“Dustaq qatarı” şousu

“Dustaq qatarı” şousu Türmədən məhkəməyə aparılan 2 təhlükəli cinayətkarın qatardan qaçması əhvalatını yəqin bilirsiniz. Hər halda, cürbəcür axmaq şoulara baxmaqdan başı açılanda uca millətimizin bu kimi işlərdən də xəbəri olur. Kimsə əlini harasa qoydu, nə bilim, ayağını cızıqdan qırağa çıxardı - bizim telekanalizasiya, ümumən media məkanı bu saat belə işlərlə məşğuldur. Gülünc arqumentimiz də var: “Sosial sifariş bunadır”. Əlbəttə, yalandır. Eyni zamanda yalan da deyil. Molla Nəsrəddinin “sən də düz deyirsən, o da düz deyir, mən də düz deyirəm” trilemmasındakı kimi.

Bir dostumla görüşmüşdüm, deyir hazırda mənim REAL hərəkatının (ya da partiya - düzü, bunlar da bu partiyaya çevrilmək məsələsini yalan olmasın, Qarabağ danışıqlarına döndərib çox uzatdılar - Z.H.) sədri İlqar Məmmədova böyük ümidlərim vardır. Deyir, nəsə eləsə ancaq o eləyə bilər. Məmmədovun həbsdə saxlanmasından, təbii, xəbəri var. Soruşuram ki, bəs onu azadlığa buraxmasalar, nə fikirləşirsən? Məlul-məlul baxır. Həmişəki kimi, “B” planımız yoxdur (söhbət dustaqların qaçış hadisəsindən qabaq olmuşdu, yoxsa dostuma zarafatla İlqar bəyi qaçırtmağı təklif edərdim). Deyirəm lap hesab elə onu buraxdılar. O da bir gün mitinq elan elədi. Qoşulacaqsanmı? Yaxud Rusiyada gənc müxalif lider Aleksey Navalnı etdiyi kimi, millətdən pul toplayıb aksiyalara, cürbəcür tədbirlərə başlamaq istədi, bunun üçün cüzi də olsa pul ayırmağa hazırsanmı? Məlum olur heç birinə hazır deyil. Yenə də millət həmişəki kimi bir “Rembo”, “Koroğlu”, nə bilim, Məlikməmməd gözləyir ki, gəlib ağzımıza quyruq qoysun, biz də yeyək.

Bax telekanalizasiyalar sosial sifariş deyərkən bu laqeydliyi nəzərdə tutur. Dolayısı ilə. Məşhur bir aforizmi təkrar yazmaqdan yorulmuram: “Şərin qalib gəlməsi üçün yalnız o yetərlidir ki, yaxşı adamlar heç nə eləməsinlər”. Hamıya elə gəlir hansısa problemin ona dəxli yoxdur. Biz tarixən bəla qapımızı şəxsən döyüb içəri girənə qədər bunun ancaq başqalarına aid olduğunu zənn etmişik. Bu zaman isə çox gec olur.

Elə bu türmədən qaçış əhvalatının mahiyyətinə nəzər salaq. Orada cəmiyyətimizdəki korrupsiyanın ciddi rolu olubdur. Yox, dustaqların qarovulçulara rüşvət verib qaçdığını iddia etmirəm, bunu hələ istintaq öyrənməlidir. (Təbii, əgər öyrənəcəksə və həqiqətlər fil qulağında şirin-şirin uyuyan uca millətə çatdırılacaqsa - buna ciddi şübhələrimiz vardır). Axı korrupsiya təkcə kiməsə rüşvət verib qanunsuz hərəkət törətmək deyil. Korrupsiyanın növlərindən biri də yaxın qohumlarını birbaşa öz tabeliyində dövlət qulluğuna götürməkdir. İndiki halda ortaya çıxan fakt belədir: qaçan dustaqları gətirən qarovul dəstəsinin rəisi Penisentiar İdarənin (oxu: Türmə İdarəsi) rəisinin dost-doğma bacısı oğluymuş. Yenə iddia eləmirəm ki, hadisə məhz bacıoğlunun sayıqlığı itirməsi üzündən olubdur. Bəlkə də o, peşəkar adamdır, dayısının rəhbərliyi altında işləməyi də təsadüfdür. Hesab edək, bu orda işləyirmiş, dayısını başçı qoyublar. Guya. Ancaq qanun var axı! Hərçənd, istəsən bizdə qanunun o maddəsinin də mənasızlığını, işlək olmadığını elə o maddənin özündə oxuya bilərsən, çünki ardıyca belə yazıblar: “qanunvericilikdə nəzərdə tutulan digər hallarda yaxın qohumu vəzifəli şəxsin tabeliyində işləyə bilər”. Vəssalam. Get, istəsən dombalaq aş. Digər hallar nə deməkdir? Əlbəttə, digər hallardır.

Sizə bir müşahidəmi də yazım. Mən o dustaqların qaçması ehtimal edilən ərazidə yaşayıram. Hadisə günündən bəri bir yerdə də təhlükəsizlik tədbirlərinin güclənməsi, yaxud hər hansı yoxlamaya, nəzarətə rast gəlmədim. Halbuki adam öldürənlər qaçıb. Sanki hamı, o cümlədən hakimiyyət hadisə ilə barışıblar. Bir az da ölkəmizin vəziyyətinə əsaslanırlar. Burdan hara qaçacaqsan ki? Hara getsən türmədir. Gözləmək lazımdır hardasa başqa biriləri rüşvət alıb qaçanları satsınlar. Sən də get, tut.

Bəlkə bu temada teleyarış düzəltmək olar: kim konvoy qatarından qaçıb əlini birinci maşinistə vursa, ona “it maşını” hədiyyə edilir...

Zamin HACI
Tarix: 25-10-2017, 09:40
Xəbəri paylaş





Xəbər lenti