“Bu, şairə hörmətsizlik deyil, səriştəsizlikdən və təcrübəsizlikdən baş verib”

“Bu, şairə hörmətsizlik deyil, səriştəsizlikdən və təcrübəsizlikdən baş verib” Yasamalın icra başçısı İbrahim Mehdiyev də Müşfiqin heykəli ilə bağlı qalmaqala münasibət bildirdi



Mikayıl Müşfiqin heykəlinin əvvəlki yerində bərpası məsələsi hələ də gündəmdədir. Bu barədə “Yeni Müsavat”a müsahibə verən Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyev həmçinin “Sovetski”də, aparılan işlərdən, Yasamalda hündürmərtəbəli binanın dam örtüyünün uçmasından və sair məsələlərdən danışdı.



İbrahim müəllim, Mikayıl Müşfiqin heykəli ilə bağlı son durum necədir?


- Mikayıl Müşfiqin heykəli ilə bağlı iki gün öncə mən, Memarlar İttifaqının sədri Eldar Qasımzadə, Mədəniyyət Nazirliyinin idarə rəisi Zakir Sultanov və “Azəravtoyol” ASC-nin məsul işçiləri birgə müşavirə keçirdik. Belə qərara gəldik ki, heykəl onların planlaşdırdığı yerdə yox, daha yaxşı görünən bir yerdə, heykəlin əvvəlki məkanından 5 metr aralıdakı bir yerdə ucaldılsın. Ona görə də təklif verildi ki, orada yerin üst səthi sökülsün, heykəl üçün xüsusi bünövrə qazılsın, heykəl orada quraşdırılsın. Ətrafında da gözəl yaşıllıq yaradılsın. Mən hesab edirəm ki, bu məsələ qısa müddət ərzində öz həllini tapacaq.


- Mətbuatda belə bir məlumat getdi ki, bu heykəl heç bir icazə alınmadan, özfəaliyyət olaraq götürülüb. Yasamal rayonunun icra başçısı olaraq heykəlin götürüləcəyi ilə bağlı əvvəlcədən məlumatlı idinizmi?


- Heykəlin götürülməsindən mənim xəbərim yox idi. Ancaq götürülən zaman mənə xəbər çatanda, mən həmin dəqiqə “Azəravtoyol” ASC-nin rəhbərliyinə xəbər elədim. Dedim ki, niyə belə edirsiniz? Dedi ki, mən şifahi olaraq hər yerə məlumat vermişəm. Mən ona dedim ki, sən bilirsənmi Mikayıl Müşfiq kimdir? O bizim üçün tarixi şəxsiyyətdir. Onun heykəlini bu cür götürmək doğru deyil. Gərək o barədə rəsmi olaraq Mədəniyyət və Turizm Nazirliyinə müraciət edəydiniz. Bu işə bilavasitə onlar rəhbərlik edir, onlar icazə verirlər. Yəqin ki, onlar da rəhbərliklə danışıb müvafiq qərar verərdilər. Sonradan mən Zakir Sultanova da zəng edib danışdım. Dedim ki, mən indi məlumat aldım və “Azəravtoyol” ASC-nin rəhbəri ilə danışdım. Bildirdim ki, onlar təcrübəsiz bir iş görüblər.

Bunu həll etmək üçün yığışaq və məsələni həll edək. O isə dedi ki, mən bu haqda hər yerə məlumat verəcəyəm, cəzasını versinlər. Mən də öz növbəmdə rəhbərliyə məlumat verdim. Bildirdim ki, bu, təcrübəsizlikdən və səriştəsizlikdən irəli gəlir. Yəni Mikayıl Müşfiqə hörmətsizlikdən irəli gəlməyib. Mən onlara dedim ki, bu ölkənin Mikayıl Müşfiq kimi şairini mən ancaq Rusiyanın Puşkini, Lermontovu ilə müqayisə edərəm. Ruslar onlara necə rəğbət bəsləyirlərsə, biz də onlara elə rəğbət bəsləməliyik. Azərbaycan xalqının görkəmli şairinin heykəlinə belə davranmaq olmaz. Ancaq orada çəkilən yol infrastrukturu Yasamal rayonunda istər “Sovetski” məhəlləsində, istər Abdulla Şaiq küçəsində böyük rol oynayır. Bu böyük bir işdir. Biz oradan ümumilikdə 4 mindən çox ailə köçürmüşük. Bu proses çox böyük çətinliklərlə həyata keçirilib.

“Elə evlər var ki, heç onun kvadratının dəyəri 1000 manat da deyil, ancaq biz onlara 1500 manatdan ödəyirik”

İbrahim müəllim, “Sovetski”dən söz düşmüşkən, orada işlər nə yerdədir? Proses hansı mərhələdədir?


