RUSİYANIN AZƏRBAYCANA QARŞI TƏCAVÜZ PLANI

RUSİYANIN AZƏRBAYCANA QARŞI TƏCAVÜZ PLANI Siyasi hakimiyyətə və orduya nəzarət edən Kreml ölkəmizi özünün müstəmləkəsinə çevrimək istəyir

Ötən həftə Xızdakı “N” saylı hərbi hissədə baş verən partlayışın hələ də cəmiyyətdə “küləyi əsir”. Çoxları bu haqda düşündüklərini dilə gətirməyə cəsarət etməsə də, burada hansısa təsadüfdən danışmaq mümkün deyil. Necə deyərlər, siyasətdə təsadüf olmur. Xüsusən də regionda siyasi gündəmin kifayət qədər gərgin olduğu indiki ərəfədə belə bir iddia sadəcə yersizdir.


Öncə onu qeyd edək ki, hər şey Gürcüstanda ard-arda törədilən meşə yanğınları ilə başladı. Hansı ki, bu yanğının sıradan bir təbiət hadisəsi və ya kiminsə səhlənkarlığının nəticəsi olmadığı artıq rəsmən də etiraf olunmaqdadır. Doğrudur, gürcü mətbuatı barmağını Şimala tuşlasa da, rəsmi olaraq konkret hədəf göstərilmir. Buna da təbii yanaşmaq lazımdır. Çünki bunun üçün rəsmi qurumların əlində ciddi faktlar olmalıdır. Belə bir faktı əldə etmək isə heç vaxt mümkün olmayacaq. Ona görə ki, “siyasi yanğın” törətmək “lazım gəldikdə”, Moskvada bu işi heç vaxt diletantlara həvalə etmirlər...

Beləliklə, yanan yandı və yanmaqda davam edir. Lakin bu yanğın bir çox həqiqətləri üzə çıxardı. Xüsusən, qonşu ölkədəki yanğının söndürülməsinə öz dəstəyini əsirgəməyən rəsmi Bakının da “yanğınla” cəzalandırılması təsadüf ola bilməz. Bu barədə qeyd etmişik, bir daha vurğulayaq ki, Xızıdakı silah-sursat anbarında baş verən partlayışla Azərbaycana 2 mesaj verildi:

1. Bizim törətdiyimiz yanğını kimsə söndürə bilməz.

2. Bizə qarşı çıxarsansa, sən də yanarsan.


Təbii ki, bu mesajın Kremldən verildiyi və hər iki “yanğın küləyi”nin də şimaldan əsdiyi kimsəyə sirr deyil. Sadəcə, belə görünür ki, Azərbaycanda yanğın törədilməsi, yəni Xızıdakı hərbi hissənin partladılması öncədən planda yox idi...

Rusiya Gürcüstandakı yanğınlarla bu ölkəni cəzalandırmaq, yaxud da tamamilə özündən asılı vəziyyətə gətirmək istəyirdi. Azərbaycanın “yersiz” dəstəyi Moskvanın bu planını alt-üst etdi. Odur ki, Rusiya Azərbaycanı da anoloji “silahla” vuraraq, ölkəmizə qarşı qəzəbini aşkar şəkildə ifadə etmiş oldu. Həm də, bununla rəsmi Bakıya “xox” gəlməyə çalışdı.

Amma Krelm bu dəfə də yanlış hesablama apardığının fərqində olmadı. Belə ki, Xızıdakı hərbi hissəni partlatmaqla rəsmi Bakını çəkindirəcəyini düşünən Rusiya başbilənləri tamamilə fərqli mənzərənin şahidi oldu: Azərbaycan Gürcüstanda törədilən növbəti yanğın zamanı da öz dəstəyini əsirgəmədi və prezident İlham Əliyevin göstərişi ilə yanğınsöndürən helikopterlər yenidən qonşu ölkəyə yardıma göndərildi. Bu isə o anlama gəlir ki, artıq ölkəmizdə “şimal küləyi”nin qarşısına sipər çəkilməkdədir...

Sözsüz ki, Xızıdakı hərbi hissədə törədilən partlayış ölkəmizdə çox ciddi narahatçılığın əsasını da qoyur. Bu hadisə onu göstərir ki, Azərbaycan Milli Ordusunun içərisindəki erməni kəşfiyyatına xidmət edən şəbəkə ifşa olunsa da, burada vəziyyət hələ də ürəkaçan deyil. Bir halda ki, Rusiya xüsusi xidmət orqanları Kremldə düymənin basılması ilə qısa müddət içərisində ölkəmizdə belə bir nəhəng partlayış törədə bilib, deməli, sabah daha ciddi problemlərlə üz-üzə qala bilərik. Odur ki, ölkə rəhbərliyi, xüsusən də Azərbaycanın Rusiyadan asılı olmasını istəməyən, müstəqil siyasət aparmasının tərəfdarı olan məmurlar bu haqda daha ciddi düşünməlidir. Bu gün istər siyasi hakimiyyətdə, istər milli ordunun içərisində, istər də digər qurumlarda Kreml rəhbərlərinə təzim edən şəxslərdən xilas olmadıqca, təhlükəsizliyimizə heç bir qarant olmayacaq...

