İş adamından alınan 2 milyon, baş redaktorun ifadəsi, Elşad Abdullayevin gizli çəkilişi...

 İş adamından alınan 2 milyon, baş redaktorun ifadəsi, Elşad Abdullayevin gizli çəkilişi... “Mənim 2 milyon dollarımı Mövlam Şıxəliyev Vüsal Ələkbərovun əli ilə alıb” – "MTN işi"
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan MTN zabitinin məhkəməsi hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilib.

Prosesdə zərərçəkmiş şəxs qismində tanınan iş adamı Nizami Kazımovun epizodu üzrə şahid qismində Şahin Hüseynov ifadə verib.

Şahid Nizami Kazımovun kürəkəni Samirin dostu olduğunu deyib. Onun sözlərinə görə, N.Kazımov MTN əməkdaşları tərəfindən saxlanılarkən "Çanaqqala" restoranında Tahir Əbdülqasımov və onun oğlu ilə birlikdə olublar.

“Həmin vaxt Tahir müəllim dedi ki, Nizami Kazımovun həbsdən azad edilməsi üçün evdən pulu götürüb və MTN-ə aparmaq lazımdır. Biz birlikdə evdən pulu götürmək üçün Həzi Aslanova getdik. Evdən pulu götürüb MTN-ə apardıq. MTN-dən dedilər ki, hamınız yox, təkcə Samir pulu gətirsin. Maşını MTN-dən 20 metr aralıda saxladıq. Samir pulu götürüb MTN-nin qarşısına getdi və bir nəfərə verdi".

Məhkəmə digər epizodla davam edib. İclasda iş adamı Hüseyn Səfərova qarşı edilən qanun pozuntuları ilə bağlı şahidlər dindirilib.

İlk olaraq şahid qismində Səhiyyə Nazirliyinin Məhkəmə tibbi Ekspertiza və Anatomiya Elmi Təcrübə Tədrisi birliyinin ekspertiza şöbəsinin rəisi Ziyafəddin Məmmədov ifadə verib.

Şöbə rəisi Hüseyn Səfərovu 2008-ci ildə MTN-nin istintaq təcridxanasında saxlanıldığı zaman müayinə etdiyini, xəstə olması ilə bağlı ekspertiza rəyi verdiyini, həmin ekspertiza rəyini təsdiqlədiyini söyləyib.

O, bildirib ki, həmin rəyi verən zaman ona hər hansı təzyiq və tapşırıq olmayıb.

Şahidin ifadəsinə zərərçəkmiş iş adamı Hüseyn Səfərov münasibət bildirib.

“Keçmiş MTN elə zülmət yer idi ki, oranı xatırlamaq belə mümkün deyil. Mənim müayinədən keçməyim üçün MTN özü müraciət edib. Həkimdən keçmək istəyi ilə bağlı mənim ərizə və ya müraciətim olmayıb. Həmin vaxt həkimlər məni Vüsal Ələkbərovun xidməti otağında müayinə ediblər”,- zərərçəkmiş qeyd edib.

Məhkəmədə digər məhkəmə ekspertizasının həkimləri də ifadə veriblər. Onların da ifadələri eyni məzmunlu olub.

MTN zabiti Vüsal Ələkbərov ekspertiza həkimlərinin ifadəsinə münasibət bildirmək üçün məhkəmədən söz istəyib.

“Məhkəmə tibbi ekspertizasının rəyində göstərildi ki, Hüseyn Səfərovun şəkərinin dərəcəsi yüksəkdir, hətta 500-dən çox idi. Belə vəziyyətdə o, MTN-nin təcridxanasında şoka düşə bilərdi, həyatı üçün təhlükə var idi. Buna görə də onun həbsdən azad edilməsinə barədə qərar qəbul etdik”- deyə V.Ələkbərov söyləyib.

Hüseyn Səfərov isə MTN zabitinin dediklərinə cavab olaraq bildirib ki, həbs olunan zaman onun vəziyyəti daha ağır olub.

Daha sonra şahid qismində Hüseyn Səfərovun qudası Nizaməddin Məmmədov ifadə verib.

O bildirib ki, 2008-ci ildə Hüseyn Səfərovun həbsdən azad edilməsi üçün pul verdiyini söyləyib.

N.Məmmədov ümumilikdə 150 min manat verdiyini qeyd edib: "Bu günə kimi də pulumu qaytarmağa Hüseynin imkanı olmayıb. O, mənə borclu qalıb. Bu gün də ondan pulumu tələb etmirəm”.

Şahid qismində ifadə verən İlham Məmmədov da ifadə verib. O, zərərçəkənin dostu olduğunu deyib.

