Mingəçevirdə yayılan tüstüyə görə vəzifəli şəxs cəzalandırıldı
“Mingəçevir şəhər zibilxanasının tüstüsündə boğuluruq”.
Hurriyyet.Az xəbər verir ki, bunu Oxu.Az-a şikayətində şəhər sakinləri bildiriblər. Onlar qeyd ediblər ki, şəhər zibilxanasının mütəmadi yandırılması səbəbindən şəhərdə tüstü iyindən nəfəs almaq olmur.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanladıq. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti (DETX) Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
Qeyd olunub ki, Mingəçevir şəhəri məişət tullantıları poliqonunda zibillərin yandırılması ilə bağlı daxil olmuş şikayət DETX-nin əməkdaşları tərəfindən Mingəçevir Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin nümayəndələrinin iştirakı ilə yerindəcə araşdırılıb və göstərilən fakt təsdiqini tapıb.
Məsələ ilə bağlı Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Tahir Abdullayev barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb. Ərazidə nəzarətin gücləndirilməsi və yanğın hadisələrinin baş verməsinin qarşısının alınması məqsədilə idarənin rəhbərliyinə müvafiq göstəriş verilib.
Qeyd edək ki, bir müddət əvvəl də poliqonun ərazisində yanğın hadisəsi baş vermiş və DETX-nin əməkdaşları tərəfindən yanğını törədən Mingəçevir şəhər sakini Ayaz Şahquliyev barəsində protokol tərtib olunmuşdu.
Tarix: 8-04-2024, 17:54