Sarı paltolu kişiyə ümid...


Deyir, adamı geyiminə görə qarşılayarlar, ağlına görə yola salarlar. Bunu müdrik kişilərdən biri deyib, çox haqlıdır. Amma bəzən istisnalar da olur, adamı başqa gözləntilərlə qarşılayırlar, gözlədiklərini görmür, suya-buza dönürlər.

Məsələn, o gün jurnalistlər sabiq səhiyyə naziri Əli İnsanovu türmənin qabağında ad-sanına görə qarşıladılar, geyiminə və ağlına görə yola saldılar.

Artıq neçə gündür, bu söhbət, türkün sözü, sonuna varmır.

Ancaq maraqlı detallar da oldu. İki daşın arasında jurnalistlər və onların informatorları sabiq nazirin geydiyi palto-papaq-şərfin markasını, qiymətini haradan dəqiqliyi ilə öyrəndilər, bu Novruz tonqalına and olsun, mat qalınası işdir. Sonra da deyirlər, ay “Mossad” belə işləyir, Mİ-6 elə çalışır... Bizim jurnalistlər də bir şeylər bacarırmışlar. Maşallah.

Çoxumuz “Valentino” brendini bəlkə də TV reklamlarından bilirdik, amma ağlımıza gəlməzdi ki, İnsanov bu brendin 3100 dollarlıq sarı paltosunda çıxacaq, hələ bu paltonu 350 dollarlıq “Lardini” şərfi və ya 253 (rəqəmdə dəqiqliyə fikir verin) dollarlıq “Rokford” kepkası müşayiət edəcək. Nə əcəbsə sabiq dustağın ayaqqabısı yaddan çıxıb. Əl-əlbət, onların da 3-5 yüz dollarlıq qiyməti olub. İnsanov “Sədərək”də satılan 30 manatlıq Çin (satıcılar bəzən alıcıları çaşdırıb tovlamaq üçün “Pekin malıdır” deyirlər) ayaqqabısında çıxmayacaqdı ki...

Təbii ki, içəridən daha sadə, gözə çarpmayan libasda çıxmaq da olardı. Məsələn, 300 manatlıq paltoda, 50 manatlıq kepkada (ya da kepkasız), 65 manatlıq şərfdə.

Elə olsaydı, onda sabiq nazirin geyim-kecimi çox gözə çarpmazdı. Əksinə, jurnalistlərlə ilk canlı təmasında verdiyi mesajlar barədə söhbət daha geniş diqqət görərdi.

Hərçənd o xüsusda da polemika davam edir. İnsanov “oğru qanunları”na hörmətini izhar edib və hazırda bu, onun ağlının, düşüncəsinin məhsulu kimi təqdim olunur.

Əslində sabiq məhkumun məhbəsdən bahalı geyimdə çıxması və o cür sözlər danışması bir çox ictimai fəalların beynində ciddi təbəddülatlara səbəb olub (“təbəddülat” pis söz deyil, “dəyişiklik” deməkdir, savadlı görünmək üçün elə yazıram).

İndi onların bəziləri fikirləşirlər ki, nəhayət, əsl Əli gəlib çıxıb, onu dəstəkləmək lazımdır. “Əsl Əli” deyərkən, fəallar Əli Kərimlinin və ya Əli Əliyevin liderliyinə şübhə ifadə etmirlər, sadəcə, bir var, kasıb Əlini dəstəkləsinlər, bir də var, içəridən 3100 dollarlıq paltoda çıxan varlı-hallı Əlini.

Dünən biri sosial şəbəkədə yazıb ki, “müxalifət gəlib mənə qoşulsun” deyən İnsanova qoşulmaq fikrindədir. Düzdür, bunu yazanın bir az itoynadanlığı var, amma əmin ola bilərsiniz ki, hazırda mütərəddid (bu söz də “təbəddülat”ın xanəsindəndir) durumda olan bir xeyli köhnə və yeni fəal bu cür düşünür.

Görərsiniz, “Valentino”nun ətəyinə qısılmaq, “Rokford”un altında bulunmaq istəyənlər çox olacaq. Çünki artıq “kasıb müxalifətçilik” erası bitib. Dünyanın hər yerində siyasətlə pullu adamlar məşğul olur. Adicə divara kağız, şəkil yapışdıranlara, şüar qışqıranlara, mediada və ictimaiyyət arasında təbliğat aparanlara bir ətək pul verirlər. Bizdə isə bu işləri uzun illərdir ki, gənc fəallar müftə-müsəlləm gördürürlər (hərçənd onlara da yağlı vədlər verilir). Nəhayət, bizdə də siyasətlə pullu adamlar məşğul olsalar və hər seçkidə ortaya 10-15 milyon pul qoysalar, gənc fəallar da bir şey qazanarlar, “Valentino”dan olmasa da, heç olmasa, “Binə”dən geyinərlər.

Amma ola bilər ki, sabiq nazir bir müddətdən sonra görəcək ki, 39-42-ci paralellərdə siyasətlə məşğul olmaq maraqlı, perspektivli, eləcə də hörmətli peşə deyil, çəkiləcək öz inzivasına, guşənişin olacaq. Bax, onda sarı paltonun ardınca gedənlər umsuq durumda qalacaqlar.

Bu ölkədə artıq çoxdan xilaskar “ağ atlı oğlan”a ümid bəsləyən olmasa da, hərdən okeann o tayından gələcək narıncı qalstuklu kişiyə, bəzən də “milli Saakaşvili”yə güvənənlər olub. Sarı paltolu kişiyə hazırkı pərəstiş də o cümlədəndir.

Görək, nə olur, necə olur. Hər halda, maraqlı olacaq...

P.S. Bu heynədə qonşu otaqdan “Ömür keçdi, gün keçdi” mahnısının sədaları gəlir və müəllif nəyin maraqlı olacağı barədə fikrini tamamlaya bilmir.

Samir SARI
Tarix: 20-03-2019, 08:28
Xəbəri paylaş





Xəbər lenti