Həkim terroruna necə “dur” deyək?

Həkim terroruna necə “dur” deyək? Səməd Vəkilov: “Ekspertiza çalışır ki, həmişə həkimlərin xeyrinə qərar qəbul etsin”

Son vaxtlar həkim səhlənkarlığının qurbanı olan xəstələrin sayı artıb. Yalnız son faktlar bir sıra həkimlərin xəstələrə necə biganə yanaşdığını deməyə əsas verir. Tez-tez xəbər portallarında həkim terrorunun qurbanı olaraq şikəst qalan, yanlış əməliyyat edilən, kor olan insanların taleyi ilə bağı xəbərlərlə rastlaşırıq. Onların içərisində tanınmışlardan da var. Onlardan biri də müğənni Nazimdir. Bir neçə dəfə ölüm xəbəri yayılan Nazimi həkimlər yanlış müalicə, səhv əməliyyat nəticəsində tanınmaz hala salıb.


Onun həkimi məhkəməyə verməyə hazırlaşdığı deyilir. Bir sıra iddialar var ki, bu cür savadsız həkimlər pul hesabına oxuyan bir sıra məmurların övladlarıdır ki, onlar asanlıqla klinikalarda iş tapır. Beləcə onların əlinə düşən xəstələr isə bu cür həkimlərin qurbanı olurlar. Onlar hətta sadə əməliyyatları belə edə bilmir və insanları öldürürlər.


Bu cür həkimlərin cəzalandırılması isə həkim səhvinin qurbanı olan Elnarə Tofiqqızının vəfat etməsi ilə başlandı. Qeyd edək ki, E.Tofiqqızı süd vəzi kanalının əməliyyatı zamanı anestezioloqun düzgün anesteziya əməliyyatı aparmaması nəticəsində ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.


Maraqlıdır, həkim səhvi əgər xəstənin vəziyyətini daha da pisləşdirir və ya onun ölümünə səbəb olursa, həkimi hansı cəza gözləyir?


Qeyd edək ki, Cinayət Məcəlləsinin 131-ci maddəsinin 1-ci bəndinə görə ehtiyatsızlıqdan sağlamlığa az ağır zərbə vurma halı minimum əmək haqqı məbləğinin üç yüz mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 131-ci maddənin 2-ci bəndində isə ehtiyatsızlıqdan sağlamlığa ağır zərbə vurma halında minimum əmək haqqı məbləğinin 500 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulub. Əgər həkim xətası nəticəsində xəstə həyatını itiribsə, Cinayət Məcəlləsinin 124-cü maddəsinə əsasən, ehtiyatsızlıqdan adam öldürmə halları üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 314-cü maddəsinə görə, səhlənkarlıq nəticəsində həkimin vicdansız və laqeyd münasibəti üzündən öz xidməti vəzifəsini lazımi qədər yerinə yetirməməsi sonucda vətəndaşların sağlamlıq hüquqlarına və qanun mənafelərinə zərər vurduqda minimum əmək haqqının 500 mislindən 1000 mislinədək və ya 2 il islah işləri, 6 ay azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həkim terroruna necə “dur” deyək?


Hüquqşünas Səməd Vəkilov dedi ki, bu cür işlərdə həkim təəssübkeşliyi mənfi rol oynayır: “Bu zaman iki məsuliyyətdən söhbət gedir, birincisi cinayət məsuliyyəti, ikincisi isə mülki məsuliyyət. Müğənni Nazim əgər bu barədə şikayət edibsə, o həkim vurulmuş zərərlə bağlı cinayət məsuliyyətinə cəlb edilməlidir. İndi president var. İlk dəfə biz Elnarə Tofiqqızı ilə bağlı məsələdə Ali Məhkəmənin sonuncu qərarı ilə klinika və 3 nəfər həkimə 75 min manat mənəvi təzminat vermələri ilə bağlı qərar qəbul edilib. Ayrıca olaraq maddi zərərlə bağlı da iddia qaldırılıb və davam edir. Yəni demək istəyirəm ki, bu işlə bağlı artıq məhkəmə təcrübəsi də var. Yəni ilk fundamental president Elnarə Tofiqqızının ölüm işindən sonra yaranıb. Maddi, mənəvi zərərin ödənilməsi, cinayət məsuliyyətinə cəlb olunma ilə bağlı bu artıq yaranıb. Həkim səhlənkarlığı ehtiyatsızlıqdan törədilmiş cinayətlərə cəza tətbiq olunan zaman 5 ilə qədər cəza tətbiq edildikdə məntəqə rejimləri cəza olur. Məntəqə rejimli də həbs sayılmır. Bu işdə iki ehtiyatsızlıqdan və qəsdən törədilmiş cinayət olduğuna görə, orada həm də sənədlərin saxtalaşdırılması məsələsi vardı, ona görə də həkimin həbs olunması mümkün oldu. Bu tip məsələlərdə pis bir cəhət ondan ibarətdir ki, həkim təəssübkeşliyi burada çox pis rol oynayır. Və ekspertiza çalışır ki, həmişə həkimlərin xeyrinə qərar qəbul eləsin ki, burada həkim səhvi olmayıb. Həkim səhlənkarlığına son qoyulması ilə bağlı cəmiyyətin ciddi təpkisi lazımdır. Bu işdə qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri və jurnalistlərin üstünə böyük iş düşür”.


Günel MANAFLI
Tarix: 25-08-2017, 08:56
Xəbəri paylaş





Xəbər lenti