Hökumətin repressiya “standart”ı

Hökumətin repressiya “standart”ı Yaxud, dünənki qurbana bəraət verib, bugünkü qurbanın haqqını yemək

Milli Məclisin İnsan hüquqları komitəsinin bugün keçirilən iclasında “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında”qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılıb. Dəyişiklik layihəsinə əsasən Azərbaycan Respublikasının prokuroluğu müvafiq icra hakimiyyəti orqanlarını cəlb etməklə, siyasi repressiyaya məruz qalmış şəxslərin işlərini yoxlayır və yoxlamanın nəticələrinə əsasən bəraət məsələsinə dair rəy verir.


Əlbəttə, repressiya dövrüylə bağlı gizlinlər üzə çıxarılmalı, “vətən xaini” adıyla damğalananlar həqiqi adını almalı və bu adamlara bəraət verilməlidir. Azərbaycanın böyük ziyalıları, ictimai-siyasi xadimləri Sovet dövrünün repressiya maşınının əsas hədəfi olub..

Amma bu qanun layihəsinə dəyişikliklə bağlı Milli Məclisdə müzakirə aparılması qəribə görünür. Məsələ burasındadır ki, bugünün siyasi repressiyalarına haqq qazandıranlar, dünənin siyasi repressiyasına məruz qalanlara bəraət verilməsini təmin edəcəklər. Ölkədə 100-dən artıq siyasi məhbus var, dünyanın tanınmış hüquq müdafiə təşkilatları, beynəlxalq təşkilatlar bu adamların azadlığını tələb edir və bu şəxslər ən nüfuzlu mükafatlara layiq görülür. Avropa Məhkəməsinə Azərbaycandan yüzlərlə şikayət ərizəsi daxil olur ki, bunun da əksəriyyəti siyasi repressiyalarla bağlıdır. Bəli, hökumətin repressiv addımları Avropa Məhkməsində sübuta yetirilir və dövlət bu adamlara təzminat ödəməli olur.

Təkcə “Nardaran işi” məhkəməsinə nəzər salamq kifayət edir ki, Sovet dövrünün ən iyrənc ənənələrinin bugün də davam etdiyini aydın görək. İnsanlar doğmalarıyla şantaj edilir, siyasi fəaliyyətlərinə görə şərlənərək həbs olunur, işgəncəyə məruz qalır və.s

Əminliklə demək olar ki, mövcud hakimiyyət Sovet imperiyasının cəlladlarına rəhmət oxutdururlar. O dövrdə repressiyalar olsa da, insanları öz adlarıyla həbs edirdilər. Yəni, cibə narkotika atmaq, evə silah qoymaq, avtomobilə kitab tullamaq dəbdə deyildi.

Göründüyü kimi ölkədə repressiya ənənəsi yaradanlar, repressiyaya məruz qalanların haqqını qaytarmağa çalışır. Əlbəttə, bir vaxt gələcək və bugün şərlənərək həbs olunmuş şəxslər bəraət alacaq, qəhrəman kimi qiymətləndiriləcək. Mövcud rejimin hüquqsuzluğu çiçəkləndirdiyi, qanunları tapdaq etdiyi dərsliklərə salınacaq.

Ona görə də mandatlı bəylər 70-80 il əvvələ boylanıb ədalət axtarışına çıxanda, bugünün ədalətsizliklərinə də nəzər salmalıdılar. Tam əminliklə demək olar ki, bugün Azərbaycanda baş verənlər, günahsız insanların ağır cəzalara məhkum ediməsi unudulmayacaq və bu mənəvi terroru törədənlər bəraət ala bilməyəcək.

İstənilən halda, tragikomik və ziddiyyətli mənzərə yaranıb. 70-80 il əvvəlin hüquqsuzluğuna qiymət verməyə girişiblər, amma 70-80 ildən sonra eyni hüquqsuzluğu təkrarlamaqla məşğuldular. Eyni zamanda aydın olur ki, hökumət ölkəni 70-80 il qabağa atmaq əvəzinə, əsrin gerisinə aparıb.

Əslində, ötən əsrin repressiya qurbanlarının hər birinə bəraət hökmü çıxarılanda Seymur Həzini, Fuad Qəhrəmanlını, Asif Yusiflini, Elvin Abdullayevi, Tale Bağırzadəni, Məmməd İbrahimi, İlqar Məmmədovu, Bayram Məmmədovu, Faiq Əmirlini, Fuad Əhmədlini və digərlərini xatırlamalıdılar. Onlar da bu dövrün, müstəqil Azərbaycanın repressiya qurbanlarıdır.

Müxtəsər, Milli Məclisin müzakirəyə çıxaracağı qanun layihəsi güzgü effekti verir. Hər səhifəni vərəqləyəndə rejimin bugünkü əməlləri görünəcək. Amma keçmişdəki ədalətsizliyə ədalət etketi yapışdırmaq haqqında düşünənlər, bugünkü ədalətsizliyə həqiqi qiymət vermək iqtidarında deyillər. Hansıki, bugünkü repressiya qurbanlarının bəraətini təsdiqləmək, dünənki hadisələri araşdırmaqdan çox asandır. Çünki, sifariş verənlər də, icra edənlər də göz önündədir və hamı bu qara mənzərəni aydın şəkildə görə bilir. Amma bizim hökumətin öz “standart”ları var və bu standartlardan kənara çıxmır.

İlham
Tarix: 1-03-2017, 20:38
Xəbəri paylaş





Xəbər lenti