Masallıda rüşvət QALMAQALI

Masallıda rüşvət  QALMAQALI Ramazan Quliyev: “Özünü öldürür, cəhənnəmə öldürsün, mənim nəyimə lazımdır?”

Gültamam Bədirova: “Oğlumu intihar həddinə çatdırıblar”

Yardımlı rayonu Bozayran kənd sakini, Gültamam Bədirova “Cümhuriyət” qəzetinə müraciət edərək Masallı Rayonlararası Mühafizə Bölməsinin tağım komandiri, polis baş leytenantı Ramazan Quliyevin qanunsuz əməllərindən şikayətlənib. Şikayətçinin sözlərinə görə, sözügedən qurumda mülki mühafizəçi kimi çalışan oğlu Bəhruz Hümbətli tağım komandiri tərəfindən aldadılaraq bir sıra cinayət əməllərinə təhrik edilib.


“Oğluma deyib ki, adam gətir, işə düzəldək”

7 uşaq anası, əmək veteranı və 2-ci qrup əlil olduğunu deyən 80 yaşlı Gültamam Bədirova bildirib ki, oğlu Bəhruz Firsənd oğlu Hümbətli 2003-cü ildən 2016-cı ilin oktyabr ayına kimi Masallı Rayonlararası Mühafizə Bölməsində mülki mühafizəçi işləyib. Oktyabr ayında işindən azad edilib. 1995-ci ildən YAP-ın üzvüdür: “Oğlum xidmət etdiyi 13 il ərzində heç vaxt belə səhvə yol verməyib. Xidmətində də ciddi problemi olmayıb. Ailəlidir, 3 azyaşlı qız övladı və himayəsində 80 yaşlı ağır infarkt keçirmiş yataq xəstəsi olan anası, yəni, mən varam. Bildirirəm ki, Masallı Rayonlararası Mühafizə bölməsinin tağım komandiri polis baş leytenantı Ramazan Fizuli oğlu Quliyev bir neçə dəfə oğluma təzyiqlə deyib ki, "bir-iki nəfər hərbi xidmətdə olmuş adam tap, onları işə düzəldim. Amma bütün söhbətləri mən səninlə, səndə uşaqların valideynləri ilə edəcəksən".

Ramazan Quliyev bu işdən ötrü gündə bir neçə dəfə oğluma zəng edib. Hər zəng edəndə də deyirmiş nə oldu, necə ola bilər ki, sən o boyda Yardımlı rayonunda bir- iki nəfər tapıb gətirə bilmirsən işə düzəldək. Sonda oğlum iki nəfəri Vüsal Qiyas oğlu Mirzəzadə və Cəfər Sərəstan oğlu Hüseynzadəni tapıb. Əvvəlcə oğlum Vüsal Mirzəzadənin hərbi biletini, kimliyini təsdiq edən sənədlərini və 3 min manatını gətirib Ramazan Quliyevə verib. İkinci dəfə də 3 min manat verəndən 5 gün sonra oğlum Ramazan Quliyevin yanına Vüsal Mirzəzadənin özünü gətirib. R.Quliyev V. Mirzəzadənin boyunu ölçərək 174 sm olduğunu bəhanə gətirərək oğlumun yanında Vüsala deyib ki, sənin boyun 175 sm-dən az olduğu üçün qoy yanınızda Bakıda yerləşən Baş İdarə ilə danışım “dabro” alım. R, Quliyev oğlumla Vüsalın yanında kiminləsə telefonda danışaraq deyib ki, o uşağın boyu 174 sm-dir, yanımdadır ona nə deyim? Danışdığı adamın kim olduğunu, telefonda nə dediyini bilmirik. Ancaq danışıq bitəndən sonra Ramazan Quliyev uşağın özünə oğlumun yanında deyib ki, "dobro"nu aldım, amma 1000 manat, danışdığımız məbləğdən əlavə, boyuna görə verməlisən. Ramazan Quliyev işə düzələcək Vüsala “get, atana de ki, Bakı bu qədər pul istəyir. Həmin pulun yerdə qalan 5500 manatını verin Bəhruza gətirsin mənə versin, göndərim Bakıya, iş dekabr ayında düzələcək” deyib. Hətta Vüsal Ramazan Quliyevə sual verib: "əmi, mən pulu versəm, əynimə nə vaxt polis forması geyinəcəm?” Ramazan Quliyev isə bu işin düzəlməyini dekabr ayına söz verib. Masallıdan qayıdandan sonra oğlum Vüsal Mirzəzadə, onun atası Qiyas və qohumu ilə görüşüb. Vüsal Masallıda Ramazan Quliyevlə olan söhbəti atasına və qohumuna deyib. Hətta oğlum onların yanında komandiri ilə danışaraq deyib ki, Vüsalın valideyni onunla danışmaq, hətta görüşmək istəyir. Ramazan Quliyev isə başından atıb, deyib “lazım deyil, mən sözümü sənə və onun oğluna demişəm”. Oğlum həmin vaxt telefonu mikrofona qoyub, onlar da bu danışığı eşidiblər”.

