Haitidə kütləvi etirazlar –10 nəfər həlak oldu


Haitidə Baş nazir Ariel Anrinin istefası tələbi ilə kütləvi aksiyalar keçirilir.
Yeniavaz.com 
yerli “HaitiLibre” xəbər portalına istinadla xəbər verir ki, polis iğtişaşları dağıtmaq üçün gözyaşardıcı qaz qumbaralarından və rezin güllələrdən istifadə edir.
Haiti Milli Polis qüvvələri və silahlı müxalifət tərəfdarları arasında baş verən toqquşmalarda ümumilikdə 10-a qədər adam həlak olub.
Yerli “Gazette Haiti” xəbər portalı isə çərşənbə günü bildirib ki, toqquşmalarda müxalifət lideri Qi Filipin ən azı beş tərəfdarı öldürülüb və onun həyatına uğursuz sui-qəsd edilib. Daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həmçinin, EFE agentliyinin məlumatına görə, etirazçıların polis bölməsinə hücumu nəticəsində bir nəfər ölüb. Ölkənin paytaxtı Port-o-Prinsdə hökumət binalarına hücumlar qeydə alınıb. Ölkənin digər böyük şəhərlərində də etirazçılar arasında itkilərin olduğu bildirilib.
Şəhər rəhbərliyi küçələrə silahla çıxan vətəndaşları məsuliyyətə cəlb edəcəklərini açıqlayıb.
Qeyd edək ki, yanvarın sonunda Haiti Parlamenti Senatının keçmiş üzvü və 2021-ci ilin iyulunda öldürülən Prezident Jovenel Moizin müttəfiqi Jan-Şarl Moiz ölkə vətəndaşlarını fevralın əvvəlində Anri hökumətini devirmək üçün kütləvi etiraz aksiyalarına çıxmağa çağırıb. Jan-Şarl Moiz əhalidən hökumət binalarını bağlamağı, hüquq-mühafizə orqanlarından isə etirazçılara müdaxilə etməməyi xahiş edib. O, bunu keçən həftə Haitinin müxtəlif şəhərlərində bir neçə min insanın Anrinin siyasətinə etirazından sonra edib. Daha sonra 2004-cü ildə Prezident Jan-Bertran Aristidin devrilməsində iştirak edən keçmiş üsyançı lider Qi Filip də nümayişlərə çağırıb.
Xatırladaq ki, Ariel Anri fevralın 7-də istefa verməli olsa da, istefa verməyib.
Tarix: 8-02-2024, 15:19
Xəbəri paylaş





Xəbər lenti