Nərimanov rayonunda “budka”lara kim nəzarət edir?

Nərimanov rayonunda “budka”lara kim nəzarət edir? Hacıbala Abutalıbovun “söküntü” kampaniyasından kənarda qalan bəzi köşklər hələ də sərbəst fəaliyyət göstərir

Bakı Şəhər Ticarət və Xidmət Departamentində məsələni şərh etmək istəmirlər Ötən il ölkə mətbuatında Aşıq Alı küçəsinin sakini Babayev Ağababa İlqar oğlunun Baş prokuror Zakir Qaralova və Vergilər Naziri Fazil Məmmədova müraciəti dərc olunmuşdu.

“Vergilər Nazirliyindəki mənbələr tərəfindən daxil olan məlumatda deyilir ki, Nərimanov sakini Babayev Ağababa İlqar oğlu Baş prokuror Zakir Qaralova və Vergilər Naziri Fazil Məmmədova müraciət edib. Müraciətin bir nüsxəsi də Vergilər Nazirliyində olan mənbə tərəfindən 365info.az saytının redaksiyasına göndərilib. Müraciətin tarixi 12.07.2016 cı il olduğu üçün bizə də maraqlı gəldi ki, görəsən Baş Prokurorluq və Vergilər Nazirliyi vətandaşın müraciəti əsasında nə tədbirlər keçirib? Müraciətdə deyilir: “Yazıb Sizə bildirirəm ki, yaşadığım Nərimanov rayonu Aşıq Alı küçəsi 7/19 binanın həyətində dəmirdən olan bir köşkdə Ərzaq mağazası adı ilə qida məhsulları, meyvə-tərəvəz və ərzaq mallarının ticarət-alveri aparılır.

Bu alverə Əbdül adlı şəxs başçılıq edir. Bu şəxs neçə illərdi bizim həyətdə ticarət alveri ilə məşğul olsa da, qonşular tərəfindən ondan mal alanlara, aldıqları malın çekini vermir. Hətta dəfələrlə şahidi olmuşam ki, qonşular tərəfindən ondan alınan malların pulu kassaya da vurulmur. Özüm azacıq apardığım araşdırma nəticəsində qonşular tərəfindən əldə etdiyim məlumata görə, Əbdül kişi ərazi üzrə vergi orqanlarının əməkdaşlarına aylıq rüşvət verdiyi üçün, uzun illərdir aylıq-illik dövriyyəni vergidən gizlədir.

Hörmətli Baş prokuror, Hörmətli cənab nazir!
Apardığım digər araşdırma nəticəsində mənə məlum oldu ki, dəmir köşk bizim həyətdə, yəni Aşıq Alı küçəsi 7/19 binanın həyətində yerləşsə də, bu obyekt vergilər orqanlarından Bakı şəhəri Nərimanov rayonu F.Xoyski küçəsi 118-də yerləşən ərzaq mağazası kimi qeydiyyatdan keçib.

Mən də bir vətəndaş olaraq özümə borc bildim ki, bu barədə şəxsən Sizə müraciət edim. Çünki Əbdül kişi kimi dırnaq arasında özünü “sahibkar” sayan şəxslər çox olsa və onunla yerli vergi orqanlarının əməkdaşları əlbir olaraq cinayətlərinə göz yumsalar, Vergilər Nazirliyi dövlətin büdcəsini hansı vəsaitlə yığa bilər?!” (365info.az).
Nərimanov rayonunda “budka”lara kim nəzarət edir?
LEGİON xatırladır ki, Bakıda qanunsuz “budka”lar hələ 2000-ci ildə Hacıbala Abutalıbovun mer təyin olunmasının ilk vaxtlarında sökülməyə başlamışdı. 17 il ərzində şəhərdə hələ də bəzi yerlərdə köhnə köşklərə rast gəlmək olar. Lakin sual yarana bilər ki, bu köşklər öz varlıqlarını necə və kimin köməyi ilə sürdürürlər? Onlara kim nəzarət edir və ya nəzarətdən kənarda necə qalıblar? Məsələyə aydınlıq gətirmək üçün, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədovaya zəng etdik, lakin N.Məmmədova zənglərimizə cavab vermədi.

Bakı Şəhər Ticarət və Xidmət Departamentinə zəng etdiyimizdə isə mühafizəçi bizə ancaq mətbuat katibi Əlabbas Bağırovla danışmağı tövsiyə etdi. Ə.Bağırov isə nə mobil, nə iş nömrəsinə etdiyimiz zənglərə cavab vermədi. Bakı Şəhər Ticarət və Xidmət Departamentinin ümumi şöbəsində isə belə cavab aldıq: “Biz ancaq məktublara baxırıq. Suallarınıza cavab verə bilmərik. Rəhbərlikdən, şöbə müdirlərindən isə heç kim burda yoxdur. Ancaq Əlabbas Bağırovla danışa bilərsiniz”.
İş günü Bakı Şəhər Ticarət və Xidmət Departamentində nə rəisi, nə rəis müavinlərini, nə də şöbə müdirlərini “yerində tapa bilməməyimizə” çox təəssüfləndik. Bəlkə, bu departamentin vəzifəli şəxsləri işləmək elə işdə oturmamaq üçün maaş alırlar?
Tarix: 27-01-2017, 13:18
Xəbəri paylaş





Xəbər lenti