Qarabağ məsələsində “ermənicə danışan” həmsədr ölkələr

Qarabağ məsələsində “ermənicə danışan” həmsədr ölkələr ATƏT-in Minsk Qrupunun iki həmsədr ölkəsi işğalçı Ermənistanı başlaya biləcək qəfil savaşdan qorumaq üçün hərəkətə keçib; Vaşinqton torpaqlarımızı zəbt edən ölkəyə 2018-ci ildə də milyonlar ayırmağı planlaşdırır; Kremlin də öz “hədiyyəsi” var

ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan ABŞ-ın işğalçı Ermənistana maliyyə yardımı ayırması istiqamətində atılan növbəti addım hiddət doğurur. Azərbaycan ərazilərinin işğalına hazırlaşmayan, mahiyyətcə terrorçu olan bir ölkəyə 2018-ci ildə də maliyyə dəstəyinin verilməsi qərarı elə dolayısı ilə işğalçılığın stimullaşdırılması kimi izah olunur.


Düzdür, 2019-cı illə müqayisədə Birləşmiş Ştatlar Ermənistana ayrılan maliyyə yardımını üç dəfədən də çox azaldıb. Belə ki, ABŞ Ermənistana 2016-cı ildə 20,4 milyon dollar məbləğində yardım ayırdığı halda, 2018-ci il üçün işğalçı ölkəyə 6,2 milyon dollar maliyyə yardımı ayırmağı planlaşdırır. Lakin bundan əlavə, Ermənistan ABŞ-dan Suriya qaçqınlarına yardım məqsədilə də əlavə maliyyə dəstəyi alacaq. ABŞ-ın Nümayəndələr Palatasının Vəsaitlər Komitəsi 2018-ci il üçün “Dövlət, xarici əməliyyatlar və onlarla bağlı proqramlar üzrə ayırmalar haqqında” qanun layihəsi qəbul edib. Layihəyə əsasən ABŞ Suriyada hərbi əməliyyatların başlanmasından etibarən suriyalı qaçqınları qəbul edən ölkələrə 47 mlrd. dollar yardım ayıracaq.


Təəccüblüsü budur ki, Azərbaycanın rəsmi qurumları işğal altındakı ərazilərimizə Suriya ermənilərinin, həmçinin silahlı qruplaşmaların qanunsuz olaraq yerləşdirildiyi barədə dəfələrlə bəyanatlar verib, beynəlxalq səviyyədə məsələ qaldırıb. Bu kimi əməllərinə, üstəlik, Azərbaycan torpaqlarının ilhaqına son vermədiyinə görə işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq etməli olan ABŞ Konqresi növbəti il üçün də bu ölkəyə yardım ayırmağı planlaşdırır. Sözsüz ki, burada erməni lobbisinin xüsusi rolu var. Amma heç bir arqument dünyanın superdövlətinin işğalçı və terrorçu mahiyyəti ilə məşhur olan, uşaq və qadın qatilləri olaraq tanınan Ermənistana dəstəyə haqq qazandıra bilməz.


Politoloq Elçin Mirzəbəyli də “Yeni Müsavat”a bildirdi ki, ABŞ-da güclü erməni diasporu və lobbisi var və onların əli Senata, Konqresə, Ağ Evə qədər uzanır: “Şübhəsiz ki, Ermənistana maliyyə yardımı ayrılması kimi Vaşinqton üçün mühüm strateji əhəmiyyət kəsb etməyən məsələlərdə diaspor və lobbinin təsir imkanları özünü büruzə verir. Zənnimcə, ABŞ Konqresinin Nümayəndələr Palatasında təsdiqlənən qərarların arasında təkcə Ermənistana ayrılan maliyyə yardımına diqqət çəkmək lazım deyil. ABŞ Rusiya şirkətlərinin energetika sahələrinə yatırımlarına maneə yaradan sanksiyalara da dəyişiklik edib. Yeni düzəlişə əsasən Rusiyanın energetika şirkətlərinin 33 faizdən çox payla iştirak etdiyi layihələrə sanksiya qoyulacaq. Bildiyiniz kimi, ”Şahdəniz" layihəsində Rusiyanın “LUKoil” şirkəti cəmi 10 faiz paya sahibdir. Nümayəndələr Palatasının düzəlişi isə “Şahdəniz”in sanksiya altına düşməməsinə xidmət edir. Çünki burada söhbət Avropanın enerji təhlükəsizliyindən və təbii ki, Birləşmiş Ştatların maraqlarından gedir. Lakin 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəliş isə ləğv olunmur. Mənzərə göz qabağındadır".


