“Gürcü arzusu” və “rus qanunu” vətəndaş cəmiyyətinə qarşı Diana Petriaşvili, “Mediaşəbəkə”


Tbilisidə niyə etirazlar səngimir və Gürcüstan hakimiyyətinin israrla yeritdikləri qanunda yanlış olan nədir?
Mayın 14-ü Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yekun üçüncü oxunuşda qəbul edib. Bu, Gürcüstan paytaxtında artıq bir aydan çoxdur ki, qaynayan irimiqyaslı etirazlar fonunda baş verib. Ötən il etirazlar səbəbi ilə geri götürdüyü, bu il nəyin bahasına olursa olsun həmin qanunu qəbul etməsi qərarını Gürcüstan hakimiyyətinin on iki illik idarəsi dövründə ən qeyri-populyar addımı adlandırmaq olar. Məlum məsələnin gündəmə qəfil qayıtması bu ilin aprelində yüz minlərlə adamı küçələrə çıxardı. Bu qanun niyə gürcü cəmiyyətinin xoşuna gəlmir və hakimiyyət niyə onu bu qədər sevir?    
Qanun haqqında nə bilmək lazımdır?
Qanun layihəsinə uyğun olaraq, öz qeyri-kommersiya gəlirlərinin 20 faizindən çoxunu xaricdən alan bütün media və qeyri-hökumət təşkilatları xarici təsir agentlərinin reyestrində qeydiyyatdan keçməlidir. Bu çoxlu sayda qeyri-hökumət təşkilatlarını, o cümlədən Qərbdən qrant alanları zərbə altında qoyur. Bunlara, məsələn, xaricdə təhsil üçün təqaüd alan tələbələr, ya da kənd təsərrüfatı texnikasının maliyyələşdirilməsi müsabiqəsində udan fermerlər də aiddir. Yəni əgər qanun qəbul olunarsa, siyasətdən uzaq adamlar da özlərini xarici agent adlandırmalı olacaqlar.
Qanun aşkar şəkildə mediaya zərər verəcək – ölkədə reklam bazarı kasıbdır, auditoriyanın alıcılıq qabiliyyəti yüksək deyil, odur ki, müstəqil medianın böyük bir hissəsi yalnız xarici qrant sayəsində işləyir.          
Qanunun qəbul edilməsinə qarşı olan əsas arqumentlərdən biri ondan ibarətdir ki, Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının çoxunun büdcəsi onsuz da şəffafdır – ölkədə qeydiyyatdan keçmiş istənilən QHT-nin gəlirləri və onların mənbələri barədə tam hesabat Maliyyə Nazirliyinin sərəncamındadır. Qanunun opponentləri hesab edirlər ki, onun qəbul olunması qeyri-hökumət təşkilatlarının stiqmatizasiyasına rəvac verəcək ki, bu da onları əvvəlcə özlərinə xarici agent möhürü vurmağa, sonra da digər təzyiq mexanizmləri tətbiq etməyə məcbur edəcək.
Üstəlik qanun Gürcüstanın Aİ üzvlüyünə namizəd kimi qəbul edilməsi üçün razılaşdığı plana ziddir.     
Qanun niyə “rus qanunu” adlanır?
Müəlliflərin dediyinə görə, onlar bu qanunu yazarkən 1938-ci ildə Amerikada qəbul olunmuş “Xarici agentlərin qeydiyyatı haqqında akt”a əsaslanıblar. Lakin hüquqşünaslar və hüquq müdafiəçiləri bəyan ediblər ki, qanunun Gürcüstan versiyasına Amerika qanununun mühüm hissəsi – müstəsnalar daxil edilməyib. Üstəlik, İkinci Dünya müharibəsinin əvvəlində qəbul olunmuş Amerika aktı gürcü versiyasından fərqli olaraq, QHT ovuna yönəlməyib – onun müəllifləri vurğunun məhz qeyri-hökumət sektoruna vurulduğunu gizlətmirlər.       
Vaxtilə Rusiya hakimiyyəti də Amerika aktına əsaslanaraq, 2012-ci ildə xarici agentlər haqqında qanun qəbul edib. Rusiya qanunu ilk başda yalnız siyasi təşkilatlara şamil olunub, lakin onun tətbiq sahəsi getdikcə genişlənib və Ukraynada müharibə başlayandan sonra Rusiyada istənilən tənqidi düşüncənin kökünü tamamilə kəsməyə müvəffəq olub.   
Hakimiyyət tənqidçilərinin dediyinə görə, məhz Rusiyanın xarici agentlər haqqında qanunu gürcü təşəbbüsçülərinin prototipi olub. Hakim partiyanın son bir ildə özünü necə aparması buna bariz sübutdur. Məsələ burasındadır ki, Ukraynada tammiqyaslı müharibə başlayandan sonra Gürcüstan hakimiyyətinin Kreml sevgisi aşkara çıxdı. Müharibənin ilk günlərindəcə gürcü hökumətinin Ukraynaya təmkinlə həmrəylik göstərməsi gürcüləri xoş olmayacaq şəkildə təəccübləndirdi. Bundan sonra peşmançılıqların və qaranlıq şübhələrin sonu görünmədi.      
Cəmiyyət ona necə yanaşır?
Qanuna qarşı etiraz cəmiyyəti hələ ötən il yumruq halına gətirdi, belə ki, müxtəlif baxışlı siyasətçiləri, jurnalistləri, idmançıları, yazıçıları və musiqiçiləri birləşdirdi. Gürcüstanda Qərb dəyərlərinə can atma həmişə siyasi ənənə sayılıb, hakimiyyət orqanlarının ölkəni Avroatlantik strukturlara inteqrasiya etdirməsi Konstitusiyada təsbit olunub. İctimai rəy sorğularında respondentlərin böyük əksəriyyəti ənənəvi olaraq Avropaya inteqrasiyanı və NATO üzvlüyünü dəstəkləyir.          
