Sülh danışıqlarına açılan “atəş”: Kimə tuşlanıb?

Sülh danışıqlarına açılan “atəş”: Kimə tuşlanıb? Son günlər Ermənistan cəbhə xəttində yenidən “fəallaşıb”. Mütəmadi olaraq atəşkəs rejimini pozan, cəbhə xəttində müxtəlif təxribatlara əl atan işğalçı Ermənistan bununla da sülh danışaqlarını yubadır. Əslində Ermənistan tərəfinin 20 ildən artıqdır mövqeyi və yürütdüyü işğalçı siyasətin qayəsində məhz bu məsələ dayanır.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 121 dəfə pozub. Hər dəfə Ermənistan tərəfi məhz danışıqlar prosesində hər hansı nəticəyə nail olmaq ehtimalı yaranarsa, cəbhə xəttində aktivləşir və təxribatlara əl atır. Bu da sülh prosesini ləngidir və işğalçı rejimin vaxt qazanmasına səbəb olur.



Siyasi şərhçi Elşən Manafov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Ermənistan uzun illərdir problemlərin həlli üçün atəşkəs rejimindən istifadə edir. E.Manafov hesab edir ki, Ermənistan hakimiyyəti diqqəti fərqli yönə istiqamətləndirmək üçün mütəmadi olaraq atəşkəs rejimini pozur:

“Atəşkəs gündəlik olaraq 100 dəfə və daha çox pozulur. Bu fakt onu göstərir ki, Ermənistan atəşkəs razılığına əməl etmir. ATƏT-in Minsk Qrupunun vaxtaşırı keçirdiyi monitorinqlərin də nəticəsi göstərir ki, tərəflər arasında əldə olunan razılığı daha çox işğalçı rejim pozur. Zaman-zaman monitorinq qrupunun açıqlamalarında, bəyanatlarında məhz bu məqam öz əksini tapıb. Digər tərəfdən atəşkəs rejiminin pozulmasını iki tərəfin bir-birinə qarşı mövqeyi kimi qiymətləndirmək olmaz. Bu məsələyə daha geniş, bölgənin təhlükəsizliyi, beynəlxalq güclərin maraqları kontekstində yanaşmaq lazımdır. İnformasiya müharibəsində Ermənistan tərəfi zaman-zaman atəşkəs razılaşmasına Azərbaycan tərəfinin əməl etməməsi məsələsini qabardaraq, danışıqlar prosesində beynəlxalq ictimaiyyətin və həmsədr dövlətlərin mövqeyini Ermənistanın maraqlarına yönləndirməyə çalışırlar.

Bu da Ermənistanın qeyri-konstruktiv mövqeyi və Azərbaycan torpaqlarını işğal etməkdə əsas məqsədini gizlətmək istəyindən irəli gəlir. Amma əlbəttə ki, atəşkəsin pozulması Ermənistanda sabit olmayan sosial-siyasi vəziyyət baxımından da qiymətləndirilməlidir. Bir qayda ilə erməni hakimiyyəti cəmiyyət üzərində separatçılıq dalğasını yaymaq istəyir. Ermənistanda yaşanan ağır sosial-siyasi durumun məhz müharibə şəraitindən qaynaqlandığı görüntüsünü yaratmaq istəyir. Çünki müharibə vəziyyətində olan hökumətlərin mövqeyi cəmiyyət tərəfindən başadüşülən olur. Yəni, hakimiyyət üzərinə düşən sosial, iqtisadi vəzifəni yerinə yetirə bilmədikdə, vəziyyəti münaqişə və müharibələrlə əlaqələndirir”.

Elşən Manafovun sözlərinə görə, Sarkisyanın əsas məqsədi baş nazir postuna yiyələnməkdir: “Digər tərəfdən, heç kimin gözləmədiyi bir məqamda Ermənistan NATO-nun hərbi təlimlərinə qoşuldu. Bununla da Ermənistan və onun sahibi olan Rusiya arasında müəyyən problemlər yarandı. Ermənistan tərəfi artıq Rusiya ilə münasibətlərin onlar üçün heç bir xeyir verməyəcəyinin mahiyyətinə vararaq manevr etmək niyyətinə düşüb. Amma Ermənistan hakimiyyətu unudur ki, onun bu gün iqtidarda olması Kremlin Ermənistanla bağlı maraqlarından irəli gələn məsələdir. Ermənistan başa düşməlidir ki, nə qədər çalışsalar da, yaxın 25-30 ildə Rusiyanın çəkdiyi orbitdən kənara çıxmaq şansları olmayacaq. Halbuki, Rusiya və Qərb arasında yaşanan qarşıdurmanın qırmızı xətti məhz Ukrayna ilə bağlıdır.

Tərəflərin və beynəlxalq birliyin də əsas diqqəti məhz Ukrayna məsələsinin həllinə yönəlib. Son zamanlar Şimali Koreya rejiminin yaratdığı problemlər də beynəlxalq güclərin diqqətindən yayınmır. Hesab edirəm ki, Qarabağ məsələsi və tərəflər arasında yaşananları da məhz bu kontekstdə dəyərləndirmək lazımdır. Ermənistan tərəfi qeyri-konstruktiv mövqe sərgiləyir.

Digər tərəfdən özlərinin əməllərini beynəlxalq dünyaya Azərbaycanın adından təqdim etməyə çalışır. Bununla da beynəlxalq güclərin diqqətini fərqli istiqamətlərə yönəltmək istəyir. Son olaraq isə beynəlxalq güclərin geosiyasi maraqları da, cəbhədə atəşkəs rejiminin mütəmadi olaraq pozulması üçün zəmin yaradır. Digər tərəfdən, Azərbaycanda keçiriləcək seçkilər və bu ilin yanvarında Ermənistanda hökumət dəyişikliyi ehtimalı bu proseslərə dinamizm verir. Sarkisyanın əsas məqsədi baş nazir postuna yiyələnməkdir. Bu posta yiyələnmək üçün Sarksiyan hər cür yola əl atmağa hazırıdır”.

Vilayət Muxtar

Cebhe.info
Tarix: 11-09-2017, 17:47
Xəbəri paylaş





Xəbər lenti