Cahangir Əsgərov Azərbaycanı və AZAL-ı şəxsi maraqlarına qurban verir

Cahangir Əsgərov Azərbaycanı və AZAL-ı şəxsi maraqlarına qurban verir Azərbaycan Belarusa 200 milyonu niyə verib?megrur-bedelsoy1

Məğrur Bədəlsoy, Qarabağ savaşı əlili, jurnalist


15 il qabaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əlil, tənha və ahıllara sosial xidmətin təşkili şöbəsinin işini qınamağım bütün güzəşt və hüquqlardan məhrum edilməyimlə sonuclandı. İş o yerə çatdı ki, Səhiyyə Nazirliyinin 2006-cı ilə kimi hər il (!) xaricdə müalicəmlə bağlı verdiyi rəyləri də ƏƏSMN-in o çağkı rəhbərliyi “büdcədən vəsait ayrılmayıb” adıyla saymadı və mən də yaxın xaricdəki yaxınlarımın hesabına sağlamlığımı qorumalı oldum.


İndi durum dəyişib. Elə ƏƏSMN-in yardımı ilə bu ilin avqustun 3-də Bakıdan Moskva üstündən Belarusun Vitebsk vilayətinin eyni adlı şəhərinə yollandım. Vitebski seçməyim təsadüfi deyildi. 42 ilin tələbə, akademiya yoldaşım Sahib İsmayıl oğlu Quliyev burada Tibb Universitetinin dosentidir və onun müalicəmi təşkil edəcəyinə əmin idim. Onu da vurğulayım ki, Sahib Quliyev Bakı Dövlət Universitetinin kimya fakültəsinin yetirməsi kimi Moskvadakı elmi işinə görə Ümumittifaq Lenin Komsomolu mükafatına layiq görülən yeganə şəxsdir. Bu soydaşımızla doğrudan doğruya öyünmək olar. Bircə onu demək yetər ki, Sahib bəy 16 ildir Bitebsk vilayəti üzrə kimya olimpiadasının sədridir.

…AZAL-ın J2-8107 Bakı-Moskva və əks yöndə J2-8108 Moskva-Bakı reyslərinə “göz-qulağım” olan ömür-gün yoldaşımla “online bilet” alıb, 03.08.2016-da uçuşun biletdə göstərilən vaxtından (Bakı vaxtı ilə saat 15.05) 2 saat qabaq aeroportda olduq. Uçağa minməzdən ortalıq 1 saat qabaq həkimin göstərişilə dərman içməli olduğumdan AZAL-ın kafeterisində yüz qramlıq tort və bir stəkan çaya görə nə az, nə çox, düz 9 manatımdan keçməli oldum. Hələ də nə AZAL özü, nə də bağlantılı dövlət və toplumsal qurumlar istehlakçı hüququnun kobud pozuntusuna adi cavab da belə verməyiblər. Reysin nəzərdə tutulduğundan 4 saat (??) gec gerçəkləşməsinə də eləcə. AZAL-ın binasında “AZAL” yarlıqlı işçilər belə “AZAL”-ın nümayəndəsinin açıqlama verəcəyini təkrarlamaqla işlərini bitmiş saydı. Hətta etirazımızı bildirməyə də imkan verilmədi ki, artıq qeydiyyatdan keçmişik, geri qayıtmaq olmaz. Nə qədər müalicəyə getməyimi, bu reysi seçməyimin Moskvadan da Belarusa getmə reysi ilə bağlantılı olduğunu, geciksəm, həmin reysə çata bilməyəcəyimi desəm də, saat 15.15-ə oxşar Bakı-Moskva reysi olsa da, qanuni yola salınma tələbimə baxılmadı. AZAL-ın içində AZAL-ın özbaşınalığına qarşı kimə şikayət edə bilərdik? Bircə ona yanırdım ki, başqa ölkədən olan sərnişinlər AZAL-ın timsalında bizi necə söyür. ”Azadlıq” radiosunun “qaynar xətti”nə zəngimiz də yardıma çatmadı: reys yola düşmədi və gecikmənin nədəni də anladılmadı. Beləcə Moskvada Bakı vaxtı ilə 18-də olacağımız halda, 4 saat gecikmə ilə saat 22-də olduq. Artıq Bitebsk qatarı getmişdi… Qayıdanbaş da həmin reys 2 saat gecikdi. Amma Moskvada gecikmənin onlardan asılı olmadığını səsgücləndici ilə açıqlayıb üzr də istədilər. Bakıya dönəndən sonra bütün dövlət qurumlarına müraciət edib, AZAL prezidenti Cahangir Əsgərovun Azərbaycanı və AZAL-ı şəxsi maraqlarına qurban verdiyindən şikayət etsəm də, sonuc olmadı. AZAL-dan hansı görəvdə olduğunu bildirməyən Lyudmila Kazımova e-mailimə yazdı ki, guya 03 avqust 2016-cı ildə fors-major (müharibə, kütləvi çaxnaşma, zəlzələ və s.) hal baş verdiyindən AZAL reysin gecikməsinə cavabdeh deyil. Hələ də hansı aşırı halın baş verməsinə aydınlıq gətirilməyib. Özü də, fors-major halda axı reys, ümumiyyətlə, gerçəkləşmir, bizim reys isə gecikib! Belə çıxır, yalnız AZAL-ın reyslərinə fors-major hal yetkisini göstərib. Axı, vurğulıadığım kimi, digər reyslər öz yolu ilə vaxtında uçub!