Onun sözlərinə görə, 2008-ci ildə dostu Hüseyn Səfərovun həyat yoldaşı Natiqə xanım onlara gəlib və ərinin həbsdən azad edilməsi üçün külli miqdarda pul tələb edildiyini bildirib.

O, ifadəsində dostunun həbsdən çıxması üçün maddi köməklik etdiyini deyib: “Natiqə xanım bizim də onlara maddi cəhətdən köməklik göstərməyimizi istədi. Natiqə xanım gedəndən sonra fikirləşdim ki, Hüseyn ilə illərin dostu olmuşuq, onun həbsdən azad edilməsinə köməklik etmək lazımdır. Buna görə də 100 min dollar taparaq Natiqə xanıma verdim. Hüseyn həbsdən çıxıb, sonra bankdan kredit də götürüb. O, həbsdən azad edilməsi üçün külli miqdarda borca düşüb, bu gün də borcludur. Mənim də pulumu qaytarmağa imkanı yoxdur”.

İlham Məmmədov ifadəsinə onu da əlavə edib ki, dostu “Texnikabank”ın Bakı filialına depozit pul qoyduğu üçün MTN tərəfindən həbs edilib.

Prosesdə şahid qismində “Təzadlar” qəzetinin baş redaktoru Asif Məmmədov ifadə verib.

O, bildirib ki, Hüseyn Səfərov ilə 2011-ci ildə ləğv edilmiş Azərbaycan Beynəlxalq Unversitetinin rektoru Elşad Abdullayevin iş adamı Arzu Kazımovun barəsində verdiyi şikayətlərlə əlaqədar jurnalist araşdırması zamanı tanış olub.

"Hüseyn Səfərovun 2014-2016-cı illərdə daxil olan şikayətləri, həmçinin onun iqtisadçi ekspert kimi müsahibələri qəzetdə dərc edilib. Bununla əlaqədar aramızda xoş münasibətlər yaranıb. Hüseyn Səfərovun MTN əməkdaşları barəsində Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını ilk dəfə özündən eşitmişəm"- deyə redaktor əlavə edib.

Asif Məmmədovun sözlərinə görə, Hüseyn Səfərov MTN əməkdaşları Mövlam Şıxəliyev və Vüsal Ələkbərovun ondan 2 milyon dollar aldığını bildirib.

Asif Məmmədov daha sonra ifadəsində təqsirləndirilən Vüsal Ələkbərovu yaxşı tanıdğını, onun həbsdə saxlanılmasını istəmədiyini deyib: “Vüsal Ələkbərov nüfuzlu bir qurumun rəhbəri olub. Onun həbsdə saxlanılmasını arzu etmirəm, dəymiş ziyanı ödəsə, azadlığa çıxmasını arzulayıram. Vüsal Ələkbərov və Mövlam Şıxəliyevlə bağlı dəfələrlə qəzetimizdə silsilə yazılar gedib. Bundan sonra Mövlan Şıxəliyev və onun adamları bizim redaksiyaya müraciət ediblər. Hətta Mövlam Şıxəliyev tərəfindən redaksiyamıza şantaj xarakterli mesaj da gəlib. Mesajın hədə-qorxu hissəsini çıxmaq şərti ilə qalan hissəni qəzetdə dərc etmişik. Mövlam Şıxəliyev mesajında Hüseyn Səfərovun yalan danışdığını deyib”.

Həbsdə olan MTN zabiti Vüsal Ələkbərov isə bildirib ki, şahid qismində ifadə verən Asif Məmmədovu yaxşı tanıyır:

“Ona bir ziyalı kimi həmişə hörmətim olub, burada ifadə verir. Mənim də onun haqqında deyəcək çox sözüm var, amma demirəm. Nə demək istədiyimi Asif müəllimin özü yaxşı bilir”.

Asif Məmmədov isə Vüsal Ələkbərovun dediklərinə narazılığını ifadə edib və onun haqqında bildiklərini söyləməsini istəyib: “Burada şifrəli danışır. Sabahda yazacaqlar ki, Asifin kiminləsə əlaqəsi olub. Nə lazımdır desin, hər kəs də bilsin. Daha gizli danışmaq nəyə lazım...”.

Bu zaman çıxış edən Hüseyn Səfərov bildirib ki, 2010-cu ildə Elşad Abdullayev tərəfindən videoya çəkilib: “Həmin video internetdə var. O vaxtı bildirmişəm ki, mənim 2 milyon dollarımı Mövlam Şıxəliyev Vüsal Ələkbərovun əli ilə alıb”.

Növbəti məhkəmə prosesi fevralın 16-na təyun edilib.

İlkin Muradov, musavat.com
Tarix: 9-02-2017, 23:18
Xəbəri paylaş





Xəbər lenti