3 İLDİR ARTEZİAN QUYUSU İŞLƏMİR, 19 AİLƏ SUSUZ QALIB – “Belə çıxır ki, bir artezianı təmir etdirməyə dövlətin pulu yoxdur”
Ağcabədi rayonu, Hacılar kənd sakinləri olan 19 ailə tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər əkin sahələrini suvara bilməmələrindən şikayətçidirlər:“Biz, sakinlər, yazaraq bildirirk ki, artıq hər şeydən bezmişik. Pay torpaqlarımıza düşən artezian işləmir. Susuz torpaqlarda necə məhsul əkmək olar? Bu qədər insafsızlıq olmaz. Heç bir qurum maraqlanmır. Heç fikirləşən yoxdur ki, bu 19 ailə nə ilə dolanmalıdır? Kənd yeridir, iş yoxdur, çörəyimizi torpaqdan çıxarırıq.
Artezianın işləməmə səbəbi isə quyunun batmasıdır. Təmir etmirlər və kənd camaatı zülm çəkir.
2021-ci ildən susuz qalmışıq. Çox get-gəldən sonra bildirdilər ki, 2024 -cü ilin yanvar-fevral ayında təmir olunacaq. Əlacsız, gözləməyə məcbur olduq. Lakin problem hələ də həll olunmayıb. Hərə bir söz deyir, inanırıq, amma iş görmürlər.
Sonra dedilər ki, narahat olmayın, mart ayında təmir olunacaq, susuzluqdan canınız qurtaracaq. İndi də deyirlər ki, may-iyun aylarında təmir oluna da bilər, olunmaya da. Səbəbini soruşduqda isə deyirlər ki, bizə pul köçürülməyib.
Belə çıxır ki, bir artezianı təmir etdirməyə dövlətin pulu yoxdur. Bu qədər biabırçılıq olar? 2023-cü ildə “bərpaya düşən” artezian hələ də düzəlmir.
İcra Hakimiyyətində qəbulda da olmuşuq, amma nəticə yoxdur. Cənab Prezident çıxışlarında qeyd edir ki, fermer sektoru inkişaf etməlidir. Bəs, su olmayandan sonra bu sektor necə inkişaf etsin?! Bu neçə ildə biz sakinlərin nə qədər məhsulu zay olub.
Aidiyyəti qurumlardan xahiş edirik ki, bizim problemimizin həll olunmasına köməklik göstərsinlər”.
Məsələ ilə bağlı Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Tarix: 8-04-2024, 17:56