Ədalət adına onu deyim ki, bircə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yaxşı bir vəkil tapıb, məhkəmə yolu ilə özbaşınalığa hüquq qiyməti verməyə çalışacağını bildirdi. Heç demə, AZAL-ın bileti dəyişmə, qaytarma və s. xidmətləri də ləğv olunub. Bəs istehlakçı hüququnu qoruyan İqtisadiyyat Nazirliyinin müvafiq qurumu hara baxır? İN-in Antinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (ASİHM) AZAL-ın (eləcə də digər hüquq pozucularının) qanunsuz cavabını təkrarlamaqdan özgə işi görünmür. Belədə bu qurum niyə büdcədən maliyyələşməlidir? Fikir verin, Bakcell şirkəti özümün xəbərim və razılığım olmadan məni rouminqə qoşub və bir-neçə dəqiqəyə hesabımdakı 10 manatdan yuxarı pulu silib. ASİHM və digər dövlət qurumları isə bu özbaşına xidmət pulunu rouminqə görə əsaslı sayır! Axı, roumunqə qoşulmamışam!!! Yüz qram torta və 1 stəkan çaya görə 9 manat alınması özbaşınalığına isə heç cavab da verilmir. Belə çıxır, bir kilo tort 85 manatdır? Heç ən bahalı aeroportlardan sayılan Moskva aeroportunda da belə qiymət yoxdur axı!..

Nə isə… Vitebskdə hər şey gözəl idi. Bircə onu deyim ki, göz dəyməsin, hələ ki, belimdəki ağrılar yoxa çıxıb. Yenicə gedəndə tələbə yoldaşımın bizim orada qalmağımıza görə tibbi sığorta adına hər günə adambaşı 1 avro ödəməsini anlamadım. Özü də deyilənə görə, bu “xidmət pulu” təkcə Azərbaycan vətəndaşlarından tutulur. Bəs biz niyə Belarusa 20 il müddətinə 200 milyonluq faizsiz yardım etmişik? Bəs Belarusdakı (hazırda geri çağırılan) elçimiz nəyə baxır? Guya bu yardımın əvəzində dövlətlərarası güzəşt, ulusal dəstək əldə etmişik. Heç inanmağım gəlmir. Tələbə yoldaşım Sahib Quliyev başda olmaqla Vitebskdəki soydaşlarımız bir neçə il öncə Azərbaycan Mədəni Mərkəzi yaradıb adını da “QARABAĞ” qoyublar. Anında Belarus KQB-si adı dəyişdirtdirib ki, ermənilərin milli heysiyyatına(??) toxunula bilər!(??) Beləcə mərkəzin də işi dayanıb…

İndi neçə vaxtdır bu 200 milyonun Belarusa hansı amacla verildiyi və AZAL-ın reysləri zamanı baş verən fors-major hallar üzərində düşünürəm. Sonu olacaqmı?
Tarix: 21-01-2017, 13:58
Xəbəri paylaş





Xəbər lenti