Qaz təchizatındakı problemlərin əsas səbəbi: Köhnə sistem, yoxsa qənaət rejimi? - RƏSMİ AÇIQLAMA

Qaz təchizatındakı problemlərin əsas səbəbi: Köhnə sistem, yoxsa qənaət rejimi? - RƏSMİ AÇIQLAMA Öncəki illərdən fərqli olaraq cari ilin payız-qış fəslində mavi yanacağın verilişində çoxsaylı problemlər müşahidə edilib. Mütəmadi olaraq ölkənin müxtəlif şəhərlərində, paytaxt Bakının ayrı-ayrı rayonlarında mavi yanacağın verilişində məhdudiyyətlər yaranır. Təkcə bu ay ərzində dəfələrlə Nəsimi, Sabunçu, Yasamal rayonu, eləcə də digər ərazilərdə qaz verilişinin dayandırılacağına dair rəsmi bildirişlər yayılıb və hər dəfəsində səbəb kimi təmir işlərinin aparılması göstərilib. Bu isə cavabdeh idarələrin qış hazırlığının qənaətbəxş olmaması barədə fikirlərin yaranmasına səbəb olub.

“Azəriqaz” Açıq Səhmdar Cəmiyyəti də kommunal xidmətlər göstərən digər qurumlar kimi qışa hazırlığın yüksək səviyyədə olduğunu, təmir-bərpa işlərinin yekunlaşdığını deyir. Əgər qışa hazırlıq aparılıb, təmir-bərpa işləri başa çatıbsa, yaranan bu problemləri nə ilə əlaqələndirmək olar?

Qaz təchizatındakı problemlərin əsas səbəbi: Köhnə sistem, yoxsa qənaət rejimi? - RƏSMİ AÇIQLAMA

Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri İbrahim Kərbəlayev Cebhe.info-nun bu barədə sualını cavablandırıb.

Onun sözlərinə görə, qaz təchizatının dayandırılmasına zərurət yarandıqda öncədən bu haqda ictimaiyyət məlumatlandırırlar: “Ötən illərlə müqayisədə İstehsalat Birliyinin daxili imkanları hesabına yaranan problemlər aradan qaldırılır. Payız-qış mövsümü ilə əlaqədar olaraq işlərin icrası yekunlaşıb. Bu müddətdə qurum tərəfindən xeyli işlər görülüb, qaz xətləri yenilənib, texniki problemlər aradan qaldırılıb. Xətlərin təhlükə yaradan hissələri dəyişdirilib”.

Qurumdan bildirilib ki, qaz xətlərində davamlı olaraq problemlərin yaranmasının əsas səbəbi sistemin köhnə olmasıdır: “ Bakı-Abşeronda qaz xətlərinin xeyli hissəsi sovet dövründən qalıb. Bu xətlərin böyük qismi 70-ci illərdə çəkilib. 2009-2016-cı illərdə, elə bu günədək kilometrlərlə qaz xətti yenilənib, əsaslı təmir işləri aparılıb. Təbii qaza tələbat artdıqca mavi yanacağın verilməsində də artım olub. İstehlakçılar üçün probelm yaranan hissələr yenilənib”.

İ.Kərbəlayev qaz təchizatında yaranan problemlərin əslində qənaət məqsədi daşıması barədə xəbərlərə də münasibət bildirib: “Xeyr, bizim qurum qənaət rejimində deyil. Qənaət etmək naminə mavi yanacağın verilişində fasilə yaratmırıq. Təbii yaranan texniki problemlərlə əlaqədar olaraq mavi yanacağın verilişi dayandırılır. Yay aylarında 10 milyon kub metr qaz sərfiyyatı olurdusa, qış aylarında bu rəqəm 30 milyon kub metrdən daha çox olur. Bu səbəbdən daşıyıcı qaz xətlərində təhlükə yarada biləcək hissələrə nəzarət edilir”.

İ.Kərbəlayev bu gün Xətai rayonunda mavi yanacağın verilişində yaranan problemlərə də aydınlıq gətirib: “Xətai rayonu, Aşıq Ələsgər küçəsi 17 ünvanında yerləşən Şərq-Qərbmülk MTK-ya məxsus 408 mənilli yaşayış binasında təbii qazın verilməsində yaranan problem yeni çəkilən qaz xəttinə birləşmə əməliyyatı ilə əlaqədardır. Rayonun Sarayevlər, Qaçaq Nəbi, Cavanşir, Sadıqcan, Məhəmməd Hadi, Şirvani, Şixlinsi küçələri, o cümlədən də Gəncə prospektində yerləşən ərazilərin bir qismində təbii qazın verilişində məhdudiyyətlər yaranıb. Axşam saatlarınadək problem həllini tapmalıdır”.

Nigar Məhərrəm
Tarix: 10-02-2017, 16:58
Xəbəri paylaş





Xəbər lenti