Kimə güvənə bilərik?- İşğalçı Ermənistanı dəstəkləyən müsəlman ölkələri - SİYAHI

Kimə güvənə bilərik?- İşğalçı Ermənistanı dəstəkləyən müsəlman ölkələri - SİYAHI “Erməni vəhşiliyi bu gün də davam edir. Bu ilin iyul ayında iki yaşlı azərbaycanlı körpə nənəsi ilə birlikdə ermənilər tərəfindən atılan mərminin qurbanı olmuşdu. Bu, vəhşilikdir. Bu, erməni faşizminin növbəti qanlı cinayətidir”.

“Cümhuriyət” qəzeti xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bu sözləri İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitində çıxışında bildirib.


“İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur”, - deyən prezident vurğulayıb ki, Ermənistanda islamofobiya pik həddə çatıb: “Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”.

Ermənistanı dəstəkləyən müsəlman ölkələr

Regional və qlobal münaqişələrdə dini məsələlər həmişə əsas rollardan birini oynasa da Ermənistan və Azərbaycan arasında uzun illərdir davam edən Dağlıq Qarabağ münaqişəsində istisna hallar özünü qabarıq şəkildə göstərir. ABŞ, Rusiya. Fransa və digər xristian ölkələri ruhani yanaşma ilə Ermənistanı dəstəklədikləri halda bir sıra müsəlman ölkələri də var ki, onlar da işğalçının tərəfində yer alırlar. Dağlıq Qarabağ münaqişəsində Ermənistanı dəstəkləyən 10 ölkədən üçü müsəlman ölkəsidir. Maraqlıdır ki, xristian-katolik dünyasının mərkəzi Vatikanla yanaşı, islam dininin mərkəzi olduqlarını iddia edən Fələstin, Livan və İran da Azərbaycanla müharibədə işğalçının cəbhəsində yer alan dövlətlərdir. Hər 3 müsəlman-islam ölkəsinin Ermənistana verdiyi dəstəyin tarixi I Qarabağ müharibəsindən başlayır. İrandan fərqli olaraq, Livan və Fələstin rəsmi şəkildə Dağlıq Qarabağın Ermənistan əraziləri olduğunu iddia edərək, BMT və digər beynəlxalq tribunalarda zaman-zaman işğalçı Ermənistana öz dəstəklərini nümayiş etdirirlər. İran isə rəsmi qaydada bu addımı atmasa da istər Qarabağ müharibəsi, istərsə də sabitlik dönəmlərində dəfələrlə Ermənistana hər cür yardımı verərək münaqişədə öz mövqeyini açıqlayıb.

Fələstin - Ermənistan münasibətləri

Ermənistan Fələstinin İsrail ərazilərinə qarşı separatçı iddialarını dəstəkləyən yeganə dövlətlərdən biridir. Üstəgəl, zaman-zaman İsraillə müharibədə ASALA kimi terror təşkilatlılarını HƏMAS-a yardıma göndərən Ermənistan digər yandan da Fələstin ərazilərindən öz terrorçularının təlimləri üçün poliqon kimi istifadə edir. Üstəgəl, zaman-zaman Fələstin parlamentində qondarma erməni soyqırımı məsələsi müzakirəyə çıxarılır. Bu ölkə qondarma soyqırımı tanıyacaq potensial ölkə hesab olunur.

HƏMAS lideri Mahmud Abbasın bir neçə il əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər Fələstinin Ermənistana nə qədər önəm verdiyini göstərir. O, “Böyük Ermənistan” arzusunun olduğunu demişdi: ““Böyük Ermənistan” görmək arzusundayam. İnanıram ki, Ermənistan bu müharibəni qalibiyyətlə bitirib, Azərbaycanı tamamilə ələ keçirəcək”. Fələstinin mərhum lideri Yasir Ərəfat da ermənilərin qondarma iddialarının dəstəkçisi idi: “Ermənilər Qarabağda ədalət müharibəsi aparırlar. Onlar da bizim kimi əzilmiş xalqdır. Biz bu müharibədə ermənilərin yanındayıq”. Əlbəttə, BMT daxilində bir sıra hallarda Fələstinə humanitar yardımlar göndərən Azərbaycana qarşı düşmən münasibəti anlamaq mümkün deyil.