“Hər yoldan ötəndən pul almırıq, özün gətir”

Ananın sözlərinə görə, oğlu iyul ayında Mirzəzadənin qohumundan ümumilikdə iki dəfəyə 8.500 manat alıb və Masallı Rayonlararası Mühafizə bölməsinin inzibati binasında R. Quliyevə verib: “Oğlum ikinci dəfə 5500 manatı Vüsalla birgə gətirib. Polis idarəsinə çatanda oğlum Vüsalın yanında R.Quliyevə zəng edərək deyib ki, Mirzəzadədə yanında, pul da əlindədir, istəyir özü versin. Ramazan Quliyev oğluma telefonda deyib ki, “bizim işçi sənsən, biz sənə inanırıq, hər yoldan keçəndən pul almırıq. Pulu sən al, gətir. Bakıya tez göndərim iş alınsın. Vüsal pulu düz qapıda oğlumun əlinə verib. Oğlum o biri əli ilə qapını açaraq Ramazan Quliyevə verib. Vüsal Mirzəzadə də bunu gözü ilə görüb və təsdiq edir. Hətta oğlum Masallı rayonuna taksi ilə gəlib. Taksi sürücüsü də oğluma Ramazan Quliyevdən gələn zəngi və onun pulu tez gətirməsi üçün tələsdirdiyini eşidib. Bir dəfə də Vüsalın atası Qiyas oğlumu yanına çağıraraq yanında Ramazan Quliyevlə danışmağını istəyib. Oğlum Qiyasın yanında Ramazan Quliyevlə telefonu mikrofona qoyaraq danışıb və işin nə yerdə olduğu ilə maraqlanıb. Ramazan Quliyev isə sadəcə işin düzələcəyini deyib”.

Şikayətçi oğlunun işə düzəlməsi üçün tapdığı ikinci şəxs barəsində də məlumat verib. O deyib ki, Cəfər Hüseynzadə mülki mühafizəçi kimi işə düzəlməsi üçün Ramazan Quliyevə 4.000 manat verib: “Oğlum Masallı Rayonlararası Mühafizə bölməsinin rəisinin daxili əmri ilə “Qrup komandiri” vəzifəsini icra edirdi. Vəzifəni daxili əmrlə icra etdiyi üçün əmək haqqında artım yox idi. Baş leytenant Quliyev oğluma deyib ki, 1.000 manat ver, səni Baş İdarədə “Qrup komandiri” kimi təsdiq etdirim, aylıq əmək haqqında da artım olsun. Oğlum da inanıb 1000 manat ona verib. Ümumilikdə, Bəhruz R.Quliyevə 13.500 manat pul verib. O, R.Quliyevin şirin dilinə aldanıb. Düşünüb ki, bir yerdə işləyirik, rəis müavinidir, ali təhsil alıb, ailəlidir, vəzifəli şəxsdir, yalan danışmaz. Vəzifəsini, rütbəsini itirməz. Oğlum təhsili olmadığı və qanunu bilmədiyi üçün etdiyi hərəkətin çinayət olduğunu bilməyib. Bir də o oğluma hər qəqiqə zəng edib pulun gətirilməsini tələb edirdi. Deyirdi ki, işin düzəlməsi üçün pulu Bakıya göndərməlidir. Oğlumla Ramazan Quliyev arasında yoxlamaq lazımdır ki, nə qədər telefon danışığı olub.
Oğlumun Quliyevə pul verməsini sübut etməyə müəyyən sübutları və dəlilləri var. Oğlum 3 az yaşlı qızına biri də anadangəlmə qüsurlu və yataq xəstəsi olan anası olmaqla 5 qadına baxır. Pul yiyələri hər gün qapımıza gəlib pulunu istəyirlər. R.Quliyevin Bəhruzun başına açdığı oyun səbəbindən oğlumun, gəlnimin və nəvələrimin həyatı təhlükədədir. Əminliklə deyə bilərəm ki, Ramazan Quliyev oğlum kimi bir neçə nəfəri aldadıb, onlara qarşı dələduzluq edib, pullarını alıb. Amma onu bütün məsələlərdə müdafiə edirlər”.

