""KÜRDÜSTAN DÖVLƏTİ” İDEYASI BEŞİKDƏCƏ BOĞULMALIDIR, YOXSA..." - CİDDİ TƏHLÜKƏ

""KÜRDÜSTAN DÖVLƏTİ” İDEYASI BEŞİKDƏCƏ BOĞULMALIDIR, YOXSA..." - CİDDİ TƏHLÜKƏ Azər Rəşidoğlu:"Türkiyə ilə Azərbaycanı ciddi təhdidlər və təxribatlar gözləyə bilər”

Kürdlər Suriyada dövlət qurmaq üçün ilk addımı atmağa hazırlaşırlar. "Röyters” agentliyinin yaydığı məlumata görə, payız aylarında Suriyanın şimalında PYD terror təşkilatının nəzarətindəki bölgələrdə yerli bələdiyyə və məclis seçkilərinin keçirilməsi planlaşdırılır. Xatırladaq ki, PKK-nın Suriya qanadı sayılan PYD təşkilatı ABŞ və digər Qərb dövlətləri tərəfindən ciddi şəkildə dəstəklənsə də, Türkiyə bu qruplaşmanı terror təşkilatı kimi qəbul edir.

O baxımdan Rəsmi Ankara Suriyada kürd dövlətinin yaradılması ilə heç bir halda razılaşmayacağını söyləyir.

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, Yaxın Şərqlə bağlı yeni layihədə kürdlərə muxtariyyət və yarım dövlət yaradılması nəzərdə tutulub.

Ekspertə görə, bu planın reallaşması üçün Suriya və İraqda baş verən proseslərdən, o cümlədən Türkiyə daxilindəki kürd separatçılarından geniş mənada istifadə oluna bilər:

"Bölgədə "Kürdüstan”ın yaradılması PKK üçün xəyali kürd dövlətinin qurulması əslində Yaxın Şərqdəki balansın tamamilə alt-üst olması deməkdir. "Kürdüstan dövləti”nin yaradılması ideyası Suriya, İraq, Türkiyə, İran və Azərbaycan üçün çox təhlükəlidir. Həmçinin, digər qonşu dövlətlərin ərazi bütövlüyünün təhdididir. Eyni zamanda etnik separatizmə yol açan addımdır”.

Ekspert bildirib ki, Yaxın Şərqdə hegomonluq niyyətində olan Vaşinqtonun strateqləri kürd kartından istifadə etməyi düşünürlər.

"Kürdüstan” ideyasının ortaya atılması yaxın 10 illər ərzində qanlı savaşların daha da alovlanması anlamına gəlir. Lakin perspektiv baxımından "Kürdüstan” dövlətinin yaradılmasını ciddi qəbul etmirəm. Əslində hazırda kürdlərin daxilində çox ciddi ziddiyyətlər mövcuddur. Çünki "ortaq kürd mədəniyyəti” deyilən bir anlayış yoxdur. Əgər "Kürdüstan dövləti”nin yaradılması ideyası reallaşarsa, bu amil kürdlərin öz içlərində qanlı savaşa yol aça bilər. Bu layihə Vaşinqton strateqlərinin idarə etdiyi və həyata keçirdiyi xaos nəzəriyyəsidir. Reallaşması sual altında olsa belə, bu iddia dərhal beşikdəcə boğulmalıdır. Yoxsa Türkiyə və Azərbaycanı ciddi təhdidlər və təxribatlar gözləyə bilər”.

İsmayıl
Tarix: 2-08-2017, 00:38
Xəbəri paylaş





Xəbər lenti