Gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələri üzərində nəzarət gücləndirilib

Gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələri üzərində nəzarət gücləndirilib “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də edilmiş dəyişikliyə əsasən müvəqqəti idxal və ixrac gömrük proseduru ilə gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələri üzərində nəzarət gücləndirilib. Mart ayının 1-dən tətbiq olunan yeni qaydalara görə gömrük orqanları qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyən, yəni müvəqqəti gətirdiyi və ya apardığı mal və ya nəqliyyat vasitələrini vaxtında qaytarmayan fiziki şəxslər barəsində sərhədkeçmə zamanı məhdudiyyət tədbirləri nəzərdə tutulub.
Belə ki, dövlət sərhədini keçən şəxs ölkə ərazisinə daxil olarkən onun pasport məlumatları “Sərhədkeçmə zamanı xüsusi diqqət” siyahısında olduğu təqdirdə, sərhəd xidmətçisi şəxsin dövlət sərhədini keçdiyini qeydə aldıqdan sonra həmin şəxsi gömrük orqanı əməkdaşına təhvil verir. Bu zaman mal və nəqliyyat vasitəsinin müvəqqəti ixrac (aparılma) müddətinin pozulması faktı ilə bağlı gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində inzibati xəta haqqında iş qeydə alınır və icraat bitənədək şəxs “Xüsusi diqqət siyahısı”ndan çıxarılmır.

Fiziki şəxslər ölkə ərazisini tərk edərkən də mal və ya nəqliyyat vasitəsinin müvəqqəti idxal (gətirilmə) müddətini pozduğuna və ya müvafiq təminat üsullarından istifadə etmədiyinə görə məhdudiyyətlərlə üzləşir. Belə ki, müvəqqəti idxal edilən mal və ya nəqliyyat vasitəsi geri aparılırsa, lakin müvəqqəti gətirilmə müddəti pozulmuşdursa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq hüquqpozma törətmiş şəxs barəsində qərar qəbul edildikdən və gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində qeydiyyat aparıldıqdan sonra onun ölkə ərazisini tərk etməsinə icazə verilir.
Müvəqqəti idxal edilən mal və ya nəqliyyat vasitəsi geri aparılmırsa, lakin müvəqqəti gətirilmə müddəti bitməmişdirsə, şəxs tərəfindən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş təminat üsullarından biri seçilməli, yaxud da mal və ya nəqliyyat vasitəsi gömrük orqanının müəyyən etdiyi yerlərdə gömrük nəzarəti altında yerləşdirilməlidir. Yalnız bu halda şəxsin adı “Xüsusi diqqət siyahısı”ndan çıxarıla və onun ölkə ərazisini tərk etməsinə icazə verilə bilər.
Şəxs müvəqqəti idxal etdiyi mal və ya nəqliyyat vasitəsini geri aparmırsa və əvvəlcədən verilmiş müddət bitmişdirsə, mal və ya nəqliyyat vasitəsinin yerinin müəyyən olunması istiqamətində zəruri tədbirlər görüldükdən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq hüquqpozma törətmiş şəxs barəsində qərar qəbul edildikdən sonra onun ölkə ərazisini tərk etməsinə zəmin yaranır.
Əgər şəxs mal və ya nəqliyyat vasitəsini ölkə ərazisinə müvəqqəti ixrac və ya ölkə ərazisindən müvəqqəti idxal etməmişdirsə, yaxud da ölkə ərazisinə müvəqqəti idxal etdiyi mal və ya nəqliyyat vasitəsini müəyyən olunmuş müddət ərzində geri aparırsa, bir sözlə, vətəndaşın pasport məlumatları “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”nda yoxdursa, onun maneəsiz şəkildə gömrük nəzarətindən keçidi təmin olunmaqla ölkə ərazisinə daxil olmasına və ya ölkəni tərk etməsinə icazə verilir.

Xəbərlər şöbəsi
Tarix: 5-03-2017, 13:56
Xəbəri paylaş





Xəbər lenti