Soyuq müharibə oyunları

Soyuq müharibə oyunları Yaxud, Aleksdən Yustasa

Bu yaxında amerikalı və rusiyalı generallar Bakıda görüşdülər. Həmin gün mənim ağlıma belə destruktiv bir fikir gəldi: “Gör dünya nə kökə düşüb ki, artıq beynəlxalq danışıqlar üçün Bakıdan başqa yer qalmayıbdır”. Ancaq o fikri dərhal qovdum getdi, hüquq-mühafizə orqanlarına burdan salam göndərirəm.


Əslində isə “soyuq müharibə” vəziyyətində olan iki hegemon dövlətin məhz Bakıda görüşməsi dünyanın başqa yerlərinin daha pis gündə olması ilə bağlı deyildir. (Hələ bəzi ağzıgöyçəklər yazdılar ki, rusiyalı general Qərbin sanksiyaları üzündən onsuz başqa yerə gedə bilmirmiş). Azərbaycanın qlobal miqyasda uğurları ilə əlaqədardır! Hətta mən Azad müəllimlə danışdım, deyir bəlkə gələn il Soyuq Müharibə Oyunları təşkil edib Qərb və Rusiyanın müttəfiqlərini idman yarışlarında qarşılaşdırdıq. Əhsən. İdman sülh deməkdir!

Diqqət etsək, tarixdə bunun analoqu olmuşdur. Vaxtilə alman faşistləri dünyaya savaş elan edəndə Hitlerin bəzi tərəfdarları məğlubiyyətin yaxınlaşdığını görəndə Amerika, Britaniya ilə separat danışıqlara cəhd etmişdilər və bunun üçün İsveçrənin Bern şəhəri seçilmişdi. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin gələcək rəhbəri Allen Dalles və faşist general Volf arasında bir neçə görüş olmuşdu. Çox xırdalamaq istəmirəm, təbii ki, yoldaşlar bu söhbəti “Baharın on yeddi anı” filmindən gözəl xatırlayırlar.

Həmin film məhz bu görüşlər ətrafında cərəyan edən hadisələrin bədii təsviridir, inşallah, kino sənayemiz inkişaf edəndə bu temada “Bakının on yeddi fevralı” adında serial çəkərik, Ştirlits rolunu isə Nurəddin Mehdixanlı oynayar. Saundtrek kimi “Maral, maral” mahnısını təklif edirəm. Məsələn, film belə başlaya bilər ki, Nurəddin müəllim “badımcan” taksidə Biləsuvar gömrüyündən İrandan üzü bəri keçir, AMEA professoru Pələşov isə maaşı az olduğu üçün balkondan atılıb intihar edir. Allahşükür bəyə xizək geyindirib Qəbələdə, Tufandağda əməliyyat tapşırığına göndərmək də olacaq. Ancaq bunlar sonrakı məsələlərdir, sənətkarları öz ixtiyarlarına buraxaq.

Sözümün canı odur ki, həmin vaxt İsveçrə bütün dünyada neytral qalan azsaylı ərazidən biri idi, hətta almanlar da oranı işğal etməmişdi. İndi Bakımız, Azərbaycanımız İsveçrə kimi bir yerdir. O cümlədən, Tehrana da bənzəyirik.

Axı ortada rəhmətlik gözəl sənətkarımız Ələsgər Məmmədoğlunun da epizodik rol aldığı, Alen Delonla birgə oynadığı “Tehran-43" filmi də var! Orda da antifaşist koalisiyanın rəhbərləri Stalin, Ruzvelt və Çörçill görüşməyə başqa yer tapmayıb Tehranda yığışmışdılar.

Ümumiyyətlə, Azərbaycanımız dünyaya yaxşı örnəklər verməkdə davam edir. ABŞ prezidenti Tramp hakimiyyətə gəldiyi bir ay müddətində neçə dənə qərarında səhvlər tapılıb. Bəzilərini isə dəyişməyə məcbur olublar. Bu, Azərbaycanın politoloji metodudur. Misal üçün, bizdə bir də görürsən arağı kartla satmaq qərarı verilir, bir ay sonra ləğv edilir. Qaçqınlara sayğac qoymaq qərarında da ciddi dəyişiklik edildi. Qanunları tez-tez dəyişəndə düşmənlər çaşırlar, bilmirlər necə qanunsuzluq edib dövləti sarsıtsınlar.

Başqa ciddi oxşarlıq isə Trampın leksikonudur. Orda mətbuatla prezident arasında yavaş-yavaş qızışan “soyuq müharibə” gedir, ola bilər yaxınlarda Nyu York Tayms-ın müxbirini uşağa yoqurt alıb evinə getdiyi vaxt blokda, özü də bir meksikalıya vurduracaqlar. Tələsməyək, hələlik söz davasına baxaq. Mətbuat Trampı nədə tənqid edirsə cavabında söz tapmayanda deyir: “Obamanın vaxtında daha pis idi”. Ya da belə: “Bu problemi Hillari Klinton dövlət katibi işləyəndə yaradıb”.

Əladır. Tam bizim yapistlərin “AXC-Müsavat cütlüyü 1992-93-də hakimiyyətə gəlmişdi, ölkə dağılırdı” söhbətidir! Hətta mən arada şübhələnirəm ki, Novruz Məmmədov Trampın məxfi məsləhətçilərindən biridir, Tvitterdə ona vaxtaşırı konspekt ötürür.

Adam fəxr eləyir ki, Azərbaycan kimi dövlətin vətəndaşıdır. Burdan qaçıb gedənləri heç cür başa düşmürəm. Axı şairin misrasına yüngülcə əl gəzdirsək, “Hamı bizə tərəf gəlir, Biz durmuşuq yerimizdə”.



Zamin HACI
Tarix: 20-02-2017, 08:53
Xəbəri paylaş





Xəbər lenti