Ölkə səhiyyəsi II Qarabağ Savaşına hazırdırmı?- Aprel dərsləri və şərdə xeyir axtarışı...





Prezident İlham Əliyevin son 1 ayda imzaladığı və inqilabi mahiyyət daşıyan sosial xarakterli fərman və sərəncamları məmləkət əhlinin üzünü güldürüb və vətəndaşın dövlətinə inamı, məmnunluğu birə beş artıb. Xüsusən də tezliklə səhiyyədə də radikal islahatlara start veriləcəyi, ilk növbədə gələn ildən illərdi həlli müşkülə dönmüş, haqlı olaraq çoxlarının “Qordi düyünü” adlandırdığı icbari tibbi sığortanın tətbiq ediləcəyi barədə dövlət başçısının verdiyi anons-müjdə cəmiyyətdə inanılmaz nikbin ovqata səbəb olub. Bu da təbiidir, nahaq yerə “sağlam bədəndə sağlam ruh olar” deyilməyib ki. İnsan sağlamlığı hər şeydən öndə gəlir və açıqca etiraf edilməlidir ki, səhiyyə sahəsində ölkədəki mövcud durum nəinki ürək açan deyil, hətta mübaliğəsiz demək olar ki, acınacaqlıdır. 
Əlbəttə, paytaxtda və əyalətlərdə çoxsaylı müalicə-diaqnostika mərkəzlərinin tikilməsi, tibb ocaqlarının yenidən qurulması və hər cür avadanlıqlarla təchiz edilməsini də xatırlatmamaq insafsızlıq olardı. 
Amma etiraf edilməlidir ki, bəlli səbəblərdən ölkənin bütün səhiyyə müəssisələrində tibbi personal müraciət edən vətəndaşa müştəri kimi baxır və ağ xalatlıları pasiyentin sağlamlığı yox, cibində nə qədər pul olması maraqlandırır. Elə vətəndaşımızın İrana, Türkiyəyə və Gürcsütana üz tutaraq müayinə və müalicələrini sərhədlərimizin o tayındakı ağ xalatlılara etibar etməsi də günümüzün acı və hamı tərəfindən qəbul olunan reallığıdır. Bir sözlə, dövlət və özəl klinikalarımızdakı müasir tibbi avadanlıqlar və komfort şərait heç də vətəndaşı məmnun etmir, çünki məmləkət insanı öz canını tərəddüd etmədən etibar edə biləcəyi həkim sarıdan ölkədə nəzərəçarpacaq defisit yaşanır.
Amma xoşbəxtlikdən dünya və Azərbaycan səhiyyəsi yaxşılardan da xali deyil və məhz bu səbəbdən də ölkə əhalisinin əhəmiyyətli hissəsi xaricə üz tutmağa tələsmir, hələ də Hippokrat andına sadiq qalan məhdud sayda tibbi personalımıza etibar edir. Bu baxımdan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı da cəmiyyətdə ciddi nüfuza və etibara sahib olub. 
Yeri gəlmişkən, MN Tibb İdarəsinin tabeçiliyində olan mərkəzi və regional tibb ocaqları, səhra hospitallarınadək 2016-cı ilin aprel döyüşləri zamanı sınaqdan üzü ağ çıxdı. Xatırladaq ki, həmin hadisələr zamanı çatdırılan yaralıların 98 faizini həyata qaytarmaq mümkün oldu və yalnız ağır bir neçə yaralımız dünyasını dəyişdi. 

