Bu deputat Cəbrayılın kəndindəki erməni ailələrinin hər birinə 10 min dollar bağışlayıb...-VİDEO


Biz hələ gözləyək... Nə olub ki, cəmi 27-28 il keçib də torpaqlarımızın işğalından...

 


 

Görək Elmar Məmmədyarov dekabrda Milanda erməni həmkarı ilə “en”inci mehriban görüşündən hansı nəticə ilə qayıdır?..

 

Moderator.az-ın ötən illərdə də verdiyi xəbərlərdən məlum olduğu kimi, Ermənistan  və Xankəndindəki separatçı-terrorçu rejim Azərbaycanın işğal altındakı torpaqlarında kiçik də olsa, bir neçə yeni kənd saldırıb. Onlardan biri də Cəbrayıl rayonunun ərazisində Araz çayından 2-3 km məsafədə yerləşən “Araksavan” adlı kənddir. Kəndin əsası 2012-ci ildə qoyulub. Əvvəlcə orada cəmi 8 ailə(29 nəfər ) yaşayıb. Hazırda “Araksavan”da artıq 37 ev tikilib. 50 km-lik işıq, 40 km-lik suvarma xətti çəkilib. Kəndə klinika və dükan da var.

 

Erməni mənbələrindən aldığımız yeni məlumatlara görə, 2014-cü ildə  separatçı rejimin başçısı B.Saakyanla birgə “Araksavan”a  baş çəkən Ermənistan parlamentinin deputatı, “Çiçəklənən Ermənistan” partiyasının lideri, xeyriyyəçi Qaqik Tsarukyan kənddə məskunlaşmış hər bir ailəyə 10 min dollar pul bağışlayıb. Bundan əlavə, deputat  kənd icmasına tikinti işləri üçün  2000 ton sement, bir neçə traktor, İranla “sərhəd”i qoruyan erməni hərbçilərə isə “Niva” avtomobillər hədiyyə edib.  10 min dollar almış  ailələrdən 4-ü pulu alan kimi kənddən köçüb. Lakin digərləri “Araksavan”da qalıb və zəhmətə qatlaşaraq özlərinə təsərrüfat qurublar.

 

Məsələn, “Araksavan”ın “Exeq” adlanan yeni hissəsinin əsasını qoymuş erməni veteran Ayk Avakyanın 3 il öncə 15 inəyi var idisə, bu gün artıq onların sayı 100-dür... Xankəndidəki separatçı-terrorçu rejim A.Avakyana mütəmadi dəstək verir. Ötən il rejim rəhbəri Bako Saakyan ona traktor bağışlayıb. A.Avakyan indiyədək həyətyanı sahəsində 500-dən çox  meyvə ağacı əkib.

 

Aşot Mirzoyan isə  “Araksfrut” adlı “açıq səhmdar cəmiyyət” yaradıb və 2014-cü ildə rejimin dəstəyi ilə  konserv zavodu açaraq ekoloji təmiz  meyvə və meyvə məhsuları istehsalıyla məşğul olur...

 

P.S.  Nə olub ki, cəmi 27-28 il keçib də torpaqlarımızın işğalından... Gözləyək, görək Xarici İşlər naziri Elmar Məmmədyarov dekabrda Milanda erməni həmkarı ilə “en”inci mehriban görüşündən hansı nəticə ilə qayıdır?..

 

Sultan Laçın 

 



Tarix: 5-12-2018, 00:40
Xəbəri paylaş





Xəbər lenti