İki əməliyyat: Zakir Qaralovun anti-korrupsiya həbslərində növbə kimlərindir? - Gizlinlər

İki əməliyyat: Zakir Qaralovun anti-korrupsiya həbslərində növbə kimlərindir? - Gizlinlər Ötən həftə Gəncə Musiqi Kollecinin direktoru Gülçin Mirzəyeva rüşvətlə yaxalandı və vəzifəsindən azad olundu. Fevralın 27-də isə Bakı Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun rüşvət tələb etməsi ilə bağlı cinayət işi başlanıb.

Politika.Az-a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi anti-korrupsiya həbslərinin yeni dalğasına başlayıb.

Əvvəlcə təhsil, ardınca səhiyyə sektorunda rüşvətə qarşı mübarizə əməliyyatlarının mədəniyyət, maliyyə, vergi, gömrük və s. bütün sahələri əhatə edəcəyi gözlənilir.

Bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi daxil olan şikayətləri dərhal araşdırır və faktlar əsasında əməliyyat keçirir.

Ölkə rəhbərliyi və Baş prokuror Zakir Qaralov təxirəsalınmaz tapşırıqlar verib və rüşvətə qarşı mübarizə sərtləşdirilir. Bu həbslərin müxtəlif sektorları bürüyəcəyi xəbər verilir.

Hakimiyyət sosial-iqtisadi islahatlar, struktur dəyişiklikləri ilə bərabər qanunsuzluğa yol verən məmurlara qarşı mübarizəni də gücləndirir.

Politika.Az-a verilən məlumata görə, yaxın vaxtlarda banklarda, universitetlərdə, xəstəxanalarda və maliyyə idarələrində, vergi idarələrində, habelə müxtəlif fondlarda və şöbələrdə anti-korrupsiya həbsləri aparıla bilər. Z.Qaralovun sərt tələbi vətəndaşların şikayətlərinə həssas yanaşmaqdır.

Prezident son konfranda bəyan etmişdi ki, korrupsiyaya qarşı mübarizə aparılır, amma hələ də bu problem qalmaqdadır və ardıcıl iş aparılmalıdır.

Dövlət başçısının göstərişlərinin icrası ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısında konkret tapşırıqlar müəyyən edilib.

Daha maraqlısı budur ki, korrupsiya hüquqpozmalarının daha çox baş verdiyi sahələrin araşdırılması, onların təhlili və qarşısının alınması istiqamətində tədbirlərin görülməsi üçün müvafiq işçi qrupların yaradılmasına qərar verilib.

Bakı şəhəri, bütün rayon və şəhər prokurorlarına tapşırılıb ki, sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələr barədə daxil olmuş müraciətlər dərhal Respublika Baş Prokurorluğunun rəhbərliyinə məruzə edilsin.
Tarix: 28-02-2017, 22:30
Xəbəri paylaş





Xəbər lenti