Goranboy İcra Hakimiyyətində korrupsiya aşkarlanıb

Goranboy İcra Hakimiyyətində korrupsiya aşkarlanıb
Hesablama Palatasnın Kollegiyası 2014-2015-ci illərdə və 2016-cı ilin 9 aylıq hesabat dövründə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu, ehtiyat fondları və yerli xərclərin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Goranboy rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, audit 4 qurumda həyata keçirilib və ümumilikdə 7213,6 min manat məbləğində vəsait əhatə olunub.

Rəqəmlər havadan götürülüb, vəsaitlərin təyinatı dəyişdirilib

Audit zamanı məlum olub ki, Goranboy rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən mənzil fondunun maliyyə təsərrüfat planı tərtib edilməyib, gəlir və xərcləri müəyyənləşdirilərkən qeyri-yaşayış sahəsi üzrə istismar yığımı nəzərə alınmayıb, mənzil fondunun hər kv/m-ə düşən xərclər araşdırılmayıb, mənzil fondunun zərəri proqnozlaşdırılarkən əsaslandırıcı hesablamalar aparılmayıb, bir sıra hallarda vəsaitlərin təyinatı dəyişdirilməklə icra edilib.

Öz xərclərini büdcənin hesabına qarşılayıblar

Qurumlar tərəfindən təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər bəzi hallarda büdcə vəsaiti hesabına ödənilib, artıq ştat saxlanılması hallarına yol verilib, müvafiq bölgüyə riayət edilmədən tələbatdan artıq alınmış vəsaitin təyinatı dəyişdirilərək təsərrüfat məqsədlərinə, o cümlədən dövlət büdcəsində nəzərdə tutulmayan mənzil fondunun məişət və istehsalat tullantılarının daşınması xərclərinin ödənişinə yönəldilib.

İşlərin həcmi və dəyəri şişirdilib

Bəzi hallarda mənzil fondunda əsaslı təmir işlərinin eyni ünvanda üst-üstə düşməsi, işlərin həcminin və dəyərinin artırılması, vergi və satınalmalar üzrə qanunvericiliyin, habelə əmək məcəlləsinin tələblərinin gözlənilməməsi nəticəsində artıq ödənişlərə, həmçinin mövsümə uyğun olmayan alışlara vəsait yönəltməklə səmərəsiz xərclərə yol verilib. Palata bunu yumşaq şəkildə “səmərəsiz xərc” adlandırır, amma sadalanan faktlar korrupsiyadır.

Qanunvericilik aktlarının çoxu pozulub

Qeyd olunanlarla yanaşı bəzi hallarda “Tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun, “Azərbaycan Respublikasının Vahid büdcə təsnifatı”nın, “Dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin qəbul olunması haqqında Təlimat”ın və “Büdcədən maliyyələşən kredit sərəncamçıları tərəfindən alınan malların, qəbul olunan iş və xidmətlərin xəzinə uçotu haqqında Təlimat”ın tələblərinə riayət edilməyib.

Pullar “səmərəsiz” xərcləndiyindən kreditor borcu artıb

Yoxlamalar zamanı o da ortaya çıxıb ki, Milli Mühasibat Uçotu Standartlarına keçid təmin olunmayıb, öhdəliyə qəbul olunmayan köhnə borcun ödənilməsi halına yol verilib, bir halda debitor borcu əsassız silinib, hesabat dövründə ödəniş növbəliliyi gözlənilmədiyindən auditlə əhatə olunan dövrdə kreditor borcu artıb.

Palata Milli Məclisə şikayət edib

Kollegiya müəyyən edilmiş nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qəbul etdiyi qərarın surəti və müvafiq təqdimatı Goranboy rayon İcra Hakimiyyətinə göndərib. Auditin nəticələri ilə bağlı Milli Məclis də məlumatlandırılıb.

Bu hesabat “Hesablama Palatası haqqında” Qanuna əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.
Tarix: 26-01-2017, 20:48
Xəbəri paylaş





Xəbər lenti