Türkiyə XİN Bakıya xəyanət edənlərlə bağlı açıqlama vermədi

Türkiyə XİN Bakıya xəyanət edənlərlə bağlı açıqlama vermədi Sentyabrın 22-də Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən və separatçılarla görüşlərini Türkiyə mediasında “bakanlar, millət vəkilləri ilə görüş” kimi qələmə 4 türkiyəli ilə bağlı müəmmalı vəziyyət davam edir.

Axar.az xəbər verir ki, türkiyəli fəallar Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Ərol Qatırçıoğlunun Xankəndinə qanunsuz səfəri səbəbindən Azərbaycan Baş Prokurorluğu cinayət işi açıb və həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.


Müraciətin nəticəsi və araşdırmalarla bağlı Axar.az-ın Türkiyə təmsilçisi qardaş ölkənin Xarici İşlər Nazirliyinə sorğu göndərsə də, aradan 15 gün ötməsinə rəğmən, cavablandırılmayıb. Saytın Türkiyə təmsilçisinin Türkiyə XİN-ə davamlı müraciətlərinə "qısa müddət sonra məlumat veriləcək" deyilsə də, yubadılmaqdadır.

Xatırladaq ki, Azərbaycan və Türkiyə strateji müttəfiqdir və hüquq-mühafizə orqanları arasında yüksək səviyyəli əməkdaşlığı tənzimləyən ikitərəfli müqavilələr mövcuddur.

Qeyd edək ki, 22 sentyabr tarixində Türkiyə Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Ərol Qatırçıoğlu Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz səfər ediblər.

Hadisə ilə bağlı 28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb. Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Ərol Qatırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib.

Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Türkiyə XİN 4 Türkiyə vətəndaşının Xankəndinə qanunsuz səfərinin Türkiyə Cümhuriyyətinin rəsmi mövqeyinə tam zidd olduğu, Türkiyənin Azərbaycanın haqlı mübarizəsini və ərazi bütövlüyünü dəstəklədiyi haqda rəsmi açıqlama verib və Türkiyə vətəndaşlarını Azərbaycanın işğaldakı ərazilərinə qanunsuz səfər etməməyə çağırıb.

Ancaq barələrində Azərbaycan hüquq-mühafizə orqanlarının axtarış elan etdiyi sözügedən şəxslərlə bağlı araşdırmanın aparılıb-aparılmadığı məlum deyil.
Tarix: 14-10-2017, 16:23
Xəbəri paylaş





Xəbər lenti