"Putindən Şoyqunun istefası və tam səfərbərlik tələb edilib" - "Bloomberg"


 
"Quzğunlar" Ukraynaya qarşı daha aqressiv müharibənin aparılması, tammiqyaslı səfərbərlik və ölkədə hərbi vəziyyətin elan edilməsində təkid edir..."
 
"Putin qarşıdakı seçkilər ərəfəsində rublun məzənnədən düşməsi və inflyasiyanın artacağından narahatdır..."
 
Rusiyanın güc strukturlarının rəhbərliyində "sərt xəttin" bir sıra tərəfdarları Rusiya prezidentindən müdafiə naziri Sergey Şoyqunun istefasına nail olmaq istəyir.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "Bloomberg" agentliyi məlumat yayıb.
 
Şoyqunun istefasından başqa, "quzğunlar" Ukraynaya qarşı daha aqressiv müharibənin aparılması, o cümlədən tammiqyaslı səfərbərlik və Rusiyada hərbi vəziyyətin elan edilməsində təkid edir.
 
"Bloomberg" xatırladır ki, oxşar tələblərlə "Vaqner qrupu" özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin də çıxış edib. O, iyunun sonunda Moskvaya silahlı yürüş təşkil edib və Putin bunu qiyam adlandırıb. 
 
Sonradan Rusiya elitasının bir çox nümayəndələri Putinim "vaqnerçilərin" üsyanına zəif reaksiyasından və sonradan Priqojini cəzalandırmaqdan imtina etdiyindən heyrətə gəlib.
 
Onun başlıca hücum obyektləri olan müdafiə naziri Şoyqu və Qərargah rəisi Gerasimov indiyədək öz postlarındadır, lakin Priqojinin onların vəzifədən kənarlaşdırması cəhdi əsas güc strukturlarında müəyyən dəstək alıb, məlumatda deyilir.
 
Yuxarıda deyilənlər səbəbindən Putinin "sabitliyin qarantı" kimi nüfuzuna xələl gələ bilər. Lakin "Bloomberg" qeyd edir ki, ümumilikdə Rusiyanın elitası Putinə alternativ görmür və status-kvonu dəstəkləyir.
 
Bu material Kremlin 2024-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlığına həsr edilib. Bir çox şərhçilər hesab edir ki, Putin yenidən növbəti altı ilə öz namizədliyini irəli sürəcək.
 
Nəşrin mənbələrinin məlumatına görə, son zamanlar müharibədən başqa, Rusiya prezidentini rublun məzənnəsi və iqtisadi sabitlik məsələləri narahat edir.
 
Onlar fikrincə, Putin seçkilərdən öncə inflyasiyanın artmasına yol vermək istəmir, bu da rublun çöküşünün qarşısının alınması üçün tədbirlər görülməsini tələb edir.
 
Agentlik qeyd edir ki, Putin beşinci müddətə namizədliyini verəcək və öz seçkiöncəki kampaniyasından hakimiyyətinin müharibə, sanksiyalar və iqtisadi problemlərə rəğmən, əvvəlkitək sabit qaldığını göstərmək üçün istifadə edəcək.

Tarix: 21-08-2023, 23:31
Xəbəri paylaş





Xəbər lenti