- Birinci mərhələdə köçürüləsi evlərin demək olar ki, çox az hissəsi qalıb. Onlar da demək olar ki, bir-iki günə həll olunacaq. Ancaq “Azəravtoyol” tərəfindən orada sürətli işlər aparılır, kanalizasiya xətləri qazılıb, borular qoyulub. Yol infrastrukturu üçün bütün layihələr həyata keçirilib. Orada cəmi bir 14 mərtəbəli binanın köçürülməsi qalıb. Bu məsələ də Maliyyə Nazirliyi ilə müzakirə olunur. Hörmətli Samir müəllim bu məsələ ilə bağlı vəsait məsələsini həll edən kimi biz həmin binanı da sökməyə başlayacağıq. Bu zaman birinci mərhələ tam olaraq başa çatacaq.


- İqtisadi böhran bu prosesə müəyyən qədər mənfi təsir göstərirmi?


- Əlbəttə, müəyyən qədər göstərir. Ancaq mən cənab prezidentə təşəkkür edirəm ki, bu məsələ ilə bağlı maliyyə nazirinə göstəriş verib. Mənə çatan məlumatlara görə, belə bir göstəriş verilib.


- Yeni büdcədən də “Sovetski”də görüləcək işlərlə bağlı pul ayrılıbmı?


- Bir neçə gün bundan öncə bizə 8 milyon manat pul ayrıldı. Məsələnin qoyuluşu belədir ki, iş getdikcə o pullar ödəniləcək.


- Büdcədəki vəsait çatışmazlığı, iqtisadi böhranla bağlı köçürülən sakinlərə ödəniləcək kompensasiyanın azaldılması nəzərdə tutulurmu?


- Mənzillərin hər kvadratının 1500 manatdan hesablanması qaydası dəyişməyib. Eyni qiymətlə dəyərləndirmə davam edir. Heç bir artım və ya azalma olmayıb. Elə evlər var ki, heç onun kvadratının dəyəri 1000 manat da deyil. Ancaq biz onlara 1500 manatdan ödəyirik.


- İbrahim müəllim, ötən həftənin sonunda Bakıda güclü külək oldu və Yasamal rayonu ərazisində bir binanın damı uçdu. Bunun videosu da sosial şəbəkələrdə paylaşıldı. Yasamal rayonunun qara, küləyə daha həssas bir ərazi olduğunu nəzərə alsaq, həmin binanın damı uçduqdan sonra bu məsələyə nəzarət gücləndirildimi? Hər hansı komissiya yaradıldımı, nəzarət oldumu?


- İki il öncə bu binanın damına örtük vurulanda biz o işin qabağını aldıq. Sahibkar bizə Bakı Şəhər İcra hakimiyyətinin sərəncamını göstərdi ki, dam örtüyünün vurulmasına icazə var. Sonra onlara dedik ki, bunu Fövqəladə Hallar Nazirliyindən ekspertizadan keçirməlisiniz. 14 mərtəbənin üstündə əlavə iki mərtəbə tikirsiniz, belə olmaz axı. Bizə sənədləri göstərdi ki, bu, Fövqəladə Hallar Nazirliyinin ekspertizasından keçib. Ondan sonra onlara yaxınlaşmağa bizim ixtiyarımız yox idi. Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verib, Fövqəladə Hallar Nazirliyi də ekspertizadan müsbət rəy verib. Onlar bu işi davam etdirdilər və bu hadisələr baş verdi. Hazırda prokurorluq məlum hadisələrlə bağlı sorğu-sual aparır. Burada bir çox insanlara ziyan dəydi, dam örtükləri maşınların üzərinə düşmüşdü. Bu hadisələri aradan qaldırmaq üçün prokurorluq bu işlərlə məşğuldur.


- Digər binalarda da belə hadisələrin baş vermə ehtimalı varmı? Bir nəzarət komitəsi yaradıldımı?


- Bütün binalar yoxlanılır. Belə bir hal digər binalarda yoxdur. Bu sonradan tikilmə idi. 14 mərtəbənin üzərində sonradan iki mərtəbənin tikilməsi doğru deyildi. Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi rəy versə də, mən öz tərəfimdən deyirəm ki, bu düzgün deyildi. Ümumiyyətlə, Bakıya 16-18 mərtəbəli bina yaraşmır. Şəhərsalma Komitəsi bu gün Bakıda 14 mərtəbədən yüksək bina tikməyə icazə vermir. Düz də edir. Mən onların bu qərarları ilə razıyam. Bakı şəhərində 14 mərtəbədən yuxarı bina tikmək olmaz. Yüksək mərtəbəli binaların tikilməsində normativlərə də əməl olunmalıdır. Hər adambaşına müəyyən qədər ərazi düşməlidir. Binalar tikilir, ancaq insanların istirahəti üçün yer yoxdur, maşınları saxlamaq üçün yer yoxdur, uşaqların oynaması üçün meydan yoxdur. Binanı binanın içində tikmək nə dərəcədə düzgündür?


- İcra hakimiyyəti olaraq, sizin bu prosesə müdaxilə etmək imkanınız yoxdurmu?


- Müdaxilə edirik, müəyyən layihələrə təsir göstəririk. Ancaq bu qanun-qaydalara Şəhərsalma və Arxitektura Komitəsi nəzarət edir.


Azər AYXAN,
Nərgiz LİFTİYEVA
Tarix: 4-03-2017, 20:14
Xəbəri paylaş





Xəbər lenti