Bir məqamı yada salmaq lazımdır ki, müharibə aparan bir çox ölkələrin də təcrübəsində təkcə döyüş meydanlarında deyil, həm də qospitallarda verilən mücadilə tarixin parlaq səhifələrinə düşüb. Bu gün İran təbabətinin cəlbedici olması və azərbaycanlıların da etibarını qazanmasının ən əsas səbəbi də acı müharibə təcrübəsindən qaynaqlanır. Belə ki, 80-ci illərin sonlarında İran-İraq müharibəsi zamanı məhz qospitalların, tibbi personalın çatızmazlığı üzündən hər gün yüzlərlə yaralının tələf olması yeni İran rəhbərliyini məcbur etmişdi ki, amnistiya elan edilsin və İslam İnqilabını qəbul etmədiyinə görə mühacirətə gedən on minlərlə həkimlərin vətənə dönüşünü təmin etsinlər. Məhz həmin həkimlər ordusu Vətənə dönərək yüz minlərlə, milyonlarla yaralını ölümün pəncəsindən xilas etməyə müvəffəq oldu. 
Eləcə də PKK ilə savaşda 30 min şəhid verən qardaş Türkiyədə də ötən 30 ildə yüz minlərlə yaralı əli şəfalı ağ xalatlıların fədakar əməyi sayəsində ölümə meydan oxuya bildi. Bir sözlə, müharibələr xalqlara, dövlətlərə fəlakətlər və məhrumiyyətlər gətirsə də real şəraiti qiymətləndirmək və böhranlı vəziyyətlərdə çaşqınlıq etmədən insanları ölümün pəncəsindən xilas etmək məsələsində vazkeçilməz fürsətdir. Bu baxımdan əminliklə iddia etmək olar ki, Azərbaycan Silahlı Qüvvələrinin tibbi personalının da öyünməyə tam haqqı var. Onlar ötən dövr ərzində təkcə minlərlə hərbçimizə həyat verməyiblər, on minlərlə mülki əhalinin də son ümidgahı, tərəddüd etmədən üz tutduqları tibb ocağı olub. Bu gün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının giriş qapılarında bir neçə saatlıq müşahidə aparmaq kifayət edər ki, iddialarımız tamamilə təsdiqini tapmış olsun.
Cəmisi bir aydan sonra Şanlı Aprel döyüşlərinin 3-cü ildönümünü qeyd edəcəyik. Sülh danışıqlarının nəticə verməyəcəyi və hərbi əməliyyatların qaçılmaz olduğunu hər kəs anlayır. Bu baxımdan təkcə hərbi texnika və müasir döyüş maşınları məkrli düşmənlə savaşda həlledici rol oynamayacaq. Eyni zamanda minlərlə, on minlərlə yaralımızın vaxtında səhra və regional hospitallara çatdırlması, onlara təxirəsalınmaz tibbi yardımların göstərilməsindən də müharibənin taleyi xeyli dərəcədə asılı olacaq. Bu baxımdan əminliklə vurğulamaq olar ki, təkcə ordumuzun ön cəbhəsindəki qüvvələrimiz deyil, arxa cəbhə də savaşa tam hazırdır və Ali Baş Komandanın əmrini gözləyir. 
İnşallah torpaqlarımızı yağı düşməndən təmizləyəcəyimiz gün uzaqda deyil və əminliklə söyləmək olar ki, müharibənin dərsləri bütövlükdə ölkə səhiyyəsinin də inkişafına təkan verəcək, insanlarımız xarici ölkələrə deyil, öz tibb müəssisələrimizə üz tutacaqlar. Heç şübhəsiz, bu zaman yenə də tərəddüd etmədən müraciət ediləcək ünvanlardan biri də hərbi həkimlərimiz və hərbi təyinatlı tibb ocaqlarımız olacaq. Çünki yuxarıda da qeyd edildiyi kimi, onlar dünyanın ünlü klinikalarında təcrübə siçanları və ya dovşanları üzərində deyil, yaralılarımızın üzərində imtahan verərək püxtələşmiş olacaqlar. Bu çox önəmlidir və ölkə səhiyyəsinin etibarlı əllərdə olması da dövlətin gücünün və təhlükəsizliyinin vacib elementidir. İnşallah Azərbaycanımızı, onun vətəndaşlarını uğurlu və sağlam sabahlar gözləyir. 
Tarix: 7-03-2019, 21:58
Xəbəri paylaş





Xəbər lenti