“Kimin pulu var, ədalət onunladır”

Gültamam Bədirova qeyd edib ki, Vüsal Mirzəzadə Ramazan Quliyevə işə düzəlmək üçün pul verməsi haqda bölmə rəisi, polis polkovnik-leytenantı Natiq Dəmirova 2016-cı ilin avqust ayında yazılı izahat verib. Natiq Dəmirov həmin izahat barədə DİN Baş Mühafizə İdarəsinə məlumat verməyib və izahatı istintaq orqanlarından məqsədli şəkildə gizlədib. Bu da onların əlbir olmasına əminlik yaradır: “Masallı Rayonlararası Mühafizə bölməsinin əvvəldən təməli belə qoyulub. Sübut üçün deyim ki, Ramazan Quliyevi işə götürən Masallı Rayonlararası Mühafizə bölməsinin sabiq rəisi polis polkovniki Bədir Quliyev barəsində hazırda iki yerdə - Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində və Masallı Rayon Prokurorluğunda istintaq aparılır. Hər iki müstəntiq işi apararkən tam bizi və pul sahiblərini əmin edib ki, pul R. Quliyevdədir, pulunuz qaytarılacaq, onun da haqqında tədbir görüləcək. Sonradan məlum oldu ki, haqq-ədalət boş şey imiş, kimin pulu var, ədalət onunladır. Masallı Rayon Prokurorluğu tərəfindən 26.01. 2017 ci il tarixdə evimizə göndərilən 161 c-2016 saylı məktubunda göstərir ki, R.Quliyev barəsində toplanmış materiallar rədd edilib.

Ana iddia edir ki, Masallı Rayon Prokurorluğunda bu məsələ düzgün araşdırılmayıb: “Həmin fakt üzrə iş müstəntiq tərəfindən nəyə görəsə araşdırılmayıb və onlar arasında üzləşmə aparılmayıb. Araşdırma zamanı oğlum özü müstəntiq tərəfindən zərərçəkən kimi tanınmır və həm öz işi, həm də Mirzəzadə Vüsalın və Hüseynzadə Cəfərin işə düzəlməsi üçün verdiyi pulla bağlı müstəntiq tərəfindən R.Quliyevlə üzləşdirilmir. R.Quliyev izahatında yalandan göstərir ki, guya oğlum işdən çıxdığı üçün ondan şikayət edir. Halbuki oğlum işdən çıxmamışdan 3-4 ay əvvəl bu fakt üzrə şikayət edib, niyə müstəntiq bu faktı dəqiqləşdirməyib?”.

