"BU, UKRAYNALILARIN VƏ RUSİYALILARIN SOYQIRIMIDIR" - Təslim olan Rusiya pilotu kimliyini açıqladı və müraciət etdi (FOTO)


Məlum olduğu kimi, avqustun 23-də Rusiya ordusuna aid “Mi-8” hərbi helikopterinin pilotu idarə etdiyi texnika ilə birgə Ukrayna tərəfinə keçərək, təslim olub. Ukrayna hərbi kəşfiyyatının bu əməliyyatı nəticəsində helikopter və pilotla birgə xeyli miqdarda dəyərli hərbi avadanlıqlar və məxfi sənədlər ələ keçirilib, həmçinin helikopterin göyərtəsindəki iki Rusiya hərbçisi məhv edilib.
“AzPolitika.info” xəbər verir ki, Ukraynada sözügedən əməliyyatla bağlı sənədli film hazırlanıb. Filmdə Ukrayna tərəfə keçən pilotun kimliyi açıqlanıb və onun müraciəti yer alıb. Məlum olub ki, bu, 28 yaşlı Maksim Kuzminovdur. Belə məlum olur ki, Kuzminovla birgə helikopterdə olan iki Rusiya hərbçisi pilotun harada eniş etdiyini bilməyiblər. Ukraynalılar onları yaxalayanda isə təslim olmaqdan imtina etdikləri üçün məhv ediliblər. Həmin vaxt Kuzminov da yaralanıb. Ancaq onu xilas etmək mümkün olub.
Pilot digər rusiyalı həmkarlarını da eyni addımı atmağa çağırıb. Ailəsilə birgə Ukraynada olduğunu, ona hər cür şərait yaradıldığını, yüksək maddi kompensasiya aldığını və iş yeri ilə təmin olunduğunu bildirən Kuzminov deyib: “Bu müharibə sadəcə, ukraynalıların soyqırımıdır. Həm ukraynalıların, həm də rusiyalıların. Mənim hərəkətimin məqəsədi odur ki, bu cinayətlərə vasitəçilik etməyim. Ukrayna birmənalı olaraq, qalib gələcək. Bu, zaman məsələsidir. Çünki xalqda böyük birlik var”.
Kuzmin deyib ki, digər rusiyalı pilotlar da eyni addımı atsalar, qətiyyən peşman olmayacaqlar: “Siz çox şeyi bilmirsiniz və görməmisiniz ki, başqa insanlar necə yaşayır. Sizin üçün bunlar açılanda, hər şeyə münasibətiniz kökündən dəyişəcək”.
Filmin sonunda qeyd olunur ki, Ukrayna tərəfi təslim olacaq Rusiya pilotlarına hər cür təhlükəsizlik, azadlıq və böyük maddi təzminat təmin edir.
Tarix: 4-09-2023, 15:07
Xəbəri paylaş





Xəbər lenti