İki ölkədən kürdlərə ZƏRBƏ: Plan hazırlanır

İki ölkədən kürdlərə ZƏRBƏ: Plan hazırlanır Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 4-də İrana rəsmi səfər edib. Tərəflər arasında aparılan danışıqlarda İraqda və Suriyadakı mövcud vəziyyət müzakirə olunacaq. Lakin sentyabrın 25-də İraq Kürdüstanı Muxtariyyətində keçirilmiş referendumun nəticələri gündəlikdə əsas yer tutur. Siyasi müşahidəçilərin fikrincə, Türkiyə və İran kürd separatizminin qarşısını almaq üçün İraqa hərbi müdaxilə barədə Tehranda yekun qərar qəbul edəcək. Qeyd edək ki, oktyabrın 2-də Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Hulusi Akar İrana rəsmi səfər edib. O, iranlı həmkarı Məhəmmədhüseyn Baqiri və digər rəsmilərlə görüşündə İraqdakı son hadisələrin gedişini müzakirə edib.

Hazırda həm İran, həm də Türkiyə İraqla sərhəddə xeyli sayda ordu cəmləyib. Ancaq İraq ərazisinə hərbi müdaxilənin nə qədər real olduğunu söyləmək çətindir. İraq hökuməti İrandan və Türkiyədən hərbi dəstək istəmək niyyətində olduğunu bəyan etməyib. Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ isə İraqa ordu yeridiləcəyi barədə məlumatların medianın rəyi olduğunu deyib.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun sözlərinə görə, Yaxın və Orta Şərqdə yaranmış yeni geosiyasi vəziyyət Türkiyə ilə İran arasında hərbi müttəfiqliyi zəruri edir. Amma bu birliyin davamlı olacağı inandırıcı görünmür. “Hər siyasi hadisə növbəti siyasi proseslərin dəyişməsinə gətirib çıxarır. Məsələn, 2001-ci ildə Nyu-Yorkda Ümumdünya Ticarət Təşkilatının qüllələrinin partladılması ABŞ-ın Əfqanıstana və İraqa daxil olması ilə nəticələndi. Həmçinin, indi məlum olur ki, son illər İŞİD-in meydana gəlməsi Kürdüstan dövlətinin yardılması layihəsinə xidmət edirmiş. İki ölkədən kürdlərə ZƏRBƏ: Plan hazırlanır

Nəticədə, üç dövlət-Rusiya, İran, Türkiyə böyük bir tələyə düşdü. Hazırda həmin bölgədə müstəqil kürd dövlətinin yaranması İsrailin İrana birbaşa yaxınlaşması, Rusiyanın isə Suriyadakı mövcudluğunun ən azı məhdudlaşdırılması deməkdir. İraq geosiyasi əhəmiyyətinə görə İran üçün çox önəmli bir ərazidir. İraqda şiəliyin dini-ideoloji mərkəzi sayılan Kərbəla və Nəcəf şəhərləri var. İranın kəşfiyyatı əvvəllər PKK-ya dəstək verib. Ancaq indi müstəqil kürd dövlətinin yaranması İranın ərazi bütövlüyü üçün ciddi təhlükə yardır. Bu gün İranın Türkiyə və Rusiya ilə birlikdə hərbi ittifaq yaratması normaldır. Çünki onlar öz dövlətlərinin gələcək strategiyası haqqında düşünür. Bu baxımdan, İranla Türkiyənin hərbi təmaslarının artması anlaşılandır. İran olduqca narahatdır. Tehran rejimi bilir ki, 10-15 ildən sonra eyni ssenari İran ərazisində baş verəcək. Kürdüstan məsələsi yalnız İraq üçün hesablanmayıb. Bu proses növbəti mərhələdə İrana, daha sonra isə Mərkəzi Asiyaya doğru irəliləyəcək. Beynəlxalq münasibətlər sistemi olduqca bərbaddır. Birləşmiş Millətlər Təşkilatının heç bir siyasi gücü yoxdur və yalnız humanitar təşkilat rolunu oynayır. XXI əsr dünya siyasi xəritəsinin yenidən dəyişiləcəyi bir dövrdür. Yeni dövlətlərin yaranacağı, bir sıra ölkələrin isə ərazilərinin genişlənəcəyi gözlənilir. Ona görə də İranın Türkiyədən daha çox səy göstərməsi anlaşılandır. Nəticə etibarilə Türkiyə və İran arasında hərbi əməkdaşlıq qurulacaq, lakin bu birlik uzun müddət davam etməyəcək. Çünki nə Türkiyə, nə İran bir-birinə qarşılıqlı şəkildə güvənmir. Bu da ABŞ, Avropa və İsrailin yeni bir siyasət formalaşdırmasına gətirib çıxaracaq. Hesab edirəm ki, hər iki ölkənin hərbi birliyi çox davam etməyəcək”.

