MEDİADA SAYT BUMU YAŞANIR

MEDİADA SAYT BUMU YAŞANIR Seymur Verdizadə: “Adam tanıyıram ki, cibində üç-dörd sayt “gəzdirir”
Anar Niftəliyev: “Maliyyə imkanları geniş olduqca, keyfiyyət də yüksələcək”


Elman Cəfərli:"Ən böyük problemlərdən biri peşəkarlığın "operativliyə” qurban verilməsidir

Əziz Əlibəyli: "İkinci çatışmayan cəhətimiz saytların ixtisaslaşa bilməməyidir”



Azərbaycan internetlə 1990-cı illərin sonlarında tanış olmağa başlayıb. 1996-97-ci illərdən sonra ilk internet media resursları yaranıb. Hazırda ölkədə yüzlərlə xəbər saytları, portallar, agentliklər fəaliyyət göstərir. Amma onlardan təxminən yarısının fəaliyyətini internet media üçün qəbul olunan parametrlərə uyğun hesab etmək olar. Müasir Azərbaycan mətbuatının yeni, sürətlə inkişaf edən bir qolu sayılan internet medianın özünəməxsus problemləri var.

Vurğuladığımız kimi Azərbaycanda elektron media özünün ciddi təşəkkül mərhələsindədir. Ona görə də keçilmiş mərhələlərlə yanaşı, həll olunmamış xeyli problemlər qalmaqdadır. Ekspertlərə görə, ən ciddi çatışmazlıq internet media ilə bağlı qanunvericilik bazasının tamamlanmamasıdır. Hazırda internet mediasının fəaliyyətinin kommersiya, yaradıcılıq təşkilatı, yoxsa KİV olduğu tam təsbit edilməyib. Onların fikrincə, bu məsələ həllini tapsa, internet mediası sahəsindəki pərakəndəlik və hüquqi boşluqlardan sui-istifadə halları da azalar. Digər problemlər isə internet mediası üçün uyğun kadrların hazırlığının ardıcıl şəkildə aparılmaması, internetlə təminat, tariflər, reklam təminatı və s.-dir. Araşdırmaçılara görə, digər ciddi problem saytların yarış bəhsəbəsinə qoşulmasıdır. Bu yarış 100 metrə qaçmaq təcrübəsi olan, bundan artığına gücü, nəfəsi çatmayan idmançının marafon yarışına qatılmasına bənzəyir.

Aydındır ki, idmançı yarıyolda qalacaq, mənzil başına çatmayacaq. Azərbaycanın internet mediasına aid olan resursların çoxu da bu durumdadır. Başları yarışa qarışıb, lakin intellektual səviyyə unudulub, peşə etikası arxa plana keçib. Əksər saytlar hansısa xəbəri digərindən daha tez yaymağa çalışır, ancaq xəbər sonra ya növbə ilə təkzib edilir, ya da daha pisi baş verir, portallar yalan xəbəri tirajlamaqda davam edirlər. Ekspertlərin fikrincə, Azərbaycanda internetin texniki, iqtisadi şərtləri, infrastrukturu ilə bağlı da ciddi problemlər mövcuddur. Eyni zamanda bu sahədə mühüm problemlərdən biri də müəlliflik hüquqlarının qorunmamasıdır. Mətbuat etikasının gözlənilməsi internet mediada başqadır. Burada xəbəri asanlıqla oğurlamaq, xəbərin mənbəyinin dəyişilməsi, danmaq yolu xəbəri mənimsəmək olur. Bütövlükdə internet media yazılı KİV-dən fərqli olaraq, daha dəqiq və sürətli olmalıdır. Xatırladaq ki, Azərbaycanda internet medianın tənzimlənməsi ilə bağlı qanunvericilikdə ciddi problemin olmadığını düşünənlər də var. Onlar hesab edirlər ki, sözügedən sahənin məzmun baxımından tənzimlənməsi üçün hər hansı qanunvericilik təşəbbüsünə ehtiyac yoxdur. Sadəcə olaraq, mövcud olan qanunları müəyyən qədər inkişaf etdirmək lazımdır.

Çünki ölkədə internet mediasının məzmun baxımından tənzimlənməsi ilə bağlı qanunvericilik bazasını yetərli hesab etmək olar. "KİV haqqında” qanunda medianın digər subyektlərinə aid edilən tənzimləmə internet mediasına da aiddir. Məsələn, hansısa özəl məlumatı yaymaq və ya kimisə təhqir etmək qəzet üçün hansı hüquqi məsuliyyətdirsə, internet saytı üçün də həmin məsuliyyəti yaradır. Hər şeyə rəğmən son illərdə Azərbaycanda internet medianın xeyli inkişaf etdiyini inkar etmək olmaz. Ötən müddət ərzində yüzlərlə xəbər saytları yaradılıb. Əldə edilən müəyyən nailiyyətlərlə yanaşı, çatışmazlıqların olması da danılmazdır. Tez-tez gündəmə gətirilən tənqidlərdən də görünür ki, nələrsə yolunda getmir.