Bu yerdə qeyd edək ki, ABŞ Konqresi digər iki dövlətlə yanaşı, Rusiyaya qarşı da sanksiyaların müddətini uzatdığı halda, Ermənistana fərqli münasibət bəsləməkdə davam edir. Əgər Rusiya Krımı ilhaq etdiyi, Gürcüstan torpaqlarını işğalda saxladığı üçün cəzalandırılırsa, məntiqlə Ermənistan da Azərbaycan torpaqlarında ordu saxladığı üçün sanksiya qərarı altına salınmalıdır. Ancaq qeyd etdiyimiz kimi, həmsədr ölkə ədalət prinsipini unudaraq tam fərqli davranış nümayiş etdirir.


E.Mirzəbəylinin fikrincə, Rusiyaya sanksiyaların tətbiqi ilə “907-ci düzəliş”i müqayisə etmək mümkün deyil: “Amma gördüyünüz kimi, Rusiya şirkətlərinin enerji layihələrində iştirakına tətbiq olunan sanksiyalara düzəliş edilir və hədd müəyənləşdirilir, lakin artıq heç bir təsir gücü olmayan və yalnız dəyərlər baxımından önəm daşıyan ədalətsiz 907-ci düzəlişin ləğvinə cəhd göstərilmir. Əslində bu mənzərə Vaşinqtonun siyasətinin mahiyyətini ortaya qoyur: Maraqlar, maraqlar və yenə də maraqlar”.


Həmsədr ölkələrdən ikincisi, ABŞ-ın cəzalandırdığı Rusiya da bütün baş verənlərin acığını sanki Azərbaycandan çıxmaq istəyir. Rusiya prezidenti Vladimir Putinin birgə hərbi birləşmələrin yaradılması ilə əlaqədar Ermənistanla imzalanmış sazişi təsdiqləməsi məhz bu günlərə təsadüf etdi. Ermənilər Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşünə görə narahatlıq keçirdikləri bir məqamda Putin “gözünün işğalçı ölkənin üzərində olduğunu” ifadə edən addım atdı. KTMT-də bir yerdə olan, Gümrüdə hərbi bazasını saxlayan Rusiyanın Ermənistanla birgə qoşun yaradılmasının arxasında hansı məqsədin dayandığı barədə uzun-uzadı fikir yürütməyə gərək yoxdur.


Rusiyanın Cənubi Osetiya istiqamətindən Gürcüstanın içərilərinə doğru tədricən irəliləməsinin və bu separatçı bölgədə keçirdiyi irimiqyaslı hərbi təlimlərin məqsədi Ermənistana 120 minlik hərbi kontingent yeritməkdir. Virtualaz.org xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın keçmiş müdafiə naziri, nüfuzlu dövlət xadimi Dmitri Şaşkin “Pirveli radio”ya müsahibəsində çıxış edib. Şaşkinin sözlərinə görə, əgər 2008-ci ilin avqust müharibəsində Rusiyanın bir nömrəli hədəfi Gürcüstan idisə indi Gürcüstan Rusiyanı sadəcə olaraq Ermənistana dəhliz kimi maraqlandırır.

Çünki Rusiya Gürcüstanda öz hökumətini oturdub, indi isə onun hədəfi Qarabağ və İrandır. Keçmiş müdafiə naziri bildirib ki, rusların məqsədi Gürcüstanda ona yaxın hökumətin əliylə Abxaziya dəmir yolunun açılması idi. Bu plan baş tutmadığına görə indi onlar “B” planına keçiblər.

