“Kimsə Prezidenti aldadıb, ya Prezident özü bizi aldatmağa cəhd edib?..”


“Xocalıdan yaralıları vertolyotlarla köçürməyə məsul Şahin Musayev və Tofiq Kərimov olub...”
“Təhlükəsizlik  Şurası inanırmış ki,  Xocalı şəhərində əhalinin qalması ermənilərin işğalının qarşısını ala bilər...”



Xocalı faciəsindən düz 8 il öncə, yəni 1984-cü ildə, el dilində desək, hələ “dünyanın guya düz vaxtında” ermənilər tərəfindən Azərbaycanın bir kəndi tamamilə yer üzündən silinib. Həmin kəndin adını yalnız  ömrünün yetkin illərini Dağlıq Qarabağ və ya Ağdam rayonunda yaşamış azərbaycanlılar bilər... 

 

Moderator.az əməkdaşı həmin kəndin adına Xocalı soyqırımıyla bağlı 26 il öncə yazılmış rəsmi bir sənəddə rast gəlib. Məhz bu diqqətəlayiq fakt bizi həmin sənədi bütövlükdə oxucularımızın müzakirəsinə buraxmaq qərarına gəlməyə vadar etdi. Söhbət   1993-cü il fevralında  Milli Məclisin iclasında qəbul ounmuş “Azərbaycan Respublikası Milli Məclisinin Dağlıq Qarabağda, o cümlədən Xocalıda törədilmiş soyqırımı hadisələrini aydınlaşdıran deputat- istintaq komissiyasının RƏYİ”ndən gedir. Hələlik sənəd müəlliflərinin, komissiya üzvlərinin adlarını çəkməyəcəyik. Təbii ki, bilənlər biləcək. Ancaq ümumi oxucu kütləsi kimisə təbliğ etmək məqsədi güddüyümüzü düşünməsin deyə, həmin adları sonda açıqlayacağıq. Deyə bilmərik ki,  DEPUTAT-İSTİNTAQ KOMİSSİYASININ RƏYİndə Xocalı və 1988-1992-ci illərdə Qarabağda və  ümumiyyətlə, Azərbaycanda yaşanmış ictimai-siyasi və hərbi olaylar tam obyektiv əks etdirilib.  Lakin 26 il əvvəl  neçə-neçə insanın zəhməti sayəsində qəbul olunmuş və  bəhs edilən faciələr barədə ilk rəsmi sənədlərdən olan həmin sənədi yenidən ictimaiyyətin müzakirəsinə çıxarmaq hələ də bir sıra məqamları qaranlıq qalan Dağlıq Qarabağ hadisələrinin və xüsusən, bu günlərdə növbəti 27-ci ildönümünü yaşayacağımız Xocalı faciəsinin bəzi gizlinlərinin üzə çıxmasına səbəb ola bilər. Bu sənəd son iki onillikdə, demək olar ki, qəzet və saytlarda dərc edilməyib, ictimailəşdirilməyib. Mümkündür ki, 25-26 il öncə sözügedən rəylə tanış olmuş adamlar, o cümlədən tanınmış siyasət nümayəndələri, ziyalı,  hərbçi və qazilər, hətta sənəd müəlliflərinin özləri belə, bu gün həmin sənədi yenidən nəzərdən keçirdikdən sonra hansısa fakt, olay, məqam, proses barədə tamamilə fərqli şərhlər versin. Öncədən bildirək ki, oxucuların, həmçinin materialda adları çəkilən şəxslərin, o dövr olaylarının şahidi olmuş hər bir kəsin fikir və mülahizələrini də  təqdim etməyə hazırıq.

Beləliklə, sözügedən materialı müzakirənizə təqdim edirik:

 

 (Əvvəli bu linkdə: http://www.moderator.az/news/261545.html)


Şahin Musayev:  "Respublika rəhbərliyi Xocalı əhalisini köçürməyə razılıq vermədi...”


 “...Bizim üçün ən  əhəmiyyətli fakt 21.02.92-ci il tarixli protokoldadır, daha doğrusu, Təhlükəsizlik Şurasının ertəsi günkü, növbəti iclasındadır. İclasın gündəliyində qeyd olunub: "Xocalı şəhərinin müdafiəsini təmin etmək tədbirləri barədə". 


Diqqətinizə bir daha çatdırırıq - MÜDAFİƏNİ  TƏMİN ETMƏK TƏDBİRLƏRİ BARƏDƏ!


Konkret olaraq necə?  

3-cü bənd: 

"Xocalı  şəhərindən yaralıları, vertolyotlardan istifadə etməklə, köçürməyi təmin etməli. Məsul 

şəxslər: Ş. Musayev, T. Kərimov". 


Fikir verirsinizmi - YARALILARI. Yalnız yaralıları! 


Qeyd etdiyimiz anadək Xocalının bu gün-sabah işğal olunacağı barədə xeyli operativ və agentura 

məlumatları mövcud idi. Həm də bölgədə hadisələrin inkişafının məntiqi özü də bu barədə heç bir şübhə  yeri qoymurdu. Amma Təhlükəsizlik  Şurasında qərar çıxardırlar ki, Xocalıdan yalnız yaralılar  köçürülsün. Niyə?  


