“Avropa ilə vizaları ləğv etmək lazımdır” - iqtisadçıdan prezidentin sərəncamına reaksiya

“Avropa ilə vizaları ləğv etmək lazımdır” - iqtisadçıdan prezidentin sərəncamına reaksiya “Vizalarla bağlı problem uzun müddət idi ki, müzakirə olunurdu və addım-addım bu sahədə müəyyən işlər görülürdü.İlk olaraq elektron viza sisteminə keçildi və 3 gün ərzində Azərbaycana gələn əcnəbilərə elektron formada vizanın verilməsinə başlandı. Sərhəddə vizaların verilməsi məsələsi sürətlənir. Sərhəd keçid məntəqələrinin işi təkmilləşdirilir.Təbii ki, bu addımlar turizmin inkişafı üçün müsbət addımlardır”

Bu sözləri Politika.Az-a iqtisadçı Natiq Cəfərli prezidentin turizmlə bağlı son sərəncamını şərh edərkən bildirib.

Ekspertin fikrincə, sadəcə bəzi ölkələrə vizaların götürülməsi daha məqsədəuyğun olardı: “Gürcüstanın 108 ölkə ilə vizası olmadığı üçün turizmdə ciddi inkişaflar gözə dəyir.Turistlər üçün vaxt itkisi,viza ilə bağlı problemlərin həlli cəlbedici məsələ deyil.

Ona görə də, Avropadan gələn turistlərin bir çoxu Gürcüstana gəldikdən sonra Azərbaycana keçid üçün viza lazım olduğundan ölkəmizə səfər etmirlər. Türkiyə bizdən viza tələb etmir,lakin biz hələ də Türkiyə vətəndaşlarına viza veririk”.

N.Cəfərli Politika.Az-a söyləyib ki, sərhəddə vizanın tez bir zamanda verilməsi turistlərüçün problemi aradan qaldıracaq: “Mənə elə gəlir ki,bir müddət sonra əsasən Avropa ölkələri ilə vizaları ləğv etmək lazımdır.

Azərbaycanda turizmin inkişaf etdirilmısi üçün otellərlə bağlı problemlər var. Ölkəmizdə çox təəssüf ki,ucuz otel şəbəkəsi yoxdur. Gürcüstan turizmdən keçən il 2 milyard dollar gəlir əldə edib. Azərbaycanda da bu turistlərin sayından asılı olacaq”.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi məqsədi ilə aşağıdakı qərar verilib:

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti:

Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidini təmin etmək məqsədi ilə xüsusi ayrılmış hərəkət zolaqlarının müəyyən edilməsi üçün müvafiq infrastrukturun yaradılmasını üç ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə birgə məlumat versinlər.
Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi elektron vizaların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən bilavasitə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində əldə edilməsinə şərait yaratmaq məqsədi ilə, bütün buraxılış məntəqələrində "ASAN ödəniş” terminalları vasitəsilə "ASAN Viza” sisteminə daxil olaraq elektron viza üçün müraciət etmək imkanının yaradılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Tarix: 21-02-2017, 19:56
Xəbəri paylaş





Xəbər lenti