Işsizlik, pulsuzluq, əyalətlərdə səfalət, yoxsulluq, məmur balalarının durmayan harınlıqları...

Işsizlik, pulsuzluq, əyalətlərdə səfalət, yoxsulluq, məmur balalarının durmayan harınlıqları... AnaXeber.az-ın Analitik Şöbəsi yazır ki, gözümüzün qabağında iki ərəb nümunəsi var: biri sosial gərginlikdən partlamış Tunis, digəri isə inqilabı terror əvəzləmiş bədbəxt Suriya...
Lakin bu iki nümunə Azərbaycan üçün böyük dərslər vermiş oldu. 2011-ci ildə başlanan “ərəb baharı” Bakıda mart mitinqləri ilə müşayiət edildi.
Hakimiyyət artan sosial gərginliyi yatırmaq üçün antikorrupsiya əməliyyatları keçirdi, ASAN Xidmət modeli yaratdı, regionlara nazirləri göndərdi və s.

Eyni zamanda iqtidar mediası Suriya və Liviya hadisələrini örnək göstərərk təbliğat maşınını işə salmışdı – ölkəmizi bu kökə salmaq istəyənlər var. Ancaq bu mif 2012 və 2013-cü illərdə dağıldı.
Quba və İsmayıllı üsyanları göstərdi ki, qarışıqlıq və təxribat yaradan xarici təhdidlər yox, daxildəki odioz nazirlər, məmurlar, icra başçıları, onların qudurğan övladlarıdır.

Bu gün deə proses dayanmayıb, yenə də harınlamış məmur uşaqları bahalı maşınlarda kasıbları tələf edirlər və cəzasız qalırlar. Ancaq artan narazılıq örtülü qazanın qaynamasına oxşayır.

Nəzərə almaq lazımdır ki, indi 2013-cü il deyil. Ən azı həmin dövrdə ölkədə iqtisadi böhran və manatın qətliamı baş verməmişdi. İnsafən, korrupsiya pulları dövr etdiyi və neft milyonlarının axdığı vaxtda əhaliyə ucundan-qulağından verirdilər.
İndi böhran iri pəncələri ilə ölkəni əzir, işsizlik, pulsuzluq, ixtisarlar, əyalətlərdə səfalət, yoxsulluq, yerli idarəçilikdəki özbaşınalıqlar, məmur balalarının durmayan harınlıqları, süründürməçilik, daxmalarda yaşayanların villalarda yaşayanlarla təbəqələşməsi böyük bir uçurum yaradıb.
Azərbaycan heç vaxt olmadığı qədər ağır sosial dönəm yaşayır. Hətta 90-cı illərdə də xalqın rifah halı bu qədər ağır deyildi.
Çünki 90-larda kredit borcları, izafi xərclər, korrupsiya və sərəbəylik bu həddə deyildi. Azərbaycan hakimiyyəti isə ölkəni Tunis modelinə aparan nazirləri və məmurları ilə bağlı konkret addımlar atmır.
Kimisinin övladı “Qalenvagen”lə adam öldürür, kimisi əhalini təhqir edir, hansısa deputatı camaatı qıcıqlandırır, hansısa millət vəkili daş daşımağa, az yeməyə çağırır və toxların aclara acıq verən çıxışları, hiddət yaradan sözləri böyük bir həyəcan təbilinin çalınmasına zərurət yaradıb.
Hakimiyyət yaxşı bilir ki, ölkədə sosial gərginlik getdikcə yüksəlir, seçkilər yaxınlaşır, ölkəni qarışdırmaq istəyən qüvvələr var, narazı elektoratı aktivləşdirmək həmin dairələrin əlində adi bir mexanizmdir, üstəlik, Kremlin təzyiqləri artmaqdadır.
Onu da unutmaq olmaz ki, milyonlarla azərbaycanlı Rusiyada çörək pulu qazanır və ailələrinə göndərir. Əgər Putin azərbaycanlıların kütləvi deportasiyasına başlasa, hakimiyyət ağır bir kataklizmlərlə üzləşə bilər.
İlk növbədə həssaslıq rayonlara göstərilməlidir. İcra başçılarının dağıtdığı pullar, vətəndaşların müraciətlərinə laqeydlik, sosial yardımların rüşvətlə düzəldilməsi, aztəminatlı ailələrin üsyan həddinə çatdırılması halları artmaqdadır.


AnaXeber.az-ın Analitik Mərkəzi yazır ki, 2015-ci ildən, yəni devalvasiyanın olduğu dövrdən Azərbaycan boğulmaq üzrədir və hakimiyyət nəfəslik belə vermək istəmir.
Nə referendumdan sonra ciddi sosial islahatlar gedib, nə iş yerləri açılır, nə əmək haqları artırılır, əksinə bahalaşma hər gün davam edir, gəlirlər azalıb, xərclər çoxalıb.
Rayonlarda iş tapa bilməyib Bakıya axın edənlərin də qarşısı alınmır. Bunun üçün regionlarda iş yerləri açılmalıdır. Bu o deməkdir ki, addım atmır, nazirlərin və məmur korpusunun firavan həyatı ayaqlarının altını görməyə imkan vermir.
Sosial gərginlik isə bütün sferalarda qabarıq şəkildə həyəcan siqnalı çalır: intiharlar, qətllər, boşanmalar, depressiya, ümidsizlik, nifrət və qisas hissi, nazirliklərin, bankların qarşısında özünü yandırmağa cəhdlər...
Hakimiyyətin fors-major bir vəziyyətlə üzləşmə ehtimalı var və hakim komandada real reformalar üçün strategiya, praktik addımlar müşahidə olunmur.
Azərbaycan üçün və ölkə prezidentinə Tunis ssenarisi hazırlayanların təxribat xarakterli talançılıq siyasəti böyük təhlükənin yaxınlığımızda olduğuna işarə verir.
Ölkə problemlər girdabında can verir, əhli-kef nazirlər offşordakı hesablarına və şəxsi təyyarələrinə arxayınlaşıblar, Qərb və Rusiyanın “domokl qılıncı” başımız üstündədir və YAP iqtidarından bir tərpəniş yoxdur.
Hakimiyyətə isə Tunis projesini isə nə düşmənləri, nə xalq, nə də ermənipərəst dairələr hazırlayır, yaxşı baxanda görmək olar ki, bu ssenarini komandadakı dağıdıcı klan və qüvvələr həyata keçirirlər...

AnaXeber.az
Turan
Tarix: 5-08-2017, 12:22
Xəbəri paylaş





Xəbər lenti