İlham Əliyevin Paşinyana qoyduğu SON ŞƏRT: Qarabağın uğurlu taleyi və Ermənistanın son çırpıntıları


İlham Əliyevin Paşinyana qoyduğu SON ŞƏRT: Qarabağın uğurlu taleyi və Ermənistanın son çırpıntıları

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ordumuzun Naxçıvan istiqamətində 11000 hektar ərazini azad etməsi Ermənistanda gündəm məsələ kimi qalmaqdadır. Belə ki, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bu məsələ ilə bağlı çıxışlar edir və Azərbaycan prezidentinin açıqlamasını Ermənistan cəmiyyətində daim diqqətə çatdırır.

Bununla yanaşı, Azərbaycanın Qazax və Ağstafa istiqamətindəki səhər xəttində milli ordu yerinə sərhəd qoşunlarını yerləşdirməsi İrəvanı narahat edir. Ermənistanın siyasi və hərbi dairələri ehtimal edir ki, Azərbaycan qoşunlarını Dağlıq Qarabağ bölgəsinə doğru toplayır.

Ermənistanın lokal narahatlığı nədən ibarətdir?

Publika.az-ın məsələ ilə bağlı suallarını siyasi ekspert Tofiq Abbasov cavablandırıb.

- Eduard Şarmazanovun bu məsələ üzərində inadla dayanmasının səbəbi nədir?

- Şarmazanov hakimiyyəti uduzmuş Respublika Partiyasının fəallarından biridir. Doğrudur, Ermənistanda üzdə olan siyasətçidir. Ancaq onun həmfikirləri, o cümlədən, məğlub olmuş respublikaçılar çalışırlar ki, inqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinyanın bütün yollarla, bacardıqları qədər mövqeyini zəiflətsinlər. Paşinyanı gözdən salsınlar. Naxçıvan istiqamətində Azərbaycan ordusunun irəliləməsi isə zərurətdən doğan hərəkətdir. Biz nümayiş etdiririk ki, Azərbaycan ordusu Ermənistanın qeyri-adekvat hərəkətlərinin qarşısını almağa məcburdur və biz buna qadirik. Çünki qarşımızdakı dövlət işğalçıdır və onun davranışları, gedişləri heç bir məntiqə sığmır. Azərbaycan ordusu da bu təhlükənin fərqindədir.

Respublika Partiyası isə bir tərəfdən Nikol Paşinyanın hakimiyyətini zəiflətmək, digər tərəfdən isə Dağlıq Qarabağ münaqişəsinin mümkün həll yollarına gedən istənilən addımların qarşısını almaq istəyir. Ən nəhayət, bu yolla itirilmiş mövqelərini birtəhər bərpa etmək niyyətindədir. Buna görə də Ermənistanda keçmiş hakimiyyət ilə indiki arasında informasiya müharibəsi gedir. Çalışırlar ki, Ermənistan cəmiyyətində Paşinyanla bağlı bütün nikbin fikirlər kölgədə qalsın.

- Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səssizliyini qoruması nə ilə bağlıdır?

- Azərbaycan Ermənistana bu məsələ ilə bağlı möhlət verib. Paşinyanın hazırda əsas bəlası Qarabağ problemi deyil, ölkə daxilində olan rəqib qüvvələrin zərərsizləşdirilməsidir. Ona görə ki, rəqib qüvvələr istənilən məqamda Dağlıq Qarabağ məsələsini gündəmə gətirərək ona zərbə endirməsinlər. Ona görə də çalışırlar ki, tərəflər arasında ola biləcək konsensusu bir qədər zəiflətsinlər. Burada sirr deyil ki, Azərbaycan tərəfi, həqiqətən də, üstün çıxır. Ən azı, biz onların hərbi və iqtisadi potensialından qatbaqat üstün potensiala sahibik. Paşinyanın Qarabağ məsələsi ilə bağlı hələ ki, narahatlığı yoxdur. Çünki prezident İlham Əliyev ona möhlət verib. Ancaq bu möhlətin qarşılığında bir də əsaslı şərt var. Bu şərt də ondan ibarətdir ki, Paşinyan daxili məsələlərini həll etdikdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yekun və konkret mövqeyini əsaslı və aydın şəkildə Azərbaycana bildirməlidir. Bu şərtə əməl edilməsə, Ermənistan bizdən inciməsin. Çünki Prezidentimiz isə bir qayda olaraq, hər zaman öz sözünə əməl edir və erməni siyasiləri liderimizin keyfiyyətlərini çox yaxşı bilirlər.

- Azərbaycanın Qazax və Ağstafa istiqamətindəki səhər xəttində sərhəd qoşunlarını yerləşdirməsi Ermənistanı təşvişə salıb. Belə ki, Azərbaycanın bu addımından sonra Bolqarıstandan Ermənistana helikopterlərlə silah daşınıb. Sizcə, Ermənistan müdafiəsini gücləndirməyi hədəfləyir, yoxsa hər hansı hərbi müdaxiləyə cəhd edəcək?

- Azərbaycanın sözügedən postları milli ordudan alıb sərhəd qoşunlarına verməsi onu göstərir ki, Azərbaycan dövləti öz hüdudlarını etibarlı şəkildə müdafiə edir və özünə əmindir. Bu baxımdan, istər milli ordumuz, istər sərhəd qoşunlarımızın yüksək səviyyədə hazırlığı var. Güclü taktiki gedişlərdən istifadə edərək bütün müasir döyüş və müdafiə qaydalarını həyata keçirməyə qadirdir. Bizim üçün Ermənistanın narahatlığının heç bir əhəmiyyəti yoxdur. Ali Baş Komandan real vəziyyətdən xəbərdar olduğuna görə, rahat şəkildə ordu əvəzləmələri edir. Ermənsitan Azərbaycandan çəkinir, qorxur. Qorxmalıdır da. Çünki Azərbaycanın, doğrudan da imkanları və potensialı yaxşıdır. Ermənistanın narahatlığının bizə dəxli yoxdur. Biz lazım bildiyimiz əməliyyatları həyata keçiririk. Azərbaycan bölgədə öz gücünü nümayiş etdirir. Ermənistan da gərək bu reallıqları nəzərə alaraq hərəkət etsin.

Zümrüd

Tarix: 21-12-2018, 14:04
Xəbəri paylaş





Xəbər lenti