2017 başlanğıcı: depressiya, intihar, bahalıq, işsizlik, borclar və... - Sosial gərginlik

2017 başlanğıcı: depressiya, intihar, bahalıq, işsizlik, borclar və... - Sosial gərginlik 2017-ci il depressiya, ümidsizlik, intiharlar, insanların gələcəklə bağlı narahatlığı, işsizlik, kredit borcları və bahalaşma ilə başladı

Politika.Az xəbər verir ki, yanvarda ölkə ərazisində 5 intihar olayının baş verdiyi bildirilir.

Yanvarın 9-u Bakıda 55 yaşlı kişi canına qıyıb. Hadisənin Səbail rayonunda qeydə alındığı, Fazil Qasımovun sirkə turşusu içdiyi bildirilir. Təcilli xəstəxanaya çatdırılsa da onu xilas edə bilməyiblər.

Yanvarın 10-da isə Zaqatala rayon Aşağı Tala kəndi sakini, 1965-ci il təvəllüdlü Eldar Ramazanovun asılmış meyiti aşkarlanıb.

Şəmkir rayonunun Morul kəndi sakini, 40 yaşlı Maisə Musayevanın da həmin gün canına qəsd etdiyi bildirilir. Qadının ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi söylənir.

Yanvarın 10-u Bakıda gənc oğlan - əslən Şəki şəhərindən olan 1996-ci təvəllüdlü Murad Əliyev də özünü Əsəd Əhmədov küçəsindəki binalardan birinin 19-cu mərtəbəsindən atıb.

Nizami rayonundakı Naxçıvanski küçəsində yaşayan 1958-ci il təvəllüdlü İradə Musayevanın isə özünə xəsarət yetirərək intihar etdiyi bildirilir. Yanvar başlanğıcı heç də ürəkaçan deyil. Xeyli sayda insan intihara cəhd edib.

Buna səbəb iqtisadi vəziyyətin ağırlaşması, işsizlik, yoxsulluq, əhalinin gəlirlərinin azalması və xərclərinin çoxalmasıdır.

Böhranın dərinləşməsi, idxal rüsumunun artması, dolların bahalaşması və alıcılıq qabiliyyətinin aşağı düşməsi sahibkarların belini sındırıb. Ərzaq məhsullarının qiymətinin qalxması, maaşların azalması, bank borclarının üstünə gəlməsi xalqın güzəranını çətinləşdirir.

Azərbaycanda işsizlər ordusunun sıraları genişlənir. Devalvasiya iş yerlərində ixtisarlara və müəssisələrin qapadılmasına səbəb olur.

2017-ci ilə qədər bu prosesin daha ağır xarakter alacağı proqnoz verilir. Hökumət şahiddir ki, xarici şirkətlər də ölkəni tərk edir. İqtisadi böhrana qarşı kompeks tədbirlərin ləngliyi və tormozlanması xalqın həyatına ciddi şəkildə təsir edir.

İrəlidəki aylarda sosial gərginlik daha da arta bilər. Neft pulları əhalinin sosial həyatını yüksəldirdi.

Amma dəfələrlə deyilirdi ki, böhran hər an bizi yaxalaya bilər və daxili istehsalatı gücləndirmək, ixracı artırmaq, monopoliyanı ləğv etmək, qeyri-neft sektorunu inkişaf etdirmək mühümdür.

Hökumət isə nə iqtisadçıları, nə mütəxəssisləri eşirdi. Və bu arxayınlıq ölkədə ağır iqtisadi vəziyyət yaradıb. Ölkədə sosial şərait getdikcə ağırlaşır.

Dövlət idarələrində ixtisarlar aparılır, banklar bağlanır, zavodlar ləğv edilir. Hər gün yüzlərlə insan işini itirir və minlərlə ailə çörəksiz qalır. Hətta güzəştləri olan məcburi köçkünlərin də durumu pisləşir, imtiyazlar azalır.

Paralel olaraq kommunal xərclərin artırılır. Minlərlə ailə kirayələrdə, çörəksiz, şəraitsiz vəziyyətdədir. Vətəndaşlar kredit borclarını ödəyə bilmir.

Bir tərəfdən də iş yerlərinin açılması əvəzinə bağlanması getdikcə əhalini bədbinləşdirir. İnsanlar bir tikə çörək qazanmaq üçün gecə-gündüz çalışdığı yerlərdən məhrum olunur.

Bəs, bu adamlar hara getsinlər? Harada işləsinlər? Ailələrinin üzünə necə baxsınlar? Uşaqlarına istədiyi hədiyyələri hansı pulla alsınlar? Bu suallara cavab verilmir.

Politika.Az
Tarix: 23-01-2017, 08:44
Xəbəri paylaş





Xəbər lenti