Bu, quru yolu ilə Ermənistana dəhliz açmaqdır. “Rusiya planlı şəkildə regionda eskalasiya hazırlayır. Rusiya Baş qərargahına görə regionda iki potensial təhdid var-İran və Qarabağ”-Şaşkin deyib. Gürcüstanın keçmiş müdafiə naziri çox güman ki, ABŞ-ın İrana mümkün müdaxiləsi halında regionda Rusiyanın maraqlarına qarşı yarana biləcək təhdidi nəzərdə tutub. Çünki Rusiya üçün İran birbaşa təhdid deyil. Şaşkin deyib ki, Rusiya Cənubi Osetiyadakı hərbi qüvvələrini Ermənistandakı Gümrü hərbi bazasına yol açmaq üçün hazırlayır. Onun sözlərinə görə, Gümrü bazası vasitəsilə Rusiya regiona, o cümlədən Qarabağa nəzarət edir. “Rusiya gizlətmir ki, Gürcüstan üzərindən Ermənistana dəhliz açmaq istəyir. Bunu başa düşməyən ancaq bizim hökumətdir. Hökumət hesab edir ki, Rusiyanı sığallasaq onlar bizdən əl çəkəcək. Təəssüf ki, Rusiya bizdən əl çəkmir. Rusiyanın regiondakı əsas hədəfi hazırda Gürcüstan yox, Azərbaycan və İran, konkret olaraq Qarabağdır”, - Şaşkin bildirib. Göründüyü kimi, təhlükə barədə artıq kifayət qədər ciddi siqnallar var.


“Rusiyanın Ermənistanla hərbi birləşmə yaratması və bununla bağlı imzalanan sənəd, sonra bu sənədin Dumada təsdiqi və nəhayət, prezident Putin tərəfindən imzalanması, eləcə də bu proses ətrafında uzunmüddətli təbliğat kampaniyasının aparılmasına imkan verən prosedurların həyata keçirilməsi sənədin siyasi xarakter daşıdığını və Moskvanın Cənubi Qafqazda güc nümayişinə xidmət etdiyini ortaya qoyur”.

Politoloq E.Mirzəbəyli bu fikirdədir. Onun sözlərinə görə, Rusiyanın hərbi bazaları onsuz da Ermənistanda yerləşir, işğalçı ölkənin sərhədlərini onsuz da rus əsgərləri qoruyur: “Əgər hər hansı bir provokasiyaya əl atmaq lazım gələrsə, Rusiya nə beynəlxalq hüquqa, nə də digər amillərə məhəl qoymayacaq. Bu açıq-aşkar görünür. O zaman bu hərbi birləşmənin yaradılmasına siyasi təzyiq vasitəsindən başqa bir ad qoymaq mümkün deyil. Bununla yanaşı, hadisələrin yalnız göz önündə olan reallıqlar çərçivəsində cərəyan edən istiqamətlərinə diqqət yetirmək və onları son nəticə kimi dəyərləndirmək də doğru olmazdı. Bu kontekstdə Türkiyənin Rusiya ilə birgə ”S-400" zenit raket komplekslərinin inşasına başlayacağı barədə xəbəri də diqqətdən qaçırmaq lazım deyil. Regionda çox mühüm geosiyasi proseslər baş verir. Azərbaycanın bu proseslərdən daha da güclənmiş şəkildə çıxa biləcəyinə şübhə etmirəm".


“Biz nə ABŞ-ın, nə də Rusiyanın regional siyasətindən razıyıq. Hər iki dövlət Dağlıq Qarabağ münaqişəsini həll etməli olan Minsk Qrupunun həmsədridir. Ancaq hər ikisi işğal faktını görməzlikdən gəlir. Rusiya Ermənistanın torpaqlarımızı işğal altında saxlamasına faktiki hərbi dəstək verir, bu dövlətin hərbi qüdrətinin artırılması üçün çalışır, ABŞ isə hər il Ermənistana maliyyə yardımı ayırmaqla onun başını tumarlayır”.


