Ukrayna kəşfiyyatı Putinin Baltikyanı ölkələrə hücum planlarından xəbər tutub – FT



Rusiya prezidenti Vladimir Putin Baltikyanı ölkələrə qarşı müharibəyə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” qəzeti Kiyevin Moskvanın niyyətləri barədə güclü kəşfiyyat məlumatlarına malik olduğunu söyləyən yüksək rütbəli ukraynalı məmura istinadən yazır.

"Putin sadəcə dayana bilmir", - nəşr adı açıqlanmayan məmurdan sitat gətirir.

Estoniyanın xarici kəşfiyyat xidməti bu həftə bildirib ki, Rusiya Baltikyanı ölkələr və Finlandiya ilə sərhədləri boyunca yerləşdirilmiş qoşunlarının sayını iki dəfə artırmaq niyyətindədir ki, bu da növbəti onillikdə NATO ilə potensial hərbi münaqişədən xəbər verə bilər.

Estoniya kəşfiyyatı həmçinin bildirib ki, Rusiya Ukraynaya qarşı müharibədə verdiyi itkiləri kompensasiya etmək üçün kifayət qədər hərbi texnika istehsal etmək, eləcə də kifayət qədər döyüşçüləri səfərbər etmək gücündədir.


"Putin danışdığı hər şeyi edir. Və onu dayandıra biləcək yeganə şey güc siyasətidir... Onun anladığı yeganə şey budur”, – Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Hoysgen bildirib.

Almaniyanın "Bild" nəşri Avropa ölkələrindən birinin kəşfiyyatındakı öz mənbələrinə istinadən yazıb ki, Rusiya 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində ABŞ-ın "lidersiz qalacağı" vaxtda Avropaya hücum etməyə cəhd edə bilər” və yalnız müəyyən gecikmələrdən sonra Avropa dövlətlərinin köməyinə gələ biləcək.

NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer bildirib ki, Qərbdəki mülki əhali Rusiya ilə "total müharibəyə” hazırlaşmalıdır.

Almaniyanın müdafiə naziri Boris Pistorius Avropanın yenidən "30 ildir görünməmiş hərbi təhlükə ilə üz-üzə qaldığını” deyib və 5-8 il ərzində Rusiyanın hücumu ehtimalı barədə xəbərdarlıq edib.

Tarix: 16-02-2024, 20:48
Xəbəri paylaş





Xəbər lenti