Bölgədə İŞİD təhlükəsi- Azərbaycan siyahıda?

Bölgədə İŞİD təhlükəsi- Azərbaycan siyahıda? Əli Əlyev: “Mübarizədə sərtlik olarsa, effekt də olacaq”

Suriya və İraqdan sıxışdırılan İŞİD terrorçuları digər ölkələrin ərazilərinə sızmağa cəhd edir. Qərb mətbuatının yazdığına görə, İŞİD artıq Orta Asiya, Rusiya, Balkan ölkələri, Əfqanıstan, Pakistan və sairə ölkələrə üz tutmağa başlayıb. İŞİD-in sıralarında keçmiş MDB ölkələridən, Rusiya, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Özbəkistandan yüzlərlə terrorçunun döyüşdüyü də yayılan məlumatlar arasında yer alır.


Avropa Təhlükəsizlik və İnformasiya Departamentinin baş katibi, Beynəlxalq İnsan Hüquqları üzrə Komissiyanın komissarı Heysam Əbu Səid İŞİD terror təşkilatının davamçılarının 30 ölkədə, o cümlədən Azərbaycanda olduğunu bəyan edib. Heysam Əbu Səidin Azərbaycanda, Ermənistanda, Özbəkistanda və Rusiyada 7500-dən çox İŞİD tərəfdarı olduğunu deyib. O bildirib ki, İŞİD uçün yalnız ərəb ölkələri "kadr” mənbəyi deyil, Fransa, Belçika, Böyük Britaniya, Almaniya kimi Qərb ölkələrini də bu siyahıya əlavə etmək olar.

Analitiklərin şərhlərindən belə məlum olur ki, İŞİD əslində Qərbin Yaxın Şərqdə maraqlarının təmin olunması üçün yaradılan terror təşkilatıdır. Yaxın Şərq layihəsinin bir hissəsi kimi qələmə verilən İŞİD-in isə artıq öz funksiyasını başa vurğudu da ekspertlərin fikirlərində açıq şəkildə görünür. Bu isə o deməkdir ki, İŞİD təhlükəsi artıq dünya üçün bitmiş hesab olunur. Bu baxımdan İŞİD və ya digər terror qruplarının Azərbaycan üçün təhlükə mənbəyi olması real görünmür. Ekspertlər də hesab edir ki, İŞİD və digər terror qruplarının fəaliyyəti üçün Azərbaycanda münbit şərait yoxdur. Bu baxımdan İŞİD-in Azərbaycan ərazilərinə keçmək imkanları xeyli zəifdir.



Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycanda İŞİD təhlükəsinə qarşı effektiv mübarizə aparıldığını vurğulayıb. Partiya sədri hesab edir ki, ölkəyə gələn ərəb turistlərindən bəziləri potensial təhlükə ola bilər:

“Azərbaycanda İŞİD tərəfdarları yoxdur” demək hesab edirəm ki, özümüzü aldatmaqdan başqa bir şey deyil. Azərbaycanda İŞİD-in “ibadət” formasına yaxın olan şəxslər var. Onlarda müxtəlif qruplara bölünərək gizli fəaliyyət göstərirlər. Sələfilərin tərkibində “xəvariclər” adlı qrup var ki, onlar İŞİD-in ideya davamçılarıdır. Onlar Azərbaycanda da var və hesab edirəm ki, Təbriz küçəsindəki məscidin bağlanması da məhz bu səbəbdən idi. Onlar potensial təhlükədirlər və dünyada törətdikləri fəsadları Azərbaycanda da edə bilərlər. Ancaq hökumət çalışır ki, onlarla mübarizə aparsın. Mübarizədə sərtlik olarsa, effektiv də olacaq. Ancaq heç bir halda arxayınlaşmaq, bu məsələni gözardı etmək olmaz. Hesab edirəm ki, son dövrlər “ərəb turistləri”nin də ölkəyə axını İŞİD təhlükəsini artıran amillərdəndir. Çünki ərəb ölkələrindən gələn şəxslərin kimliyi bizə bəlli deyil”. (Cebhe.info)

Tarix: 2-08-2017, 09:12
Xəbəri paylaş





Xəbər lenti