Cəmiyyətdə xüsusilə kəskin reaksiyanı hakim partiyanın məmurlarının, həmçinin onların ideoloji ilhamvericisinin – Rusiyada varlanmış milyarder Bidzina İvanişvilinin son bəyanatları oldu. İvanişvili 2012-ci ildə “Gürcü Arzusu” Partiyasını yaradıb və ona elə həmin il parlament seçkilərində qalib gəlməyə kömək edib. İvanişvilini həmin vaxtdan kölgə hökmdarı sayırlar, belə ki, bu adamın göstərişi olmadan heç bir siyasi qərar qəbul olunmur.
Aprelin 29-u hakimiyyət tərəfdarlarının mitinqində qanunu dəstəkləyən İvanişvili bəyan edib ki, Qərbi, müxalifəti və qeyri-hökumət təşkilatlarını öz hakimiyyətinin düşmənləri hesab edir. O, Gürcüstanın Qərb partnyorlarını “xarici agent” və “qlobal müharibə partiyası” adlandırıb. İvanişvilinin fikrincə, “qlobal müharibə partiyası” QHT-nin köməyi ilə Gürcüstanın müstəqilliyini əlindən almaq istəyir.          
Müstəqil jurnalistlər və siyasi müşahidəçilər qeyd ediblər ki, Gürüstanda heç bir siyasətçi belə bir ritorikaya yol verməyib – Avropaya canatma və Rusiyadan müstəqil olmaq ölkənin müstəqilliyin ilk günlərindən bəri siyasi meynstrimin sarsılmaz dəyəri olub.  
Yəqin ki, bu bəyanata görə Tbilisi küçələrində etiraz edənlərin sayı daha da artdı; bəzilərinin fikrincə, onlar qanunun qəbul olunması məsələsini faktiki olaraq ekzistensial hesab edirlər. Mayın 11-i axşam saatlarında Tbilisinin mərkəzində 200 min adam yığışdı.  
Partnyorlar nə deyir?
Qanun layihəsini Gürcüstanın Qərb partnyorları da – səfirliklər, beynəlxalq təşkilatlar, amerikalı konqresmenlər, Avropanın rəsmi simaları, BMT, ABŞ-nin Dövlət Departamenti və s. kəskin tənqid atəşinə tutur. Sanksiyaların tətbiq olunması məsələsi də gözlənilir: Avropa İttifaqı bəyan edib ki, qanun qəbul edildiyi təqdirdə Gürcüstanda viza rejiminin ləğvi məsələsinə yenidən baxmağa məcbur olacaq. Təbii ki, burda həmçinin Aİ üzvlüyünə namizəd ölkə statusunun dayandırılması da nəzərdə tutulur.       
Lakin Gürcüstan hakimiyyəti sanksiyadan qorxmadığına aşkar şəkildə eyham vurur, ən azından Baş nazir İrakli Kobaxidze bəyan edib ki, “bu gün Gürcüstan dövləti heç olmadığı qədər müstəqildir” və qanun mütləq qəbul olunacaq, etiraz edən “radikallar” isə cəzalandırılacaq.  
Bu cür qeyri-populyar addımı atmaq nəyə lazımdır?
Oktyabr ayında Gürcüstanda parlament seçkiləri keçirilməlidir və ölkədə bir çoxu hesab edir ki, əgər seçkilər dürüst keçirilərsə, hakim partiyanın zərrə qədər də qalib gəlmək şansı yoxdur. Əgər hakimiyyət seçkiləri saxtalaşdırmaq istəyərsə, QHT və müstəqil medianın vintlərinin sıxılması ciddi kömək ola bilərdi. Yeri gəlmişkən, ötən parlament seçkilərində (onlar 2020-ci ilin oktyabr ayında, COVİD19 məhdudiyyətlərinin qızğın çağında keçirdi) müşahidəçilərin seçkilərin ədalətli şəkildə keçirilməsi, “Gürcü Arzusu”nun qələbəsinin legitimliyi ilə bağlı çoxlu sualları olub. Müxalifət uzun müddət nəticə ilə razı olmayıb və parlamentə təkcə Qərb təşkilatlarının köməyi ilə daxil olub. Həmin vaxtdan bəri hakim partiya daha çox dəstəyini itirib.           
Bundan sonra nə olacaq?
Hakimiyyət etiraz aksiyalarını nümayişkaranə şəkildə görməzdən gəlir – məsələn, parlamentin hüquq komitəsi bayırda etirazçı izdihamına rəğmən, mayın 13-ü qanun layihəsini rekord 67 saniyə ərzində nəzərdən keçirib və səsverməyə qoyub.
Əvvəldən qanun layihəsinə qarşı olan Gürcüstan Prezidenti Salome Zurabişvili ona veto qoyacağını bəyan edib. Amma bu addımı həlledici adlandırmaq olmaz, çünki “Gürcü Arzusu” Prezident vetosunun öhdəsindən asanlıqla gələcək.    
Bu arada etirazlar davam edir; bazar ertəsindən etibarən Gürcüstan ali təhsil müəssisələrinin bir çoxunun tələbələri tətil elan edib, onlara bəzi müəllimlər də qoşulublar. Mitinqlər Gürcüstanın digər şəhərlərinə də yayılıb, diaspor nümayəndələri xaricdəki etirazçılarla həmrəylik nümayiş etdiriblər.    
Meydan.Tv
Tarix: 18-05-2024, 10:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}