«Onlar Nardaran hadisələri zamanı Bakıda olmayıb»

«Onlar Nardaran hadisələri zamanı Bakıda olmayıb» Vəkil 26 noyabr hadisələrində təqsirləndirilənlərin günahsız olduğunu deyir «Onun öz vəkili ola-ola təyinatla vəkil təqdim edib, sənədləri saxtalaşdırıblar»
Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il noyabrın 26-da Nardaranda baş vermiş hadisələrdən sonra həbs edilən Zülfüqar Mikayılov, Elman Ağayev və digərlərinin cinayət işi üzrə hazırlıq iclası davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən Elxan Həsənovun vəkili Ramiz Məmmədov çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxs 26 noyabr 2015-ci ildə ümumiyyətlə ölkədə olmayıb və 11 dekabrda ölkəyə qayıdan zaman Astara Gömrük Keçid Məntəqəsində saxlanılaraq Bakıya gətirilib. “Tutulan vaxt üzərində və yükündə axtarış aparılması barədə məlumat yoxdur. Bir gün Bakıda saxlanıldıqdan sonra guya onda silah-sursat olması haqqında məlumat daxil olub və bundan sonra əməliyyat qrupu onun Lənkərandakı evinə gedərək axtarış aparıblar. Aparılan axtarış zamanı isə onun evindən silah-sursat və Taleh Bağırzadənin müraciət kitabçısı olduğu deyilən kitabçadan beş ədəd tapılıb”. Vəkil bildirib ki, bu, prosessual pozuntudur. Onun sözlərinə görə axtarış məhkəmənin qərarı olmadan aparılıb. Vəkil axtarış-götürmə haqqında olan protokol qanunsuz olaraq tərtib edildiyi üçün sübutlar siyahısından çıxarılması və axtarışda iştirak edən 2 hal şahidinin də məhkəmədə dindirilməsini istəyib.
Vəkilin digər vəsatəti isə E.Həsənov barədə verilmiş xasiyyətnaməyə görə Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşovun məhkəmədə ifadə verməsi barədə olub.


Təqsirləndirilən Elman Ağayevin vəkili Akif Əliyev bildirib ki, müdafiə etdiyi şəxsin Lənkəran şəhərindəki mənzilində axtarış Lənkəran şəhər Polis Şöbəsinin keçmiş rəisi Möhübbət Hüseynov, onun müavini və digər polis əməkdaşları tərəfindən keçirilsə də, cinayət işinin materiallarında axtarışın BMCMİ-nin əməliyyat müvəkkili Elman Bayramov tərəfindən keçirilməsi yazılıb. “Müvəkkilim 19 gün BMCMİ-də saxlanılsa da, bizə bu haqda məlumat verilməyib. Dəfələrlə prokurorluğa müraciət etdik, lakin cavab vermədilər. Onun öz vəkili ola-ola təyinatla vəkil təqdim edib, sənədləri saxtalaşdırıblar. Müdafiə hüququ kobud şəkildə pozulub. Bu tamamilə sifarişli işdir. Biz istintaq orqanından Möhübbət Hüseynov, onun müavini və digər polis əməkdaşlarının şahid kimi dindirilməsini istədik. Lakin əhəmiyyət vermədilər. Heç olmasa görüntü xətrinə bunu edərdilər. Elman Ağayevin cinayət təqibi qanunsuzdur” - deyən vəkil cinayət təqibinə xitam verilməsini istəyib.

İclasda çıxış edən Elman Ağayev işgəncələrə məruz qaldığını deyib.

Mehman Məmmədovun vəkili isə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Digər vəkillər isə deyiblər ki, ittiham aktında məhkəməyə çağırılacaq şahidlərin siyahısı yoxdur. Onlar məhkəmədən həmin siyahının verilməsini istəyiblər.

Dövlət ittihamçısı isə heç bir vəsatətin təmin edilməməsini istəyib.

Məhkəmə iclası fevralın 6-da davam edəcək. Vəsatətlərlə bağlı məhkəmə qərarı həmin gün açıqlanacaq.


2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub. Əməliyyat zamanı “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri olmaqla ümumilikdə 60 nəfər saxlanılıb. Saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb. Qəsdən adam öldürmə, qanunsuz silah saxlama və digər maddələrlə ilə ittiham verilən Taleh Bağırov və digər 18 nəfərin cinayət işi üzrə hökm oxunub. Taleh Bağırovun müavini olan Elçin Qasımov və digər 12 nəfərin cinayət işi üzrə istintaq isə bir müddət əvvəl yekunlaşıb və baxılması üşün məhkəməyə göndərilib.

Rəşad VAQİFOĞLU
Tarix: 3-02-2017, 09:04
Xəbəri paylaş





Xəbər lenti