Qərb və İsrail 2023-cü ilə hazrılaşır

Politoloq bildirdi ki, Türkiyənin İraqda cərəyan edən proseslərə hərbi müdaxilə etməsi hazırda real görünmür. Bu suala 2019-cu ildə Türkiyədə keçiriləcək prezident seçkiləri öncəsi daha dəqiq cavab vermək mümkün olacaq:

“Orta Şərqdə, Qara dəniz və Aralıq dənizi coğrafiyasında ən zəngin dövlət Türkiyədir. Türkiyənin hələ istifadə etmədiyi neft, qaz, dəmir və digər mineral sərvətləri var. 2023-cü ildən etibarən həmin sərvətlərin istifadəsi yönündə əngəllər qalxacaq. Qərb və İsrail 2023-cü ilə hazırlıq prosesində Türkiyəni təhdid edir. Kürdüstan məsələsi də bir təhdiddir. Onlar həmin təbii sərvətlərin çıxarılması, istehsalında 50 faiz iştirakçı olmaq istəyir. Əgər Türkiyə buna razılıq verərsə, Kürdüstan məsələsi geriyə atıla bilər, hətta Mosulu və Kərkükü də ala bilər. Yəni burada iqtisadi maraqlar həlledici rol oynayır. 2023-cü ilə nəzərdə tutulmuş müqavilə ləğv olunarsa və Türkiyə öz təbii sərvətlərinin yarıdan çoxunun istismarı və satılmasını Avropa, ABŞ və İsraillə bölüşərsə, təzyiqlər dayana bilər. Pərdəarxası oyunların əsl səbəbi də budur. Türkiyənin beynəlxalq hüquq baxımından İraqa müdaxilə etmək və tarixən Osmanlı İmperiyasına məxsus olmuş əraziləri Ankara müqaviləsinin şərtlərinə uyğun olaraq geri qaytarmaq hüququ var. Lakin görünür, prezident Ərdoğan 2019-cu ilin seçkilərinə qədər həssas davranmaq istəmir. Ola bilsin ki, seçkilər öncəsi gücünü bərpa etmək üçün situasiyadan asılı olaraq İraqa hərbi müdaxilə edə bilər. Ərdoğan üçün ən vacib məsələ 2019-cu ilin prezident seçkiləridir. Ehtiyac yaranarsa, İraqa müdaxilə baş verəcək, zərurət olmasa, dövlətin bütün mexanizmlərini işə salacaq. Çünki 2019-cu il seçkiləri Türkiyəni 2023-cü ilə tam hazır şəkildə çıxaracaq.

Ancaq İran İraqa hərbi müdaxilə edə bilməz. Rəsmi Tehranın belə bir addım atması ABŞ-a və Avropa Birliyinə İraqı tam nəzarətə götürmək imkanı verəcək. Mən inanmıram ki, İran İraqa silahlı qüvvə yeritsin. Ancaq Yəməndə, Fələstində, Livanda, Suriyada İran siyasi yolla öz gücünü göstərmək üçün “Hizbullah”a və “HƏMAS”a dəstəyini artıracaq. İran Suriyada Əsədə dəstəyini gücləndirəcək. Bu, İrana həm də siyasi dividentlər qazanmağa kömək edəcək. İranın hər hansı bir dövlətə müdaxilə etməsi üçün, milli təhlükəsizliyi üçün ciddi təhdid olmalıdır”. Fərrux Məmmədov hesab edir ki, İraqda yaranmış vəziyyət ilk növbədə kürd separatizmi təhlükəsi ilə üzləşmiş dövlətlər arasında həmrəyliyin olmasını tələb edir. Gerçəklikdə isə bu birlik yoxdur. Qarşılıqlı siyasi etimadın olmadığı halda heç bir ölkə digərinə arxalanıb hərbi əməliyyata girməz.