Bu fikirlər isə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur. Ekspertin sözlərinə görə, sadəcə, ABŞ-la Rusiyanın Azərbaycana yönəlik siyasətində önəmli fərq var: “Rusiyadakı siyasi mərkəzlərin güclü və bölgədə söz sahibi olan Azərbaycanın varlığında maraqlı olduqlarını güman etmirəm. Tam əksinə, Moskva Ermənistana hərbi dəstəyini artırmaqla güc balansının Azərbaycanın xeyrinə pozulmasından narahatlığını ortaya qoyur. Amerika isə güclü və sabit inkişafa malik Azərbaycanın varlığında maraqlıdır. Vaşinqton Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasına dəstək verir ki, bu ilk növbədə bizim maraqlara uyğundur. Vaşinqton Azərbaycanın bütün regional və enerji layihələrinə dəstək verir. Rusiya isə ondan yan keçən layihələri özü üçün təhlükə sayır və Azərbaycana təzyiqini artırır. Rusiya ilə Amerikanın bizim üçün əsas fərqi budur. Sadəcə, Amerikadan əsas narazılığımız odur ki, işğalçı Ermənistana, bəzən isə Qarabağ separatçılarına maliyyə yardımı ayırır. Ancaq bunun özü də Vaşinqtonun Ermənistana vurğunluğundan irəli gəlmir. ABŞ-da erməni lobbisi güclüdür və amerikalı siyasətçilər bu faktoru diqqətə alırlar”.


Rusiya-Ermənistan hərbi birləşmələri və Kremlin digər addımlarına gəldikdə, politoloq vurğuladı ki, Moskva Azərbaycanın Ermənistan və ya Qırğızıstan kimi sözəbaxan olmasını, onun bütün istəklərini yerinə yetirməsini istəyir: “Bu, mümkün deyil. Çünki Azərbaycanın milli və təhlükəsizlik maraqları Rusiyanın maraqları ilə üst-üstə düşmür. Rusiyanın müdafiə naziri Sergey Şoyqu son müsahibəsində deyib ki, bir sıra xarici dövlətlər Rusiyanın Yaxın Şərqdə və Cənubi Qafqazda fəaliyyətini təhlükə sayaraq, onun sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırır. O deyib ki, Rusiyanın Yaxın Şərqdə və Cənubi Qafqazda sülhün qorunması üzrə fəal hərəkətlərini bəzi ölkələr onların milli maraqlarına təhlükə kimi qəbul edir. Şoyqu hansı dövlətləri nəzərdə tutur? Rusiya müdafiə naziri Cənubi Qafqazdan niyə bu qədər narahatdır? NATO ölkələri ara-sıra Gürcüstanda hərbi təlimlər keçirirlər və çıxıb gedirlər. Bunun əvəzində Rusiyanın Ermənistanda daimi yerləşdirdiyi - Azərbaycan, İran və Türkiyə ilə sərhəddəki hərbi birlikləri kimə qarşıdır? Rusiya rəsmiləri açıqlamalarında Ankaranı, Tehranı və Bakını strateji tərəfdaş adlandırırlar. Demək, Kreml səmimi deyil, bu dövlətlərdən hansısa birinə və ya bir neçəsinə inanmır, çünki Ermənistanda hərbi bazaların gücləndirilməsinin başqa izahı yoxdur”.


Beləcə, ATƏT-in Minsk Qrupunun üç həmsədrindən ikisi Ermənistana diqqət və qayğısını ən yüksək səviyyədə göstərməkdədir. Çox qəribədir ki, dünyanın iki aparıcı dövləti arasında zaman-zaman gərginliklər baş qaldırsa da, hazırda bir-biri ilə hədə dilində danışsalar da, onlar Qarabağ məsələsində “ermənicə” danışırlar. Bu ölkələr işğalçı Ermənistanı qəfil başlaya biləcək savaşdan qorumaq üçün hərəkətə keçiblər. Bunun əsas səbəbi nədir, təkcə xristian amilimi? Demək çətindir...


Elşad PAŞASOY
Tarix: 28-07-2017, 09:10
Xəbəri paylaş





Xəbər lenti