“Qorxuram, özünə qəsd edə”

Gültamam Bədirova şikayət ərizəsində bildirir ki, oğlu haqqında çıxarılmış ədalətsiz qərara, ona qarşı edilən təzyiqlərə görə depressiyaya düşüb: “Yanvarın 29-da özünü asmaq istəyərkən qızı görüb və qızının qışqırtısına qonşular gəlib, imkan verməyiblər. Bu hadisədən iki gün sonra oğlum yenə yaşadığı evin qapısını bağlayaraq özünü, həyat yoldaşını və üç azyaşlı uşağını yandırmaq istəyib. Bu dəfə də qayınatası təsadüfən görüb və alova bürünmüş oğlumu tez söndürüb. Mən qorxuram, oğlum özünə və 5 nəfərlik ailə üzvünə qəsd edəcək. Artıq onun davranışında və hərəkətlərində psixoloji dəyişikliklər hiss edirik”.

Şikayətçi məsələ ilə bağlı Prezident Ilham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova və Baş prokuror Zakir Qaralova ərizə ilə müraciət edərək şikayətə yenidən baxılmasını istəyib: “İstərdim ki, Cahangir Qurbanov tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi barədə göstəriş verəsiniz, işə başqa rayon prokurorluğu və ya Respublika prokurorluğu tərəfindən ədalətli baxılsın. R.Quliyev barəsində Masallı Rayon Prokurorluğunda aparılan araşdırma başa çatana kimi onun müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılması barədə göstəriş verəsiniz ki, mənim dediklərimin qərəzli olmamasına, həqiqət olmasına əmin olasınız. Oğum atasız böyüyüb. Mənim bu şikayət ərizəmi anadan oğula müraciət kimi qəbul edin. Oğlumun təhsili yoxdur, inanıb aldanıb. Xahiş edirəm ki, oğlumun Ramazan Quliyevə verdiyi 13.500 AZN-in qaytarılmasında köməklik göstərəsiniz. Oğlumun imkanı yoxdur o qədər pulu sahiblərinə qaytara... Axı R.Quliyev pulu qaytarmasa, oğlum məcburiyyət qarşısında özünə qəsd, intihar edə bilər ki, pul sahibləri ondan əl çəksinlər. Əminəm ki, Sizin ciddi nəzarətiniz altında oğlumun haqq işi öz sübutunu və təsdiqini tapacaq. Cənab Prezident! Oğlumun və ailəsinin təhlükəsizliyinin təmin edilməsini Sizdən xahiş edirəm. Bizim tayfanın, qohumların 150 nəfərdən çoxu YAP-ın üzvüdür. Ədalət bərpa olunmasa, YAP-dan və ölkə vətəndaşlığından imtina edəcəyik”.

“Mən heç kimdən pul almamışam”

Məsələdə ittiham olunan Ramazan Quliyev bu barədə “Cümhuriyət” qəzetinə açıqlamasında barəsində səsləndirilən şikayətin həqiqətə uyğun olmadığını deyib: “O iş çoxdan olub. Konkret olaraq o şər-böhtan danışan adamdır. Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsində araşdırma oldu və fakt öz təsdiqini tapmadı. Baş prokurorluqda, Baş Mühafizə, Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində bu məsələ təsdiqini tapmayıb.

Bizim köhnə əməkdaşımız olub. Müəyyən nöqsanlarına görə işdən çıxıb. Ona görə də bu vəziyyəti yaradıb. Guya mən onu işdən çıxarmışam. Mən işdən adam çıxaranam və ya işə adam düzəldənəm? Bizdə Baş Mühafizə İdarəsi tərəfindən işə qəbul olunur. Mən heç kimdən pul almamışam. Pulu ona veriblər və ondan da tələb edirlər. Bütün yerlərdə araşdırma olub və ona görə də şikayət rədd edilib”. Ramazan Quliyev deyib ki, Bəhruz Hümbətlinin intihar etməsi məsələsi boş şeydir: “Bunlar hamısı şoudur. Yardımlıda o ailə barədə araşdırılma aparsanız görərsiniz ki, necə adamlardır. Özünü öldürür, cəhənnəmə öldürsün, mənim nəyimə lazımdır? Get, camaatın pulunu qaytar, kimisə şərləməlisən?”

Alçina Amilqızı
Cebhe.info
Tarix: 11-02-2017, 21:06
Xəbəri paylaş





Xəbər lenti