Yol polisi DİN-i hədəfə gətirir

Yol polisi DİN-i hədəfə gətirir Mahmud Hacıyev: “Təhqir olunmuş vətəndaş şikayət etsin”

Şəmsəddin Əliyev: “Polislərin arasında da həddini aşanlar var”

Şirvan şəhərində yol polisi ilə vətəndaş arasında insident baş verib. Belə ki, yol polisi, mayor Məmmədsadıq Nağıyev “VAZ 2107” markalı avtomobili reyd zamanı saxlayıb. Sürücünün yanında olan sərnişin Anar Məmmədovun yaranan mübahisəni telefonla çəkməsi gərginliyə səbəb olub. Nəticədə mübahisə böyüyüb və polislərin köməyi ilə sürücü və sərnişin Şirvan Polis İdarəsinə gətirilib. Polis Şöbəsinin həyətində isə sərnişin Anar Məmmədov mayor Məmmədsadıq Nağıyev tərəfindən təhqir edilərək döyülüb. Daha sonra həm sürücü, həm də sərnişin müvəqqəti saxlama təcridxanasına salınıb.

Vətəndaşı təhqir edib döyməkdə ittiham olunan DYP əməkdaşı Elvin Mövlamov buna görə işindən azad olunub. Daha sonra mətbuata açıqlama verən Mövlamov hadisənin təfərrüatları barədə danışıb. Lakin o, bu dəfə video görüntünü yayan adamı təhqir edib: “Videonu hansı mərdimazar, balası ölmüş qoyub, bilmirəm. Allahın köməyi ilə o adam üzə çıxar. Mən də onun ölüsünü bu yolda qoyacağam”.

Polis kobuddur, yoxsa vətəndaş qanunları bilmir?

Yol polisləri tez-tez vətəndaşlara qarşı etdikləri kobud hərəkətlərə görə, mətbuatında gündəminə gəlirlər. Sosial şəbəkələrdə də vaxtaşırı bu kimi olaylara dair videogörüntülər yayılır.

Cəmiyyət tərəfindən birmənalı qarşılanmayan bu kimi kobud davranışları vətəndaşlarda polislərə qarşı inamsızlıq yaratdığına şübhə yeri yoxdur. Artıq bu kimi hallara görə Azərbaycanda polislərin kobud olduqlarına və vətəndaşlara münasibətdə yanlışlıqlara yol verdiklərinə inanların sayı kifayət qədər çoxdur.

“Beş barmağın beşi də bir ola bilməz”

Kriminalist Mahmud Hacıyev “Cümhuriyət” qəzetinə bildirib ki, istər hüquq mühafizə orqanları, istər digər güc strukturları, istərsə də cəmiyyət olsun, bunların içində olan insanlar yaxşılar və pislərə, peşəkar və qeyri-peşəkarlara, savadlı və savadsızlara ayrılırlar. M.Hacıyev hesab edir ki, insanların hamısına şablon baxmaq olmaz:

“Beş barmağın beşi də bir ola bilməz. Polisin də peşəkarı, qeyri-peşəkarı, pisi və yaxşısı var. Belə hadisələr həmişə olur. Bütün strukturlarda belə hallara rast gəlinir. Bunu ancaq polisin üzərinə yönəltmək doğru deyil. Lakin təəssüflər olsun ki, son vaxtlarda insanlar onlara qarşı olan kobudluqlara görə, öz haqlarını tələb etməkdə tənbəllik edirlər. Əgər təhqir olunmuş vətəndaş polisdən narazıdırsa, aidiyyatı orqanlara şikayət etsin.

Qanunlara ali nəzarətedici orqan kimi Baş Prokurorluq var. Vətəndaş hüququnu tələb etməyi bacarmalıdır. Vətəndaş da şikayət etmir, bu da mətbuat və ictimaiyyət arasında söz-söhbət yaradır. Çox güman ki, Daxili İşlər Nazirliyi buna adekvat cavab verəcək, xidməti təhqiqat aparacaq və inzibati xəta kimi o, cəzasını alacaq”.

“Qanunlar vətəndaşı qıcıqlandırır”

Kriminalist Şəmsəddin Əliyev “Cümhuriyət” qəzetinə deyib ki, mətbuatda tez-tez polislərin özbaşınalıq etdiklərinə dair məlumatlar yayılır. Bu da cəmiyyəti polislə üz-üzə qoyur ki, bu, çox təhlükəli haldır. Onun sözlərinə görə, qaydaları pozan vətəndaş ilk növbədə yol polisinin əmrlərinə tabe olmalıdır. Ş.Əliyevin sözlərinə görə, əgər vətəndaş da polisə tabe olmursa, bu zaman adekvat addımlar atılmalıdır:

“Qarşılıqlı anlaşma olmalıdır. Məsələnin bu formada cəmiyyətə çatdırılması qarşı tərəfin günahı ucbatından olub, polisin yox. Bir də görürsən ki, işıqfor qaydalarını pozan sürücülər polisin əmrlərinə tabe olmurlar. Yol polisi nə etməlidir? Belə olan halda da polisin qanunvericilik çərçivəsində davranması vətəndaşda qıcıq doğurur. Bütün problemlərin hamısı buradan qaynaqlanır. Amma ziyalı və intellektual vətəndaşlar belə hallara yol vermirlər.

Qanunlara hörmət etməyən sürücülər cəzalandırılmalıdırlar. Əgər qaydaları pozmuş vətəndaş polisin əmrlərinə tabe olmursa, bu zaman qanunvericilikdə göstərilmiş adekvat addımları atması hüququ polisdə qalır. Güc də tətbiq edə bilər, əlavə qüvvə də çağıra bilər. Əgər bir polis işçisi öz həddini aşıbsa, biz bunların hamısını bütün polislərə şamil edərik. Bu da polisin insanlar arasında nüfuzunu aşağı salır”.

Kriminalistin sözlərinə görə, qarşılıqlı anlaşma olsa, belə hallar ortaya çıxmaz: “Polis də Azərbaycan vətəndaşıdır. Amma polislərin arasında da həddini aşanlar var. Keçən ilin sonunda bu kimi hallara görə, Daxili İşlər Nazirliyinin sıralarından çoxlu sayda polis çıxarıldı. Mənfi hallara yol vermiş polislərin müxtəlif formalarda (rütbəsinin aşağı salınması, incibati və s.) cəzalandırılması halları da var. Amma bunlar çox vaxt mətbuata çıxarılmır.

Buna görə də insanlar arasında polislər haqda mənfi rəy yaranır. Yəni, polisə nəzarət var. Çünki digər strukturlardan fərqli olaraq, polis spesifik fəaliyyətə malikdir. Hər məlumatı da mətbuata çıxarmaq olmur. Buna görə də hər kəs qanunları bilməlidir ki, sabah belə hallar yaşanarsa, öz hüquqlarını tələb edə bilsin”.

Mənsur
Tarix: 26-01-2017, 22:14
Xəbəri paylaş





Xəbər lenti