Macarıstandan Bakıya 1 təyyarə bileti 7 milyon dollara - BBC-nin bir iddiasına sözardı

Macarıstandan Bakıya 1 təyyarə bileti 7 milyon dollara - BBC-nin bir iddiasına sözardı BBC maraqlı bir məqalə hazırlayıb. Məqalədə yazılıb ki, Avropada dərc edilmiş və Azərbaycan hökumətinin 3 milyard dollara yaxın vəsaiti xarici şirkətlər vasitəsilə lobbiçilik, çirkli pulların yuyulması üçün xərclədiyini iddia edən yeni jurnalist araşdırmasına əsasən, ödənişlərdən biri də Macarıstandakı bank hesabına edilib.

Macarıstanın atlatszo.hu saytında dərc edilmiş məqalə müəlliflərinə əsasən həmin bank hesabı Velasco International Inc., ofşor şirkətinə məxsus olub və oraya 7 milyon dollardan artıq pul köçürmələri qeydə alınıb.


Sayt həmçinin diqqəti, bu ödənişlərin Macarıstanda cəza çəkən Ramil Səfərovun Azərbaycana ekstradisiyasından əvvəl edildiyinə çəkir.
Rəsmi Bakı bu iddiaları rədd edib.

Atlatszo.hu saytındakı hesabata əsasən 2012-ci ildə, Ramil Səfərovun ekstradisiyasından əvvəl Macarıstanın baş naziri Victor Orban Bakıya səfər edərkən baş nazirin birinci müavini Yaqub Eyyubovla görüşüb. Cənab Eyyubov isə Velasco International Inc. ofşor şirkətilə bağlı olduğu deyilən Orxan Eyyubovun atasıdır.

Cənab Eyyubov iddialara münasibət bildirməyib.


****

BBC-nin hazırladığı bu yazıdan ortaya ilginc və sadə bir nəticə çıxır. Azərbaycan dövləti dünya çapında erməni lobbisinə qarşı layiqli mübarizə aparır. Və bu mübarizə qüdrətli erməni lobbisinin metodlarına müvafiq, adekvat şəkildə qurulub. İndiyə qədər erməni lobbisi dünya miqyaslı siyasi xadimləri, jurnalistləri, qurumları satın alırdı. Onun bu metodlarına qarşı nə Türkiyə, nə də Azərbaycan heç nə edə bilmirdi. İndi Qərb mediası gözümüzü açmaqdadır - sən demə, çox layiqli bir savaş gedirmiş! Ermənilər və onların dünyanın hər yerindəki havadarları buna görə qudurmuş halda, Azərbaycana qarşı hücuma keçiblər. Ramil Səfərovun Macarıstandan və erməni lobbisinin əlindən alınması və Bakıya ekstradisiyası bu məsələdə bir dönüş nöqtəsi oldu. Azərbaycan dövləti qos-qoca erməni lobbisini yendi və öz qəhrəman oğlunu Bakıya gətirib, azad etdi.

Bütün bunlar hava ilə olmur ki... Azərbaycana qarşı beynəlxalq mediada gedən kampaniyadakı tarixlərə diqqət edin!

O baxımdan, əgər iddialar doğruysa, Azərbaycan düz edir və yaxşı edir ki, neft pullarının bir qismini, onun xərclənməsinə sərt monitorinqi həyata keçirən Qərb paytaxtlarından gizli şəkildə, ən müxtəlif metodlarla öz nəzarətinə keçirdir və "örtülü ödənək" yaradaraq, o vəsaitləri Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün diplomatik və hərbi sferalarda istifadə edir. Normal halda, o pullardan bizim ermənilərə qarşı istifadə etməyimizə dünya gücləri icazə vermirlər - bunu anlamaq lazımdır. Biz neft pulları ilə İsraildən, Rusiyadan, Ukraynadan bu qədər silah ala bilməzdik...

Məhz bunu anlayanlar hazırda Azərbaycana qarşı savaş açıblar. Onlara ölkə içindən də dəstək verilir. Xədicə İsmayılovakimilər bu qəbildəndirlər. Azərbaycanın bu cür miqyaslı oynaması, erməni lobbisinə qarşı Türkiyədən də daha artıq iddia göstərməsi və para xərcləməsi bir çoxlarını şoka sallb, dəliyə döndərib.

Doğrudur, Azərbaycan tərəfi rəsmi olaraq bu iddiaları rədd edir, hamısını yalanlayır. Bizcə, dövlətimiz hər iki halda da düz edir...

Lakin daxili auditoriya üçün həqiqətlər açıqlanmalıdır. Onlardan birini BBC bu yazısı ilə açıqlayıb. Guya Azərbaycan iqtidarını ifşa edib, lakin sağ olsun, ayıq insanlara hər şeyi aydınladıb...

Macarıstandan Bakıya uçaqlar hava ilə gəlir. Lakin o uçağın içində bəzən elə qiymətli sərnişin olur ki, onun biletinin qiyməti 7 milyon dolları da keçir...


Musavat.com
Tarix: 10-09-2017, 15:47
Xəbəri paylaş





Xəbər lenti