Bir və ya bir neçə erməni əsgərini əsir götürüb əsgərimizin meyiti ilə dəyişməliyik — Hərbi ekspert

Bir və ya bir neçə erməni əsgərini əsir götürüb əsgərimizin meyiti ilə dəyişməliyik — Hərbi ekspert 29 dekabr 2016-cı ildə Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin törətdiyi təxribat nəticəsində əsgərimiz Çingiz Qurbanovun meyiti qarşı tərəfin əlinə keçib. Ermənistan tərəfi törətdiyi təxribatı Azərbaycanın üzərinə ataraq beynəlxalq aləmə "Azərbaycan dövlət sərhədimizi pozub", deyə haray çəkdi.

Hadisənin üstündən bir aydan çox vaxt keçsə də, əsgərimizin meyiti ermənilərin əlindədir. Beynəlxalq təşkilatlar məsələni diqqətdə saxladıqlarını desələr də, ortada konkret bir nəticə yoxdur.

Məsələ ilə bağlı hərbi ekspert Tərlan Eyvazov fikirlərini Ölkə.Az-la bölüşüb:

"Ermənistan hakimiyyəti Dağlıq Qarabağ problemi ilə bağlı heç bir diplomatik hərəkət edə bilmədiyinə görə, Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat keçirdi. Ermənistan əvvəlcədən elə hazırlaşmışdı ki, guya Azərbaycan Ermənistanın hərbi obyektinə hücum edib, ermənilər də buna cavab veriblər. Azərbaycan tərəfinin gecikmiş də olsa məntiqli cavabı ilə sübut olundu ki, Ermənistan əvvəlcədən hazırlanmış plana əsasən Azərbaycan tərəfinə hücum edib, həmin yerdə şəhid olmuş əsgərimizin meyitini özləri ilə götürüb aparıblar. Bundan sonra bütün dünyaya bəyan etmək istəyirlər ki, Azərbaycan tərəfinin hücumu zamanı bu əsgər öldürülüb. Sonradan araşdırma zamanı məlum oldu ki, ermənilərin meyitini apardığı şəxs nə kəşfiyyatçı, nə də xüsusi təyinatlıdır. Öldürülən əsgər adi postda dayanan əsgərdir. Həmin əsgər erməni təxribatının qurbanı olub.

Mübariz İbrahimovun da nəşinin verilməsi çox uzadılmışdı. Sonradan prezident İlham Əliyev məxsusi olaraq o zamankı Rusiya prezidenti Dimitri Medvedyevlə danışdı. Bunun nəticəsində Mübariz İbrahimovun nəşini ala bildik. Bu gün Rusiya hətta bu məsələyə də getmir. Beynəlxalq təşkilatlar da bu məsələni Rusiyanın üzərinə atıb. Beynəlxalq təşkilatlar heç bir iş görmür, görməyəcəklər də. "Qırmızı Xaç" hümanitar bir təşkilatdır. Bu təşkilat ancaq müraciət edə bilər. Onun hər hansısa bir təzyiq vasitəsi yoxdur".

Azərbaycanın öz əsgərinin meyitini geri qaytarması üçün atacağı addımla bağlı hərbi ekspert bunları dedi:

"Azərbaycan öz gücünə güvənməlidir. Bizim xüsusi qüvvələrimiz və imkanlarımız var. Bir və ya bir neçə erməni əsgərini əsir götürüb əsgərimizin meyiti ilə dəyişməliyik. Aprel hadisələrindən sonra beynəlxalq təşkilatlar atəşkəsi dayandırıb və tez-tez monitorinqlər keçirirlər. Ancaq indi bir namus, qeyrət məsələsi var. Azərbaycan ordusuna xələl gələ biləcək bir hadisə baş verib. Biz əsgərimizin meyitini yuxarıda dediyim yolla geri qaytarmalıyıq. Ermənistan tərəfi qəsdən bu məsələni uzadacaq. Bu yubatma Ermənistana sərf edir. Belə ki, Ermənistan öz əhalisi arasında, ordusunda dövlətin nüfuzunu artırmağı planlaşdırır və Azərbaycana qarşı saymamazlıq göstərir. Saymamazlıq olan yerdə də, məxsusi tədbirlər keçirib, lazımi sayda əsir götürüb dəyişmək lazımdır".

Səxavət Məmməd
Tarix: 31-01-2017, 14:59
Xəbəri paylaş





Xəbər lenti