Digər tərəfdən, Xızıdakı partlayışın “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbsindən bir gün sonra törədilməsi də təsadüf hesab olunmur. Çoxlarına bəllidir ki, M.Əliyevin tamamilə qondarma ittihamlarla həbsə atılmasının arxasında da ruspərəst məmurların rolu var. Əslində, Mehman Əliyev sadəcə bu planın uğurla həyata keçirilməsi üçün seçilmiş bir fiqur olub. Bu ideyanın müəllifləri yaxşı bilirdilər ki, “Turan” İnformasiya Agentliyinin rəhbərinin həbsi bütün beynəlxalaq təşkilatların və Qərb ölkələrinin hakimiyyətə ciddi basqısına səbəb olacaq. Odur ki, M.Əliyev barəsində qondarma “vergi cinayətləri” quraşdırmaqla, onun həbsinə nail oldular.

Bəs, bu oyunda Mehman Əliyevə “baş rol” verilməsi ruspərəst məmurlara nə üçün lazım idi? Əlbəttə, bu sualın çox sadə cavabı var. Məqsəd Azərbaycan prezidenti İlham Əliyevin iradəsinə zidd olaraq, ölkəmizin Qərbə inteqrasiyasi istiqamətində göstərdiyi fəaliyyəti önləməkdir. Bəllidir ki, Kreml rəsmi Bakının Qərblə normal münasibətlərinin qurulmasını heç vaxt istəməyib və indi də buna qarşıdır. Çünki, Moskvada bilirlər ki, bu halda Azərbaycan tədricən Rusiyadan uzaqlaşmalı və müstəqil siyasət yürütməli olacaq. Bu isə, şübhəsiz, özünü “böyük qardaş” gözündə görən Rusiyanı narahat etməyə bilməz. Bunun üçün də, Kremlin gösətirşi ilə Azərbaycan hakimiyyətindəki Rusiyapərəst məmurlar ölkəmizin ABŞ və Avropa dövlətlər ilə əlaqələrini pozmağa cəhd edirlər. Sözsüz ki, bu siyasət təkcə bu gün deyil, uzun illərdir aparılır. Məsələn, son illər Avropanın bir çox institutlarının Azərbaycandan çıxarılması, Qərbin nüfuzlu beynəlxalq təşkilatları ilə bu və ya digər şəkildə əməkdaşlıq edən şəxslərin təqib olunması, qondarma ittihamlarla həbsə atılması və s. bunun bariz nümunəsidir.

Əlbəttə, Kreml Azərbaycanı nəzarətində saxlamaq üçün öz kadrlarını siyasi hakimiyyətə, ordunun içərisinə yerləşdirməklə kifayətlənmir. Əksinə, Azərbaycana özünün “müstəmləkəsi” kimi yanaşan Rusiya başbilənləri ölkəmizə qarşı hər tərəfdən hücuma keçib. Belə ki, iki gün əvvəl təhsil naziri Mikayıl Cabbarovun ortaya atdığı “Azərbaycanda rus dilinin intensiv tədrisi” layihəsinə də bu planın tərkib hissəsi kimi yanaşmaq lazımdır. Hansı ki, yeni layihəyə əsasən bu ildən etibarən daha 50 ümumi təhsil müəssisəsində rus dilinin intensiv tədrisi aparılacaq.

Orta məktəblərdə şagirdlərə xarici dilin öyrədilməsi müsbət haldır. Amma hazırda ölkəmizdə rus dilinin ana dili səviyyəsindən də üstün tədrisi, digər beynəlxalq danışıq dillərinə mühüm əhəmiyyət verilməməsi heç də bu layihənin tədris marağından irəli gəldiyini söyləməyə əsas vermir. Tam tərsi, bu onu göstərir ki, Rusiya ərazi bütövlüyümüzlə yanaşı, ana dilimizə də təcavüz etməkdədir...

Maraqlıdır ki, Rusiyanın Azərbaycana təcavüzü, zaman-zaman ölkəmizdə çoxsaylı təxribatlar törətməsi uzun illərdir rəsmi səviyyədə susqunluqla qaşılanır. Sanki Azərbaycanda bütün önəmli vəzifələrə təyinatlar Moskvanın razılığı ilə həyata keçirildiyindən, məmurlarımız öz postlarını qorumaq üçün Rusiyanın əleyhinə bir kəlmə belə danışmaq istəmirlər. Əksinə, dəfələrlə şahidi olmuşuq ki, bəzi məmurlarımız, ayrı-ayrı deputatlar sanki Rusiyanı tərifləmək üçün yarışa çıxıblar. Bütün bunlar isə Azərbaycan dövlətinin müstəqilliyinin üzərinə böyük bir sual işarəsi qoyur.

RƏŞAD

P.S. Dünən Gürcüstanın daxili işlər naziri Georgi Mqrebrişvili jurnalistlərə açıqlamasında yanğınların qəsdən törədildiyini istisna etməyib: “İstintaq bütün versiyalar üzərində işləyir. Əgər sizi mənim subyektiv mövqeyim maraqlandırırsa o zaman düşünürəm ki, yanğını qəsdən törədə bilərdilər. Digər amillər də ola bilər. İstintaq davam edir və bütün versiyalar araşdırılır”.
Tarix: 1-09-2017, 16:43
Xəbəri paylaş





Xəbər lenti