Xatırladaq ki, Türkiyə ilə İran İraqdakı qondarma referenduma münasibətdə hərbi müttəfiqlik münasibətləri qurmaq barədə danışıqlar apardığı bir vaxtda Rusiya ikli mövqe sərgiləyir. Moskva bir tərəfdən, İraqın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etsə də, Rusiyanın Ərbildəki müşavir-konsulu Yevgeni Arjansev kürd xalqının qərarına hörmətlə yanaşdıqlarını deyib. Diplomat bildirib ki, rəsmi Moskva referendumun nəticələrini tanımayan İraq, Türkiyə, İran və Suriyanın rəyini bölüşmür. Arjansev kürd xalqının müstəqillik qərarına hörmət edən Rusiyanın maraqlarının referendumu qanunsuz hesab edən ölkələrin mənafeyindən fərqləndiyini söyləyib.

“Bu proses İran və Rusiyanı parçalayacaq”

Rusiyanın ikili mövqedən çıxış etməsini şərh edən Fərrux Məmmədovun sözlərinə görə, Kürdüstan dövlətinin yaranması sonda İranın və Rusiyanın dağılması ilə nəticələnəcək: “Rusiya həmin bölgədəki problemlərin başında dayanan yeganə dövlətdir. Kreml İraqdakı saxta referendumun nəticələrini dəstəkləməsə, Ukraynadakı DXR, LXR, Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya, Cənubi Osetiya kimi separatçı rejimlərdən imtina etmək məcburiyyətində qalar. Rusiya bir tərəfdən, beynəlxalq münasibətlər sistemini dəstəkləyir, digər tərəfdən öz maraqlarına uyğun siyasət yürüdür.

Ona görə də Türkiyənin və İranın nəinki bir-birinə, hətta Rusiyaya güvənməsi mümkün deyil. XXI əsrdə dünya siyasi xəritəsini dəyişəcək. Bu proses Rusiyanı və İranı parçalayacaq. Hər iki ölkə bunu çox yaxşı bilir. İŞİD-dən sonra Kürdüstan məsələsi necə gündəmə gəldisə, eləcə də İranı və Rusiyanı xaotik bir gələcək gözləyir. Bütün bu oyunlar İranın və Rusiyanın başındadır”.

Türkiyə üçün də təhlükə var

Lakin NATO Əməkdaşlıq İnstitutunun rəhbəri kürd separatizminin Türkiyəni parçalayacağına dair narahatlıqları bölüşmür: “Türkiyənin parçalanma təhlükəsi var. Ancaq bu mümkün deyil. Türkiyədə yaşayan kürdlər belə bu prosesdə iştirak etməyəcək. Avropa və ABŞ-ın Türkiyə üzərində həyata keçirdiyi sınaqdan Türkiyə xalqının üzüağ çıxması onların dövlətçilik ənənəsinə bağlı olması ilə əlaqədır. Başqa dövlətlərdən fərqli olaraq, Türkiyənin min illik dövlətçilik ənənəsi var.

Bu baxımdan, Türkiyənin bölünməsi asan deyil. Daxili siyasi proseslərdə müəyyən satqınçılıq elementləri ola bilər. Amma bu, Türkiyənin ərazi bütövlüyünü sarsıda bilməz. Onu da qeyd edim ki, Türkiyənin bölünməsi ABŞ-ın da maraqlarına cavab vermir. Türkiyənin parçalanması Avropa Birlyinin işğalı, Amerikanın milli təhlükəsizliyinə son qoyulması və Rusiyanın genişlənməsi deməkdir. Türkiyə kimi bir NATO dövlətinin parçalanması ABŞ-ın süqutunun başlanğıcı deməkdir”.

Müşfiq Abdulla
Cebhe.info
Tarix: 4-10-2017, 14:53
Xəbəri paylaş





Xəbər lenti