Qonşuluqdakı “arxalı köpək”

Qonşuluqdakı “arxalı köpək” Erməni mətbuatında bir yazı gördüm, Türkiyə ərazilərinə iddialardan bəhs olunurdu. Xəstə qonşularımız Türkiyənin Muş, Van, Ani şəhərlərini “Qərbi Ermənistan” kimi təqdim edirlər. Bu bədbəxtlər unudurlar ki, əslində onların mövcud olduqları coğrafi məkan Qərbi Azərbaycandır, tarixi türk torpaqlarıdır. Ermənilər isə goreşənlik etməkdənsə, cəhənnəm olub köhnə məskənlərinə - Dəclə və Fərat çaylarının arasına köç etsələr, tarixi ədalət bərpa olunar.

Ancaq kimə deyirsən? Bu xəstələr Azərbaycanın Ağdam şəhəri ərazisində arxeoloji qazıntılar aparıb burada “Tiqranakert” şəhərinin qalıqlarını “tapdıqlarını” iddia edəcək qədər həyasızdırlar. Əslində bu, parakəndə fəaliyyət deyil, erməni kilsəsinin əsasını qoyduğu xəstə iddialardır, siyasi hakimiyyət də ona uyğun davranır, institutlar da eyni mövqeni paylaşır, şagirdlərə də “Böyük Ermənistan” iddialarını həzm etdirir, xəstə cəmiyyət yetişdirməkdə davam edirlər.

Bir ölkənin ki, konstitusiyasında qonşu ölkənin - Türkiyənin ərazisinə qarşı iddia əksini tapa, ondan hansı normal mövqe gözləyəsən? Xatırlayırsınız yəqin, Serj Sərkisyan bir neçə il əvvəl “Biz Qarabağı aldıq, Ağrının taleyini də gələcək nəsillər həll edəcək” deyə, sərsəm bir bəyanat vermişdi. Təsadüfi deyildi. Həm də bu, erməni diasporunun xoşun gəlmək üçün səsləndirilməmişdi. Sərkisyan Kremldəki “ağa”sının da ürəyindən keçəni ifadə etmişdi.

Sergey Lavrov keçən ilin aprel döyüşlərindən sonra İrəvana gəlmişdi. Gəldi, ermənilərə ürək-dirək verəndən sonra telefonunu əlinə alıb ermənilərin ürəyini dağlayan Ağrı dağının fotosunu çəkdi. Bu da təsadüfi deyildi, Rusiyanın erməni əsilli baş diplomatının Türkiyəyə mesajı idi. Yenə də keçən ilin iyulunda Roma Papası Fransisk Ermənistana gəldi, görüşlərdən sonra Ağrı dağına üz tutub göyərçin uçurtdu. Tarixən böyük güclərin əlində “maşa”ya çevrilmiş ermənilərdən Türkiyəyə qarşı yenə də istifadə olunur, bu bədbəxtlər hələ yuxudadır...

Ara-sıra Gürcüstanın Cavaxetiya bölgəsinə də iddialar tirajlanır. Ermənistanda fürsət gəzirlər Gürcüstanın bu bölgəsini də ələ keçirməyə. Hətta Abxaziyada da erməni əhali aktivləşib son vaxtlar. Bunlar elə zənn edir ki, bölgədə ara qarışan kimi, yeni torpaqlar ələ keçirə biləcəklər. Odur ki, gah Türkiyə, gah Azərbaycan, gah da Gürcüstana qarşı ərazi iddialarını mediaya daşımaqla cəmiyyəti hazır saxlamaq istəyirlər. Amma görünən budur ki, erməni cəmiyyəti artıq bezib...

Son zamanlara qədər Ermənistanda “Əsgər anaları”nın aksiyaları olurdu, övladları Qarabağda öldürülənlər hakimiyyəti lənətləyir, bu soyqırıma son qoymağı tələb edirdilər. Nəticə olmadı, qırğın davam etdi. Budur, artıq “Əsgər ataları” küçələrə çıxıb. İrəvanda dövlət qurumları qarşısına çıxan əsgər ataları övladlarının yad torpaqda məhv edilməsinə son verilməsini istəyib.

Ermənilərin nəslini elə sərkisyanlar özləri kəsir - öz xəstə iddiaları, hakimiyyət hərisliyi ilə. İndi də çalışır ki, 2018-ci ildə baş nazir kürsüsünü ələ keçirsin. Deməli, erməni xalqının Qarabağ uğrunda, yad torpağı naminə qırılması davam edəcək. Ona görə də Sərkisyan danışıqlardan imtina yolunu seçib.

Dağlıq Qarabağdakı saxta rejimin “müdafiə ordusunun komandanı” Levon Mnatsakanyan qondarma respublikanın qondarma baş prokuroruna məktubunda vəziyyəti etiraf edib. Sitat: “İyul ayının əvvəlində Azərbaycanın Silahlı Qüvvələrinin Fizuli istiqamətində yerləşən Alıxanlı kəndində yerləşən hərbi hissədən həyata keçirdikləri raket atəşlərindən sonra, Dağlıq Qarabağ Respublikasının müdafiə ordusunun bir qrup hərbi qulluqçusu panikaya düşərək öz döyüş postlarını tərk edərək qaçıblar. Lakin onlara Kəlbəcər polis postundan keçmək nəsib olmayıb”.

Vəziyyət belədir. Azərbaycanın hücuma keçməsi, torpaqları azad etməsi həm də Qarabağda ölmək istəməyən erməni hərbçilərinin xilası demək olar. Ancaq nə Ermənistan hakimiyyəti, nə də onun havadarları təbii ki, Qarabağda qırılan və qırılacaq erməniləri xilas etmək niyyətində deyilər. Elə buna görə də avqustun 7-də Tovuzda 13 yaşlı uşağı hədəfə aldılar. Alxanlı qətliamından sonra yenə də uşaq hədəf seçildi. Azərbaycanla döyüşəcək əsgər tapmayan düşmən ölkə savaşı iki dövlət sərhədinə çəkmək istəyir, Rusiya-Ermənistan hərbi birləşməsini - əslində Rusiyanı - müharibəyə cəlb etmək üçün. Elə Türkiyəyə qarşı “Qərbi Ermənistan” iddialarının da arxasında Rusiya amili dayanır. “Arxalı köpək” misalı...

Elşad PAŞASOY
Tarix: 9-08-2017, 08:32
Xəbəri paylaş





Xəbər lenti