Depuatatlar niyə ağızlarına gələni danışır?

Depuatatlar niyə ağızlarına gələni danışır? Aşağıdakı cümlələri sizə oxutdurduğum üçün əvvəlcədən üzr istəyirəm!


Araz Əlizadə

“Erməni qara yarasını Azərbaycanın bədəninə Osmanlı imperatorluğu salıb”

“Amma Osmanlı imperiyası Azərbaycanın acizliyini görüb, ingilislərin xoşuna gəlmək üçün 9 min kvadratkilometr ərazini Ermənistana verdi. “

Hadı Rəcəbli

“Biz məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik. Onlar işıq spirallarından istifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular”.

“Pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur. İnsanların ömrü uzanıb. Sağlamlıqları buna imkan verir”

Hacı Əbdül: “Təklifimiz budur ki, hər kəs Mehriban Əliyevanı dəstəkləsin”
Astan Şahverdiyev

“Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər”

Arif Rəhimzadə

“İstənilən halda biz türk deyilik, türklər tamam ayrı millətdir”

***

Ümidvaram ki, burdan aşağıdakı cümlələri sizə oxutdurduğum üçün sonradan mənə üzr istətməyəcəklər…

Yuxarıda oxuduqlarınızı deputat mandatı verilən bəzi şəxslərin fikirləridir.

Elə bil bir-birləri ilə yarışırmışcasına ağızlarını açıb, gözlərini yumurlar.

Sanki yaraya duz basmaq dəbə minib.

Və məncə dəbə minib.

Azərbaycanda deputatlar seçilmir, təyin olunur.

Bunu ona görə xatırlatdım ki, daha sonrasında təyin olunan deputatların istədikləri zaman azad şəkildə istədikləri sözü demək səlahiyyətlərinin olmadığını da bu cümləyə pərçimləyə bilim.

Şəxsi qənaətimdir – deputatlara ağıllarına gələni danışmaq tapşırığı verilib.

Səbəbi də hazırkı Milli Məclisi gözdən salmaqdır. Əslində gözümüzdə dəyəri olamadığını bilməmiş də deyillər. Amma bütün hallarda münbit şəraiti yaratmaq vacibdir…

Məlum, artıq əski Azərbaycan yoxdur. Güclər balansı dəyişib. Vurulan oliqarxların siyahısı və siyahı üzərində adı yazılan mandat sahibləri heç kimə lazım deyil. Hazır referendumla da Prezidentə Milli Məclisi buraxmaq imkanı tanındığına görə, pis danışan deputatların hamısını cəzalandırıb xalqın gözündə “halal olsun” qazanmaq İlham Əliyevin leyhinə olar ki, ziyanına olmaz.

Yaxud da bu addımı İlham Əliyev xaricə səfər edən zaman onun səlahiyyətlərini icra edən birinci vitse-prezident Mehriban Əliyeva edərsə, faydası birə iki artar…

Deməyə çalışdığım budur ki, deputatların çıxıb hər gün ağıllarına gələni danışmasına öyrəşsəniz daha yaxşı olar.

Düyməyə basılıb.

Lap yaxından hakim ailənin “yerində atılmış daha bir uğurlu addımı”nın səsi eşidilir.

Yenə yerimizə deputat seçəcəklər!
Tarix: 3-03-2017, 10:00
Xəbəri paylaş





Xəbər lenti