Yadelli işğalçıların dəstəkçilərinin coşması

Yadelli işğalçıların dəstəkçilərinin coşması İndiyədək bu ölkədə, paytaxt Bakıda çox yer zorla bağlanıb, sökülüb, dağıdılıb, sahibinin əlindən alınıb.

Zorla bir qərargahdan çıxarılıb başqa bir yerə köçürülən siyasi partiyalar, günün günorta çağı redaksiyasız buraxılan qəzetlər olub.

Alatavada, Binəqədidə, Sulutəpədə, “Sovetski”də insanların evlərinin ekskavatorların çalovuşları ilə darmadağın edilməsi olayları baş verib.


İstehsalla məşğul olan iri zavodların qapadılması, sahiblərinin əlindən zorakılıqla alınması halları müşahidə olunub.

Bir sözlə, bu kimi mülkiyyət, obyekt davaları çox olub, amma heç biri srağagün Bakının mərkəzində lövhəsi sökülən “26-lar” kafesinin başına gələn hadisə qədər ajiotaj doğurmayıb, kütləvi ictimai müzakirəyə, etiraza səbəb olmayıb.

Anlamaq çətindir. Bu, 50-60 daimi müştərisi olan lüks kafedir, “hər gün xanımlara pulsuz qəlyan” verir, gecələr erotik-şou göstərir, şəhər əhalisinin 99, 99999 faizi ömründə bir dəfə ora girməyib, amma minlərlə insan ölkədə ilk dəfə şəxsi mülkiyyətə basqı varmış kimi bundan yazır.

Sanki bu kafe yüzlərlə fəhlənin çalışdığı zavodun qapadılmasından daha artıq sosial-siyasi əhəmiyyətə, iqtisadi dəyərə malik bir obyektdir.

Bir azca dərinə varanda görürsən ki, söhbət iaşə müəssisənin təyinatıyla, bu kafeyə qarşı tətbiq edilmiş basqıyla bağlı deyil. Məsələnin altı qatı var.

“26-lar” kafesinin lövhəsinin sökülməsi və fəaliyyət göstərdiyi məkandan zorla çıxarılması hadisəsi barədə qəzəbli, ironik statuslar yazan, rəy bildirən adamların bir hissəsi haqq-ədalət tərəfdarları, bir qismi isə küyə gedənlərdir. Ancaq onların sırasında sırf kafenin adına görə ayağa qalxanlar da var.

Bu adamlar nə etdiklərini, nəyə çalışdıqlarını yaxşı bilirlər və onların hiddətinə səbəb heç də kafenin “Gelandevagen”li sahiblərinin üzləşdiyi maddi itki, haqsızlıq deyil. Başqa vaxt onlar məhz bu cür “gənc və harın burjuylar”ı söyüb-yamanlayırdılar.

İndi isə bu “gənc burjuy”ların öz kafelərinin adında əski sovet-kommunist simvollarından birini gizli şəkildə yaşatdıqları bəlli olub. Bu adamları qəzəbləndirən, ard-arda yeddi-səkkiz status, məqalə yazmağa vadar edən də məhz həmin simvola hücum edilməsidir. Yoxsa bir “burjuy kafesi”nin bağlanması onları hiddətləndirməzdi.

Buna görədir ki, köhnə əyyamın bərpasını istəyən, sovet nostaljisi ilə qəhr olub gedənlər dostlarına təklif edirlər ki, belədirsə, onda gəlin Bakıdakı yerləri köhnə adıyla çağıraq – məsələn, “İçərişəhər” yerinə “Baksovet”, “Füzuli küçəsi” əvəzinə “Basin” deyək.

Bu çağırışa həvəslə səs verən həmvətənlərimiz qeyd edirlər ki, onsuz da elə edirik. Biri yazır ki, o, onsuz da “İstiqlaliyyət” küçəsinə həmişə “Kommunist küçəsi” deyir.

Niyə axı? Bu qaranlıq era bitib, gedib, ölkəmiz rus işğalından xilas olub, öz ayağı üstündə durmağa, müstəqil, azad olmağa çalışır. Nədir bu müstəmləkə, boyunduruq, ağa sevgisi? Görün bu sevgi nə dərəcədə şiddətlidir ki, yüz illərlə xalqımıza zülm etmiş, onu istismara, talana, repressiyaya məruz qoymuş işğalçıların izlərini yaşatmaq istəyirlər.

Ritorikasına xüsusi mülkiyyətin müdafiəçisi kimi başlayanlardan biri öz niyyətini çox da pərdələmir, BŞİH rəhbərini açıq mətnlə təhqir edərək yazır ki, o, tariximizə əl uzadır. Heç demə, 2-3 il əvvəl açılan və əhli-kef adamlara xidmət göstərən kafe tariximizin parçasıymış. Təbii ki, kafenin özü yox, adı nəzərdə tutulur.

Başqa biri isə daha açıq mətnlə yazır: “Moskvanın cənub-şərqində “26 Bakı komissarı” lövhəsi və eyni adlı küçə var. Tarixi dağıtmaq nəyə lazımdır”.

Söhbət budur. Bəziləri sovet izlərinin davasını aparır, bizim fəallar da özləri də bilmədən onlara qoşulub.

Bu cür adamları 5-ci kolona aid etmək olarmı? Əlbəttə, bunu ayırd etmək xüsusi xidmət orqanlarının işidir. Onlar araşdırmalıdırlar ki, daima Rusiyanın maraqlarını müdafiə edən bu adamlar gerçəkdən də harasa bağlıdırlar, ya yox.

Ancaq göz önündə olan odur ki, onlar yadelli işğalçıların dəstəkçiləridir və əgər yeni bir rus ordusu sərhədlərimizdən üzü bəri keçsə bu adamlar gül-çiçək dükanlarının önündə növbə yaradacaqlar ki, gül çələngləri alıb işğalçı qoşunu qarşılamağa çıxsınlar.

Bunların televizorlarının anteninin çanağı Moskvaya tuşlanıb, kabelləri ora birləşib, Rusiyayla nəfəs alır, onun siyasi gündəmini izləyir, mədəni həyatını təqib edirlər. Onların cismi burdadır, bu torpağın çörəyini yeyib, suyunu içirlər, amma düşüncələri şimal diyarında dolaşır.

Xalid KAZIMLI
Tarix: 10-09-2017, 14:55
Xəbəri paylaş





Xəbər lenti