RUSİYA ORDUSUNA “23 FEVRAL HƏDİYYƏSİ” – İşğalçı ordu ən nadir və bahalı təyyarəsini necə itirdi? (VİDEO)


Rusiya dünən – 23 fevral “Vətən Müdafiəçiləri Günü” kimi qeyd etdiyi “ordu bayramı”nı özünün ən nadir və bahalı silahlarından biri olan “A-50” uzaqmənzilli radar aşkarlayan (AWACS) təyyarəsini itirməklə qeyd edib.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, təyyarə cəbhə xəttindən təxminən 200 kilometr uzaqlıqda, Rusiyanın nəzarətində olan ərazilərin dərinliyində, Azov dənizi üzərində vurulub.
ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun hesabatında da deyildiyi kimi, Kremlin nəzarətində olan Rusiya hərbi bloqerləri dərhal təyyarənin rus qoşunları tərəfindən səhvən vurulduğunu iddia ediblər. Onlar hətta bu cür növbəti “dost atəşi” insidentinin qarşısını hələ də ala bilmədiyi üçün Rusiya ordu rəhbərliyini günahlandırıblar. Hansı ki, “dost atəşi” mövzusunu ortaya atmaqda məqsəd Ukrayna Sialhlı Qüvvələrinin imkan və bacarıqlarını kiçiltmək və Rusiya əhalisini sakitləşdirməkdir. Çünki əslində, bu strateji əhəmiyyətli nadir təyyarə “dost atəşi” ilə yox, Ukrayna Silahlı Qüvvələrinin ixtiyarındakı raketlə vurulub.
Xatırladaq ki, Rusiya bu il yanvarın 14-də, eyni gündə daha bir “A-50” və “İl-22” təyyarəsini itirmişdi. Onda da Rusiya tərəfi onların vurulmasında Ukraynanın rolunu inkar edirdilər...
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri isə Rusiyanın “A-50” təyyarəsinin məhv edilməsi üzrə birgə əməliyyat keçirdiklərini rəsmən elan ediblər. Daha sonra Ukrayna mediası Baş Kəşfiyyat İdarəsindəki mənbələrinə istinadla təyyarənin heç “Patriot”-la da deyil, Sovet “S-200” hava hücumundan müdafiə sisteminə aid raketlərlə vurulduğunu bildirib. “S-200” zenit-raket kompleksləri Sovet İttifaqında 60 il əvvəl hazırlanmağa başlayıb. Sonradan kompleks bir neçə modernləşdirmədən keçib.
Xatırladaq ki, “A-50” təyyarəsi hava şəraitinə və operativ-taktiki aviasiyaya nəzarəti təmin edən uzaq mənzilli radar aşkarlayan və idarə edən nadir təyyarədir. Bu təyyarə sayəsində Rusiya işğalçı qüvvələri nəinki Ukraynanın hava məkanında Ukrayna taktiki aviasiyasının olması, həm də Ukrayna tərəfdən raket buraxılışları haqqında məlumat alırdı. Eyni zamanda, bu təyyarə taktiki aviasiya üçün hədəf təyin edir, hətta “S-400” hava hücumundan müdafiə sistemlərinin məhvetmə diapazonunu artırırdı.



Tanınmış ukraynalı hərbi ekspert Aleksandr Kovalenko bu təyyarələrin Rusiya ordusu üçün əhəmiyyətini qeyd edərək, öz sosial şəbəkə səhifəsində yazıb: “Bu təyyarələr 1985-ci ildən istehsal olunur, lakin hazırda Rusiyada onların istehsalı yoxdur. Ümumilikdə Rusiya Aerokosmik Qüvvələrində 9 belə təyyarə olub. Onlardan 1-i “sonsuz modernləşmədən” keçir, 2-si təmir tələb edir, 1-i Belarusda PUA zərbəsi ilə zədələnib. Yanvarın 14-də isə bu təyyarələrdən biri vurulub. Beləliklə, əslində, 23 fevral 2023-cü ilə qədər cəmi 4 ədəd A-50 təyyarəsi tam döyüşə hazır idi. Ancaq 4 ədəd idi... Belə bir təyyarənin qiyməti orta hesabla 400 milyon dollar təşkil edir, lakin onların nadirliyini və istehsalının qeyri-mümkünlüyünü nəzərə alsaq, onun dəyəri daha çox, hətta 2 dəfə çoxdur desəm, yanılmaram”.
Qeyd edək ki, “A-50” təkcə öz qiyməti ilə deyil, ekipaj üzvlərinə görə də çox dəyərlidir. Rusiya hərbi komandirlərindən biri etiraf edib ki, “A-50” təyyarəsi və onun ekipajı Ukrayna ilə müharibədə asanlıqla əvəz oluna bilməyən nadir resursdur. Çünki bu cür təyyarələri idarə edə kadrların hazırlanmasına uzun illər sərf edilir və onların sayı olduqca məhduddur.
Sonradan məlum olub ki, vurulan təyyarə Rusiyanın Krasnodar vilayətində “eniş edib”. Rusiya “Telegram” kanallarının yazdığına görə, təyyarənin qəzaya uğradığı yerdə məhv edilən 10 ekipaj üzvünün qalıqları tapılıb. Bu, o deməkdir ki, Ukraynaya qarşı qanlı təcavüzdə, dinc insanların qətlində, şəhərlərin dağıdılmasında və s. iştirak edən daha 10 “qiymətli kadr” və bir olduqca bahalı və nadir təyyarə məhv edildi...
C.Məmmədov




Tarix: 24-02-2024, 21:05
Xəbəri paylaş





Xəbər lenti