Qazaxın icra başçısı Rəcəb Babaşovla bağlı rayon sakinlərinin şikayətləri bitib tükənmək bilmir. YeniFikir.de portalına şikayət edən bir qrup Qazax sakini icra başçısının rayonda sünni-şiə davası apardığını iddia edirlər.
Sakinlərin şikayətində bildirilir ki, rayondakı hüzr məslislərinin birinə gedən Rəcəb Babaşov özünün qarşılanmasından və məclisi aparan molladan narazı qaldığı üçün dərhal geri qayıdaraq yas mərasimləri ilə bağlı yeni qərar verib:
"İcra başçısı Rəcəb Babaşov bu gün qərar verib ki, hətta il mərasimində də yemək verilməsin. Amma camaat ona başa sala bilmir ki, il mərasimi dəvətlədir və bu mərasimə başqa rayonlardan gələnlər olur. "Qonaqları necə ac yola salaq? Axı bu, bizə yaraşmaz. Bakıdan çağırdığım qonağım ac qalsa, nə ölüm razı qalar, nə dirim. İndi günahımız nədir ki, şiə deyilik?!"
Sakinlərin şikayətindən məlum olur ki, Rəcəb Babaşovun yeni qərarından sonra Qazax rayonunda yas mərasimləri icra başçısının istədiyi şəkildə təşkil olunmalıdır:
"Onsuz da rayonda dəfn, 3, 7 və 40 mərasimlərində yemək verilmir. Baxmayaraq ki, bu da inzibati qaydada həll olunası məsələ deyil, yenə də camaat cənab Prezidentə olan sevgi və hörmətdən dolayı, O şəxsiyyətin rayona göndərdiyi nümayəndənin qərarına tabe oldu. Amma Babaşovun son qərarı artıq əndazəni və mental dəyərləri aşdı"
Məktubda qeyd olunur ki, qatı şiə olan Rəcəb Babaşov, əhalisinin böyük əksəriyyətinin sünni olduğu Qazaxda məzhəbçilik edir: "Sünni mollaları sıxışdırmağa başlayıb. Molları təhqir edir, onları yas mərasimlərini öz məzhəbinə uyğun aparmağa məcbur edir. Adam konkret olaraq məzhəb qarşıdurması yaradır".
Şikayət məktubunda Qazax sakinləri dövlət başçısı, ölkədə tolerantlıq mühitinin qarantı olan cənab Prezidentdən yardım istəyir: "Cənab Prezident! Bu ölkədə bölücülüyə, məzhəb qarşıdurmasına imkan verməyin! Siz Azərbaycanda sülhün, sabitliyin, tolerantlığın qarantısınız. Sizin etimadınızdan sui-istifadə edən bu cür rayon rəhbərlərinin Sizin humanizminizə xələl gətirməsinə izn verməyin. Bizə Özünüzə layiq bir başçı göndərin!".
Şikayətlə əlaqədar Qazax rayon İcra Hakimiyyətindən münasibət öyrənmək cəhdlərimiz alınmadı.
aztoday.az
Tarix: 10-02-2017, 08:37