Livan - Ermənistan münasibətləri

Kimə güvənə bilərik?- İşğalçı Ermənistanı dəstəkləyən müsəlman ölkələri - SİYAHI

177 min erməninin yaşadığı Livanı “İkinci Ermənistan dövləti” də adlandırmaq olar. Hələ SSRİ dönəmində ASALA, “DRO” və s. kimi erməni terror təşkilatlarının qurulması üçün baza rolunu oynayan Livan sonrakı illərdə həm Dağlıq Qarabağ münaqişəsi, həm də qondarma erməni soyqırımı məsələlərində ermənilərin əsas dəstəkçiləri, müttəfiqləri arasında yer alır. 2015-ci ildə Livanın rəsmi qaydada Dağlıq Qarabağı “Ermənistan əraziləri” kimi tanıdığını bəyan etməsi də təsadüfi deyildi və bu, Azərbaycanla bu ölkə arasında diplomatik gərginlik yaratmışdı. Üstəgəl, Livan parlamentində 20-yə yaxın erməninin deputat, hökumət dairələrində isə kifayət qədər yüksək postlarda yer almaları da Ermənistan - Livan münasibətlərinin Azərbaycan əleyhinə yönəlməsində təkanverici qüvvədir. Hər halda paytaxt Beyrutun “Kiçik Ermənistan” adlandırılması da Livanın Dağlıq Qarabağ münaqişəsində dayandığı yeri bəlli edir.

İran - Ermənistan münasibətləri

Kimə güvənə bilərik?- İşğalçı Ermənistanı dəstəkləyən müsəlman ölkələri - SİYAHI

Tarixin bütün dönəmlərində Azərbaycanı müstəqil dövlət kimi görmək istəməyən İran münaqişə başlayandan işğalçıya hərbi və maddi yardım göstərib. Halbuki, xarici siyasətdə məzhəbçi və ruhani xətt tutan İranın ən azından “din qardaşlığı” adına Azərbaycanın yanında yer alacağını gözləyənlər də vardı. Başqa bir ehtimalda isə İrandan susqunluq və bitərəf mövqe gözlənilirdi. Amma İran gözləntiləri doğrultmadı və işğalçıya hər cür dəstək verərək, bir daha Azərbaycanın müstəqilliyi ilə barışmaq istəmədiyini nümayiş etdirdi. Qarabağ savaşında İranın Ermənistana verdiyi açıq və gizli dəstək bu gün də müzakirə mövzusudur. Hətta, bir dönəm İranın münaqişənin həllində vasitəçilik missiyasını öz üzərinə götürdüyü vaxt Şuşa şəhərinin erməni-rus birləşmələri tərəfindən işğal edilməsi başqa bir müəmma idi.

İranın Qarabağ probleminə baxışları ziddiyyətlidir. Bir tərəfdən Qarabağın Azərbaycan ərazisi olduğunu bildirdiyi halda, digər yandan məsələyə “Qarabağda yaşayan ermənilərlə Azərbaycan arasında gedən müharibə” donunu geyindirməyə çalışır. Bu baxımdan münaqişəni “Qarabağın daxili məsələsi” kimi təqdim edən İran əslində ermənilərin haqsız iddialarını dəstəkləyən ölkə kimi özünü tanıdıb.

Münaqişəyə dini baxımdan qiymət verməyən İran eyni zamanda, buna etnik qarşıdurma kimi baxıb. Başqa sözlə, İran rəsmi qaydada Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etsə də görünməyən tərəfdən münaqişənin uzanmasına yönəlik siyasət yürüdüb. Problemin həlsiz qalması İran üçün həm Azərbaycanı zəiflətmək, həm də bu ölkəni öz tərəfinə çəkmək vasitəsidir.

Mənsur Rəğbətoğlu
Cebhe.info
Tarix: 13-09-2017, 14:33
Xəbəri paylaş





Xəbər lenti