Dövlət büdcəsinə dəymiş zərər məmurlardan alınacaq - RƏSMİ


Dövlət büdcəsinə dəymiş zərər məmurlardan alınacaq - RƏSMİ

2016-2018-ci illər üzrə hərbi səbəblərlə, xüsusilə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunanların sayının nisbətən çoxluğu şübhə doğurduğundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılıb. 

Bununla bağlı yayılan rəsmi məlumata görə, əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq işçi qrupu tərəfindən risk faktorlar üzrə araşdırmaların aparılması, əsassız göndərişlər (forma 88) əsasında aparılan əlillik təyinatlarının aşkar edilərək ləğv olunması işləri davam etdirilir.

Nazirliyin məlumatında bildirilir ki, aidiyyatı qurumlar tərəfindən təqdim edilmiş materialların araşdırılması nəticəsində 36 nəfərin əlillik təyinatının səbəb əlaqəsinin əslindəkindən fərqli olduğu müəyyən edilib. Eyni zamanda, 16 nəfər üzrə əlillik səbəbini təsdiqləyən sənəd hərbi-həkim komissiyalarında olan ilkin sənədlərdə aşkar olunmayıb. 9 nəfərin əlillik səbəbini təsdiq edən sənədin mətni saxtalaşdırılıb.

Göstərilənlərlə əlaqədar əsassız olaraq hərbi səbəblərlə əlaqədar aparılmış əlillik təyinatları ləğv edilib və həmin təyinatlar üzrə artıq ödənilmiş vəsaitin bərpası, eyni zamanda müvafiq şəxslərin əlillik müayinələrinin etibarsız edilməsi, düzgün səbəb əlaqəsi ilə daxil edilməsi işləri aparılır. Eləcə də saxtakarlıq faktlarına hüquqi qiymətin verilməsi məqsədilə materiallar Baş Prokurorluğa təqdim edilib.

Xatırladaq ki, bir müddət öncə də nazirlik əllik dərəcələrinin verilməsi, ölmüş şəxslərin adına pensiya yazılması və bu kimi digər neqativ halların olduğunu bəyan etmişdi. Bundan əlavə, Hesablama Palatası 2016-2017-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsi üzrə gəlir və xərclərin icrasına dair auditi zamanı ölmüş şəxslərin adına pensiya yazılması üzə çıxmışdı.

“Əlilliyə görə əmək pensiyası təyin edilmiş 285 nəfər pensiyaçının pensiya təyin olunduqdan sonra və ya həmin dövrdə işlədiyi halda onlara pensiyanın sığorta hissəsi olmaqla artıq pensiya məbləğinin ödənildiyi, İdarə tərəfindən təqdim edilmiş aktiv əmək pensiyası alanların adlı siyahısının 22 iş üzrə pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesablarının bağlanılmadığı, Fondun 36 rayon (şəhər) şöbəsi üzrə 63 nəfərin müavinət almaq hüququnun olmamasına və ya həmin hüququn qanunvericiliklə müəyyən edilmiş hallarda və müddətlərdə bitməsinə baxmayaraq onlara ödənişlərin davam etdirildiyi, bu nöqsanlar nəticəsində də artıq sosial müavinət ödənişinə yol verildiyi aşkar edilib”, - deyə Hesablama Palatasının apardığı auditin nəticəsinə dair hesabatda bildirilirdi.

Amma bütün bu nöqsanlar üzə çıxarıldıqdan sonra dövlət büdcəsinə vurduğu zərərin geri qayatarılması və ya günahkarların cəzalandırılması haqqında məlumat yoxdur. Maraqlıdır, bu dəfə necə olacaq? Dövlət büdcəsinə dəymiş zərər kimin hesabına və hansı mexanizmlə ödəniləcək? 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı Cebhe.info-ya açıqlamasında dövlət büdcəsinə dəymiş zərərin bu işdə xətaya yol verən vəzifəli şəxslərdən alınacağını deyib: 

“Dövlət büdcəsinə dəyən ziyan bu xətaya yol verən, bu işə səbəb olan vəzifəli şəxslərdən alınaraq geri qaytarılacaq. Hazırda bu iş üzərində hüquq-mühafiə orqanları işləyir. Hüquq-mühafizə orqanlarının araşdıması nəticəsində məhkəmə qərarı çıxarılacaq. Prosesin sonrakı gedişi məhz həmin məhkəmə qərarları ilə müəyyən olunacaq”.//Cebhe.info//


Tarix: 7-03-2019, 16:40
Xəbəri paylaş





Xəbər lenti