə təcili təxliyyə edilib. 
 
Meteoroloji İdarənin məlumatına görə, iyulun 16-da Çində müşahidələrin bütün tarixi boyunca ən yüksək hərarət qeydə alınıb.
 
Anomal istilər iqtisadiyyata, ekoloji sistemlərə və insanların sağlamlığına ziyan vurur. Bu yaxınlarda aparılmış tədqiqatın nəticələrinə görə, 2022-ci ilin yayında Avropada 60 min adam istilərdən dünyasını dəyişib.
 
İtaliya Səhiyyə Nazirliyi yerli hakimiyyət orqanlarına istiliklə bağlı xəstəliklərin müalicəsi və əhalinin həssas təbəqəsinə evlərdə təcili yardım göstərmək üçün klinikaların qapısını həfənin yeddi gününü açıq saxlamağı tövsiyyə edib. 
 
Ümumdünya Meteoroloji Təşkilat bəyan edib ki, ekstremal hava şəraiti, ehtimal ki, "yeni norma"ya çevriləcək, bu da istixana qazları tullantılarının azaldılmasının zəruriliyi göstərir.

Tarix: 21-07-2023, 09:24
Xəbəri paylaş





Xəbər lenti