Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Azad Qaraqoyunlu
kəndində keçirilib.
Qəbulda hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və
Ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət
təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd
sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı şəhidlər guşəsinin önünə gül-çiçək dəstələri düzüb,
şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri qəbulda respublikamızda gedən sosial-iqtisadi inkişafın
xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Azad
Qaraqoyunlu kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən,
kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi
inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən
tədbirlərdən danışıb, bildirib ki, əhali fasifləsiz olaraq işıq, qaz və su ilə təmin
olunur.
Qeyd olunub ki, Azad Qaraqoyunlu kənd İƏD-nin 563 hektar ərazisi, 356
təsərrüfatı, 1458 nəfər əhalisi var. Ərazidə 2 məktəb, 1 kitabxana, 1 körpələr
evi uşaq bağçası, 1 tibb məntəqəsi, 6 ticarət oyekti, 2 iaşə obyekti, 2 məişət
obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul
olurlar. Sakinlər 711 baş iribuynuzlu, 612 baş xırdabuynuzlu heyvan, 5211 baş
quş, 94 arı ailəsi saxlayırlar.
Son üç ildə Azad Qaraqoyunlu kəndində 1,1 km məsafədə kəndarası yollar
təmir edilib, su arxları 1,2 km məsafədə lildən təmizlənib, Azad Qaraqoyunlu
kənd tam orta məktəbi üçün yeni bina tikilib, Evoğlu-Aşağı Qapanlı-Azad
Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərini birləşdirən 11 km məsafədə kənd
arası yollar asfaltlanıb, kənd ərazisində 850 ədəd çəkil, 150 ədəd müxtəlif növ
ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop
maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü
maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinlərindən Əliyar Vəliyev və Cavanşir Hüseynov suvarma suyu ilə
təmin olunma, Məzahir Kərimov suvarma arxının təmizlənməsi, Vəliş Əsgərov
Azad Qaraqoyunlu kənd xəstəxanasının təmir olunması, İsa Mönsümov və
Sərxan Əliyev Köçərli kəndi ərazisində qanunsuz tikdikləri sahibkarlıq
obyektinin sökülməməsi və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.