Şahin Musayev "Azadlıq" qəzetinə verdiyi müsahibəsində deyir: "Respublikanın rəhbərliyi Xocalı əhalisini köçürməyə razılıq vermədi. O məqsədlə ki, ermənilər şəhəri işğal edə bilməsinlər". 


Sizin qarşınızda etiraf etməliyik ki, biz inanmadıq  Şahin Musayevin dediklərinə. Belə  qənaətə gəldik ki, yəqin o, respublikanın keçmiş rəhbərliyinin arxasında gizlətmək istəyir öz günahlarını. Lakin  bu protokol bizi fikrimizi dəyişməyə vadar elədi. Protokolun 3-cü bəndi Ş. Musayevin dediklərini təsdiq  eləyir. Buradan da belə bir ehtimal yaranır ki, Milli Təhlükəsizlik  Şurası belə ciddiyyətlə inanırmış ki, 

Xocalı şəhərində əhalinin qalması ermənilərin işğalının qarşısını ala bilər. Buna ayrı qiymət vermək heç 

cür mümkün deyil. Və  əgər belədirsə, onda ilk növbədə Xocalı faciəsindən qabaq, bir ay ərzində, 

verdiyimiz ərazi itkilərinin sırf xronologiyasını birər-birər yada salaq: 


21.01.92. Qeybalı kəndi. 

12.02.92. Asağı Quşçular. 

12.02.92. Malıbəyli. 

12.02.92. Yuxarı Quşçular. 

17.02.92. Qaradağlı. 


Bu qeyd olunan yaşayış  məntəqələrində  əhalinin olub-olmaması ermənilərin qarşısını ala  bilmişdimi? Məgər onlar, ermənilər deyildilərmi o yerlərdə bizim adamları qovan və qıran?  Doğrudur. Xocalı kənd, oba deyil, şəhərdir, amma, doğrudanmı prezident də, Təhlükəsizlik Şurası da belə hesab edirmiş ki, düşmən şəhər əhalisini qırmağa cürət eləməz? Bir də axı necə BELƏ GÜMAN  ELƏMƏK OLAR - özü də müharibə şəraitində, ali dövlət səviyyəsində?! Özü də, xatırladırıq Sizə, ondan düz üç gün əvvəl, fevralın 18-də Milli Təhlükəsizlik Nazirliyinin məlumatı qoyulmuşdu Prezidentin 

masasının üzərinə; orada açıq-aşkar məlumat verilirdi ki, ermənilər  Şuşanı  işğal etmək üçün plan  hazırlayırlar. Onların artıq Şuşa barədə, Xocalıya nisbətən daha geniş planları mövcud idi. 

Əlbəttə, aydın məsələdir ki, bu epizoda son nöqtəni istintaq orqanları qoyacaq, biz isə  hələlik 

faktlara və məntiqə istinad edə bilərik. Və yenə "məntiqi işə salaraq" etiraf etməliyik ki, madam yaralıları 

VERTOLYOTLARLA köçürmək qərara alınmışdı, Təhlükəsizlik Şurasının həmin iclasında iştirak edən 

Ş. Musayev buna ETİRAZ ETMƏMİŞDİ və hətta T. Kərimovla bu tapşırığı yerinə yetirməyə məsul şəxs 

kimi təhkim olunmuşdu, onda biz daha yeni bir sübut-dəlillə qarşılaşırıq: VERTOLYOTLAR 

VARMIŞ!!! 

Amma uçmayıblar. Hətta yaralıları  gətirmək üçün də! Sürücüləri, istilik-nişanalma raketlərinin 

hücumlarmı  dəf etmək üçün vertolyotlar lazımi hərbi texnika ilə  təchiz olunmadığına görə uçmaqdan 

imtina ediblər. 

Bizə hələlik qaranlıqdır; kimsə Prezidenti aldadıb, ya Prezident özü bizi aldatmağa cəhd edib.

Lakin jurnalist Çingiz Mustafayev fevralın 29-da Naxçıvanik kəndi yaxınlığında çəkdiyi( bu barədə sonra ətraflı söhbət açacağıq) və bizim üçün qoyub getdiyi qiməti-bərabəri olmayan kinokadrlarda bizim iki vertolyotun(rusca deməliyik: “otstrel kasset”) hərkətindən görünür ki, bu da istilik nişanalma raketlərindən müdafiə vasitəsidir...

Beləliklə,  kim nə deyir-desin, fakt fakt olaraq qalır: Xocalıya heç bir kömək olmayıb və 1992-ci il fevralın 25-dən 26-na  keçən gecə Azərbaycan xalqına qarşı nankor daşnak qonşularımız tərəfindən bütün tarix boyu  görünməmiş qəddarlıq, vəhşilik  törədilib...


(Davamı var) 


Təqdim etdi: Sultan Laçın 

Tarix: 7-03-2019, 22:03
Xəbəri paylaş





Xəbər lenti