Mövzu ilə bağlı "Şərq”ə danışan Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib ki, bir jurnalist kimi saytların çoxu onu fərəhləndirmir. JAM sədrinin sözlərinə görə, hazırda fəaliyyət göstərən saytların əksəriyyəti ölkənin xəbər məkanına töhfə verə bilmir:

"Sayt sözünü yaza bilməyən adamlar internet media sahibidirlər. Adam tanıyıram ki, cibində üç-dörd sayt "gəzdirir”. Yəni, cib telefonu vasitəsilə üç-dörd saytı idarə edir. Bu, sözə və jurnalistikaya həqarətdir. Senzuranın ləğvi Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verdi, söz azadlığının sərhədlərini genişləndirdi. Amma bununla paralel olaraq, qeyri-peşəkarların mətbuata axınına rəvac verdi. Bir qrup dələduz əvvəl çap mətbuatını gözdən saldı, indi isə internet mətbuatını nüfuzdan salmağa çalışırlar. Ölkədə yüzlərlə sayt var. Bu saytların əksəriyyətinin hüquqi ünvanı, əlaqə vasitələri yoxdur. Həmin saytlar qaralama kampaniyası aparmaqla, ayrı-ayrı məmurları, tanınmış adamları şantaj edib, beş-on manat pul qazanmaqla məşğuldurlar. Təəssüf ki, onlara qarşı mübarizə çox vaxt effekt vermir. Ümumiyyətlə, bu cür ünsürlərə qarşı inzibati üsullarla mübarizə aparmaq yeganə çıxış yolu deyil. Fəaliyyəti şantaj və qaralamadan ibarət olan saytlara qarşı cəmiyyət özü mübarizə aparmalıdır. Yalan yazan, böhtançılıqla məşğul olan, başqasının zəhmətinin bəhrəsi olan xəbərləri istinadsız öz səhifəsində yerləşdirən saytları oxucular boykot etməlidir. Dövlət qurumlarının qapıları bu cür saytların əməkdaşlarının üzünə bağlı olmalıdır. Azərbaycanda yüzlərlə sayta ehtiyac yoxdur”. Jurnalist bildirib ki, Azərbaycanda yüzlərlə saytı ərsəyə gətirmək potensialına malik peşəkar jurnalist yoxdur: "Buna görə də çoxluğuna işarə vurduğumuz həmin saytlar zəif fəaliyyət göstərir, ictimai fikrə təsir edə bilmirlər. Hazırda ölkəmizdə 30-a yaxın ciddi sayt var və mən onların daimi izləyicisiyəm. Digər saytlar isə özfəaliyyətin nəticəsidir və tezliklə xəbər məkanını tərk edəcəklər. Sonda onu da qeyd etmək istəyirəm ki, "reket saytlar”ın çoxluğu ciddi saytların fəaliyyətinə kölgə salmamalıdır.

Cəmiyyəti operativ informasiya ilə təmin edən saytların fəaliyyətini stimullaşdırmaq hər birimizin borcudur”.

"Axar.az” saytının baş redaktoru Anar Niftəliyev də "Şərq”ə deyib ki, internet medianın durumu arzulanan səviyyədə deyil. Baş redaktor düşünür ki, hətta bütün istədiklərimiz reallaşsa belə, yenə vəziyyət qaneedici olmayacaq:


"Çünki nə zaman razı qalacağıqsa, onda inkişaf etməyəcəyik, yerimizdə sayacağıq. Saytların çoxalmasını dəstəkləyirəm. Bu, ümumilikdə jurnalistlərin formalaşmasına, informasiya bolluğuna, sağlam rəqabətə yol açır. Nələr etməliyik? İlk növbədə ali məktəblərin jurnalistika fakültələrində təhsilin keyfiyyəti artırılmalıdır. Heç olmasa, nəzəri baxımdan məzunlar jurnalistikaya hazır olmalıdırlar. Təəssüf ki, bir çox hallarda güvəndiyimiz təhsil ocağının, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini yüksək qiymətlərlə bitirib, mediada fəaliyyətə başlayan gənclərin dil bilgiləri çox aşağı səviyyədə olur. İnformasiyanın yazılış qaydasını belə bilmirlər. Bir neçə əcnəbi dil bilən, yüksək nəzəri hazırlıqlı gənc kadrlar yox səviyyəsindədir. Düşünürəm ki, jurnalistika fakültələri onlayn media ilə paralel çalışmalı, təhsil alan gənclərin 4 il müddətində tam formalaşması üçün vaxtaşırı tələbələrin redaksiyalarla əlaqələrini qurmalıdır. Peşəkarların sözügedən fakültələrdə açıq dərsləri də gənclərə böyük dəstək olar. O ki qaldı onlayn mediada keyfiyyət dəyişikliyinə, buna vaxtaşırı cəhd edirik. Ancaq arzuladıqlarımızı gerçəkləşdirmək üçün, etiraf edək ki, ciddi maliyyəyə ehtiyac duyuruq. Maliyyə imkanları geniş olduqca, keyfiyyət də yüksələcək”.

"Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli vurğulayıb ki, son 10-12 ildə Azərbaycanda internet media xeyli inkişaf edib, gözümüzün önündə inqilabi dəyişikliklər baş verib:

"Çap mediası yerini internet mediaya verir. Son illər onlayn media xeyli uğurlar əldə edib. Bu gün xəbər məkanımızda kifayət qədər ciddi informasiya, təhlil portalları var. Ancaq gözlə görünən kifayət qədər ciddi problemlər də mövcuddur. Fikrimcə, ən böyük problemlərdən biri peşəkarlığın "operativliyə” qurban verilməsidir. 1990-cı illərdə Azərbaycanda qəzet bumu var idi. İş tapa bilməyən adamlar mətbuata gəlirdi, qəzet açırdı. Bəzən "media kapitanı” sükanında heç qələm əhli olmayan tamam başqa sahənin adamlarını görmək olurdu. İndi də ölkədə sayt bumu hökm sürür. Hər kəs sayt aça bilir. Bu, bir tərəfdən yaxşıdır ki, media azaddır. Ancaq digər tərəfdən də pisdir ki, qeyri-peşəkarlar yenə mediaya doluşurlar. Görürsən, cümlə qura, adi xəbər yaza bilməyən adamlar sayt rəhbəri olurlar. Bu gün çox təəssüf ki, ciddi mövzulardan, cəmiyyəti düşündürən problemlərdən yox, müğənnilərin, sənət və şou-biznes adamlarının özəl həyatından yazan, şəkillər paylaşan saytlar daha çox İP əldə edirlər”.

E.Cəfərli bildirib ki, problemlərdən biri reklam bazarının olmamasıdır:

"Nə qədər ki, reklam bazarı yoxdur, medianın əsas gəliri reklamdan formalaşmır, qeyri-peşəkarlar da bu sahədə "at oynadacaqlar”. Onlayn mediada müşahidə olunan dil qüsurları da qeyri-peşəkarlığın nəticəsidir. Hesab edirəm ki, buna ciddi nəzarət olunmalıdır. Saytın rəhbəri bacarıqlı menecer ola bilər. Ancaq sayta peşəkar redaktorlar nəzarət etməlidir. Onlayn medianın ciddi problemlərindən biri də reket jurnalistlərdir. Bir zamanlar reket, dilənçi qəzetlər vardı, indi reket saytlar var. Onlar üçün peşəkarlıq, obyektivlik və vicdanlılıq deyə bir prinsip yoxdur. Əsas məqsəd yalnız şantaj, qorxutma yolu ilə pul əldə etməkdir. Onlar problemi qoyurlar, ancaq məqsəd ictimai faydalılıq deyil. Yalnız problemdə günahı olan şəxslərdən və qurumlardan pul qoparmaqdır. Mənə elə gəlir ki, sayt bumu dövrü də keçəcək. Qanunvericilik bazası tam formalaşandan sonra internet mediasındakı pərakəndəlik və hərc-mərclik aradan qalxacaq”.

"A24.az” saytının redaktoru Əziz Əlibəyli isə deyib ki, xəbər yayımında onlayn medianın yükünün artması beynəlxalq tendensiyanın nəticəsidir:

"Saytların sayının çoxalması müsbət hadisədir. Bu, bazarda kifayət qədər rəqabəti, iş əmsalının keyfiyyətini artırır. İnkişaf baxımından bizim media müasir dünyadan 1-2 il geri qalır. Əsas problemlər bu sahədə oturuşmamış kəsimin olmasıdır. Əksər jurnalistlər yeni medianı başa düşmür, düşənlər isə ənənəvi media ilə əlaqədə deyil. Bu, ciddi problemdir. İkinci çatışmayan cəhətimiz saytların ixtisaslaşa bilməməyidir. Bu gün sayt açan ilk növbədə onun sahəvi olmasının qayğısına qalmalıdır. O halda saytın dəqiq auditoriya hədəfi olur və tez də uğur qazana bilir. Bizim əksər onlayn media resurslarının xəbər istehsalında məzmun fərqi yoxdur. Xəbər saytında futbol, qadın, moda, kriminal, texnologiyanın bir arada olması uğurlu yanaşma deyil. İstənilən futbol xəbəri, xəbər saytında yox, spesifik resursda daha uğurlu oxunacaq. Bu sadaladıqlarımın öz yerini tapması üçün onlayn media mütəxəssislərinin ənənəvi yanaşmalardan imtina etməsi lazımdır”.

(davamı var)

İsmayıl Qocayev


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb
Tarix: 6-09-2017, 08:43
Xəbəri paylaş





Xəbər lenti