“Belə çıxır ki, o boyda general nazirin torpaq “makleri” işləyir“- Video

“Belə çıxır ki, o boyda general nazirin torpaq “makleri” işləyir“- Video Azərbaycan hakimiyyətinin ekstravaqant, oliqarx-menecer nazirlərindən olan Kəmaləddin Heydərovun media səhifələrində görünməsi təbii ki, böyüj tiraj gətirir.
Fövqəladə hallar nazirinin adı olan hadisələr hər zaman oxucular tərəfindən böyük acgözlüklə oxunur. Sadəcə, onun adı həmişə neqativ işlərdə, ittihamlarla dolu hadisələrdə çəkilir.
Amma xeyli müddətdir ki, mətbuatın gündəmində olmayan “fövqəlnazir” yenidən bir sahibkarın obyektini yağmalamaq ittihamı ilə mətbuatın diqqət mərkəzindədir.



AnaXeber.az-ın verdiyi məlumata görə, əslən Laçından olan iş adamı Gülməmmədov Novruz İsmayıllının Basqalaltı deyilən ərazisində “Şölətoğlu” ailəvi istirahət mərkəzi yaradıb.
Onun “Azərbaycan saatı”na dediyinə görə, FHN rəhbərinin əraziyə gözü düşüb ə onun istirahət mərkəzini əlindən almağa çalışır.
Sahibkar danışır ki, istirahət mərkəzini 3 il qabaq tikib. Onun sözlərinə görə, obyektin tam hazır olması 500 min manata başa gəlib:
“Bundan iki ay qabaq Yusif adlı şəxs mənə yaxınlaşıb dedi ki, Kəmaləddin Heydərov Qəbələyə gedəndə burdan keçərkən ərazini görüb və xoşuna gəlib. Gömrük Komitəsində Nazim müəllim var, onunla söhbət etmək lazımdır”.
Məlum olur ki, həmin bu Nazim müəllim deyilən şəxs Gömrük Komitəsinin sədr müavini, general-leytenant Nazim Məmmədovdur. Belə çıxır ki, o boyda general nazirin torpaq “makleri” işləyir.
Kəsəsi, N.Gülməmmədov Yusif adlı şəxslə bir neçə görüşdən sonra komitəyə gedir ə generalla görüşür:
“Mənə deyildi ki, Kəmaləddin Heydərovun da orada ərazisi var və sənin istirahət mərkəzini də alıb birləşdirmək istəyir. Mən də dedim ki, yer azlıq edirsə, ona qurbandır.


Sahibkar deyir ki, komitədə general N.Məmmədo onunla başqa cür söhbət edib: “ Dedi ki, nazirin yerinə girmisiniz, həmin əraziyə biz nəzarət edirik. Qayıtdım ki, bu qədər vaxt harda idiniz? Mən istirahət mərkəzi tikmişəm, insanlar dincəlməyə gəlir, hər şey qayda-qanunla həyata keçirilib.
İndi bu söhbətlər hardan yada düşüb? Nazim müəllim dedi ki, get, Yusiflə danışarsınız. Ancaq nazirliyə gedib Kəmaləddin Heydərovla görüşməlisiz. Nazirliyə də getdim, qəbul etmədilər.
Sonra Yusiflə təkrar görüşdük. Dedi ki, istirahət mərkəzi üçün 400 min sənə verilsin, amma 500 min istəyin, 100 mini Nazim müəllimindir.
Mən də dedim ki, pulum verilsin çıxıb gedim. Amma Nazim müəllimlə razılaşmadıq. Ora 500 min, bəlkə də daha çox xərc tökmüşəm”.


AnaXeber.az-ın verdiyi məlumata görə, sahibkara ardınca təzyiqlər başlanıb. Ağsunun icra başçısı Ənvər Seyidəliyev və dəstəsi əraziyə gəlib. Sahibkar bildirir ki, icra başçısı onunla şəxsən söhbət edib: “Dedi ki, seyid adamam, sən də burda işlər görmüsən, amma mənə zəng ediblər, Nazim müəllim deyir ki, Novruz orda aləmi qarışdırır.
Nə etmisən ki, bizi bura gətirdir? Məsələni danışdım. Dedi ki, bu yeri sizin əlinizdən alacaqlar, məhkəməyə erəcəklər. İndi mən başa düşmürəm, prezident deyir ki, sahibkarlığa şərait yaradılsın, nazir və gömrükdəki adamı yeri əlimdən alır.
Bu ölkədən hara gedək? Onların etdiyi hansı qanuna uyğundur? Araşdırılsın görək, gömrükdə rütbəli şəxs torpaq alveri edir, sahibkarları incidir yoxsa öz vəzifə səlahiyyətini yerinə yetirir? Mən xahiş edirəm ki, aydınlıq gətirilsin”.
Beləcə, FHN şefinin gömrük generalı olan “makler”i İsmayıllıdakı yarım milyonluq istirahət mərkəzinin ələ keçirilməsi zamanı 100 min manat qazanmaq eşqinə düşüb. Sahibkar da bununla razılaşmayıb və iş böyüyüb.
Ona görə də nazirlə bağlı məsələ mediaya çıxıb. Ola bilsin ki, K.Heydərov N.Məmmədova tapşırıq verib ki, sahibkarla halallaşın. Ancaq gömrük generalının tamahı buna imkan verməyib.


Bu da daha çox MTN şefi Eldar Mahmudovun “Vosmoy” bazarını zəbt edərkən “gedin sahibi ilə halallaşın” deməsinə oxşayır. “Fövqəlnazir” ölkənin ən gözəgəlimli yerlərinə, istirahət guşələrinə əl qoyur, amma nəticədə sahibkarın hüquqları tapdanır.
Prezident isə dəfələrlə bildirib ki, iş adamlarına şərait yaradın, onlara qanunsuz müdaxilələr etməyin. FHN şefi isə öz merkantil maraqları naminə prezidentin söylədiklərinə qarşı çıxır.

Həmin gömrük generalına gəlincə, onun adı mətbuata çox tanışdır. Bir müddət əvvəl yayılan məlumatlarda deyilirdi ki, N.Məmmədov “Təfəkkür” universitetindən (fəaliyyəti dayandırılıb_red) saxta diplom alıb.
İddialara görə, Nazim Məmmədov 15 min dollara Təfəkkür Universitetinin 4-cü kursuna götürülüb. Artıq bir müddətdir Dövlət Gömrük Komitəsinin sədr müavini, general Nazim Məmmədovla bağlı çeşidli informasiyalar yayılır.
Əslən Ordubaddan olan generalın bu posta necə gəlib çıxması da kifayət qədər müəmmalı olub. İlham Pirməmmədov onu Müşfiq Atakişiyevin yanına göndərmişdi. 15 min dollara razılaşdılar.

Nazim Məmmədov dövlət imtahanına belə gəlmədi. Həmin vaxt imtahanda iştirak edən Təhsil Nazirliyinin nümayəndəsi, eyni zamanda universitetin kuratoru Nəzakət Hacıyeva qeyd elədi ki, hətta attestatı olmayan olmaya, diploma alanlar var.
General isə bu işi ört-basdır etməyə çalışırdı. Bütün bunlarla bağlı adıçəkilən şəxslərin mövqeyini yaymağa hazırıq.

Siam.az
Tarix: 26-07-2017, 06:50
Xəbəri paylaş





Xəbər lenti